Gənclərin hərtərəfli inkişafı Azərbaycanın sosial-iqtisadi tərəqqisinin prioritetidir
Ötən 2023-cü il Azərbaycanın və türk dünyasının tarixində çox əlamətdar oldu. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bir vaxta düşdü. 2023-cü il Azərbaycanın suverenliyinin tam bərpası ili kimi tarixə yazıldı. Yaşadığımız dövrün Azərbaycanın tarixində intibah illəri kimi qalacağını əminliklə söyləmək olar. Qazanılmış qələbələr təkcə hərb meydanında deyil, ictimai həyatın bütün sahələrində əldə olunmuşdur. Qlobal miqyaslı problemlərin kəskinləşməsinə baxmayaraq, nailiyyətlərimiz yüksək və unikaldır. Sosial həyatda tərəqqimiz göz qabağındadır. Fəxr edirik ki, Azərbaycan özünü, sözün həqiqi mənasında, dünyada təsdiqləmişdir.
Milli iqtisadiyyatın dayanıqlı inkişafı, o cümlədən gənclər siyasətinin həyata keçirilməsi sayəsində əldə edilən nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin ideyaları durur. Ölkəmizin bugünkü nüfuzu, iqtisadi qüdrəti, heç şübhəsiz, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Həmin ideyaların ölkə başçısı tərəfindən XXI əsrin çağırışlarına uyğun yaradıcılıq və uzaqgörənliklə, gəncliyin intellektual potensialına arxalanmaqla reallaşdırması günümüzün reallığıdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə, onların hərtərəfli inkişafına və cəmiyyət həyatında fəal rol oynamasına xüsusi diqqət yetirmişdir. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin 9 aprel 2002-ci il tarixində imzaladığı “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edərək, bu sahədə yaranan münasibətlərin tənzimlənməsində həlledici rol oynamışdır.
Müasir dünyada ölkənin inkişafı onun iqtisadi təhlükəsizliyinin təmin edilməsi ilə bilavasitə bağlıdır. Son illər beynəlxalq konyunkturun əlverişsiz olması faktdır. Bununla belə, ölkəmizin strateji valyuta ehtiyatları artmaqda davam etmiş və ÜDM-in həcmini üstələmişdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının reallaşması xronologiyası problemlərin həllində qətiyyətin, elmin və təcrübənin vəhdətinin nadir nümunəsidir. Həmin strategiyanın həyata keçirilməsində gənclərin yaradıcı enerjisindən, onların innovasiyalara açıqlığından, əqli və fiziki potensialından səmərəli şəkildə istifadə olunmuşdur.
Müstəqilliyin bərpasından sonra iqtisadi dirçəlişin lokomotivi olan, 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” xaricdən və daxildən təzyiqlərin artması şəraitində hazırlanmışdır. Azərbaycanın olduqca çətin iqtisadi və sosial vəziyyətdə olduğu həmin illərdə Ulu Öndərin “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” kimi əbədiyaşar ifadəsi vətəndaşlarımızı, xüsusilə gəncləri səfərbər etmişdir.
Heydər Əliyev deyirdi: “Heç bir ölkə, ən böyük ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”. Bu müdrik kəlam ölkəmizin dünya təsərrüfatına inteqrasiyasının konseptual əsasında durmaqla, beynəlxalq əməkdaşlığın inkişafında, gənclərin imkanlarının reallaşdırılmasında çox mühüm rol oynamışdır.
Hazırda enerji marşrutlarının şaxələndirilməsi ideyasını reallaşdıran Azərbaycan günbəgün əhəmiyyəti artan qlobal enerji mərkəzinə çevrilir. Növbəti addımlar “Şahdəniz” qaz yatağı üzrə saziş, Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəməri və Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycanın inkişafının genişlənən miqyasını dünyaya göstərdi. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi sayəsində “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə əlaqədar Sazişin müddətinin 2050-ci ilədək uzadılması böyük tarixi hadisə oldu. Artıq həmin müqavilə “İki əsrin müqaviləsi” olmaqla, gənclərimiz üçün böyük məsuliyyət və sarsılmaz nikbinlik mənbəyidir.
Ulu Öndərin milli iqtisadiyyatın dayanıqlı inkişafında əsas olaraq müəyyən etdiyi istiqamətlər, o cümlədən gənclər siyasətinin prioritetləri həyatımızın bütün sahələrini əhatə etmişdir. Həlledici addımlar kimi, Azərbaycanın karbohidrogen ehtiyatlarının iqtisadi dövriyyəyə çıxarılması sayəsində maliyyə dayanıqlığına nail olunması, ötən əsrin 90-cı illərində ölkənin düşdüyü kəskin problemləri həll etməklə iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi, sivil və dayanıqlı bazar münasibətləri qurmaq üçün hərtərəfli əsaslandırılmış islahatların həyata keçirilməsi, innovasiyalı yanaşmalar hesabına dayanıqlı inkişaf üçün möhkəm zəminin yaradılması qeyd olunmalıdır.
Bu gün gənclərin kənd yerlərində fəallığı tarazlı regional inkişafda və milli ərzaq təhlükəsizliyinin təminatında artan rola malikdir.
İnformasiya cəmiyyəti sivilizasiyanın yeni mərhələsi, postsənaye cəmiyyətinin konsepsiyasıdır. Bu cəmiyyətin konsepsiyasının uğuru onu dəstəkləyən maraqlı tərəflərin, xüsusilə gənclərin bütün təbəqələrini əhatə etməsindən asılıdır.
İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan, perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli Sərəncamı gənclərin idarəetmədə fəal iştirakını təmin etməkdədir.
Vətən müharibəsində qələbə nəinki son 30 ilin, ümumilikdə son yüzillklərin ən möhtəşəm hadisəsidir. Ölkə başçısı İlham Əliyev demişdir: “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq”. Bu gün gənclər azad edilmiş ərazilərin bərpası və inkişafında innovasiyaların tətbiqində aparıcı qüvvədir. Onlar Qarabağ və Şərqi Zəngəzurda yüksək yaradıcı fəallıq göstərir, ağıllı yaşayış məntəqələrinin yaradılmasında yaxından iştirak edirlər.
İqtisadi inkişafın tempi onun elmi təminatı və kadr hazırlığı səviyyəsi ilə bilavasitə əlaqədardır. Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universitetinin aparıcı rolu getdikcə mühüm əhəmiyyət kəsb edir. Həmin uğurlarda gənclərin artan rolu göz qabağındadır. Əlbəttə, bu istiqamətdə işlər davam etdirilməlidir. Ulu Öndər deyirdi: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”.
Ölkəmiz yeni strateji mərhələyə daxil olur. Dayanıqlı və dinamik inkişafımızın, insana xidmət edən yeniliklər bazasında daha da sürətləndiriləcəyinə inam obyektiv reallığa, dövlətimizin gənclər siyasətinin uğurlarına əsaslanır. Qələbəmizin təntənəsinə xalqın verdiyi səs və sarsılmaz inam belə deməyə tam əsas verir ki, gəncliyin intellektual potensialı və yaradıcı enerjisi sayəsində Azərbaycanın iqtisadi qüdrəti daha da artacaq, yüksək rifah cəmiyyətinin formalaşması daha sürətlə baş verəcəkdir.
Rəsul Balayev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi informatika
kafedrasının professoru, i.e.d