Rəqabət dayanıqlı inkişafın mühüm amili kimi
İqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında yüksək rəqabətqabiliyyətliliyə malik olmaq mühüm əhəmiyyət kəsb edir. Çünki rəqabətqabiliyyətlilik iqtisadi səmərəliliyin qiymətləndirilməsinin əsas xüsusiyyətlərindən biri olmaqla, iqtisadiyyatın beynəlxalq inteqrasiyasının əsas göstəricilərindən və bir ölkənin dünya ölkələri içərisində gücünü müəyyən edən əsas meyarlardan hesab olunur.
Əlamətdardır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin 23 yanvar tarixində «Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzmilənməsi barədə Fərman imzalanmışdır.
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi 12 fəsildən və 84 maddədən ibarət olmaqla çox böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul edilməsi və tətbiqi Azərbaycanda rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə, həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, həmçinin məhsul və xidmətlərin keyfiyyətini təmin edəcəkdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstahlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş «Rəqabət dayanıqlı inkişafın mühüm amili kimi» mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransın materialları bu günlərdə çap olunmaqla işıq üzü görmüşdür.
Kitabda konfransda təmsil olunmuş qurumların adları, ön söz, konfrans iştirakçılarının çıxış və tezisləri, konfransın aktuallığı, mövcud nöqsanlar və zəifliklər, konfrans iştirakçıları tərəfindən ölkə iqtisadiyyatında haqsız rəqabət və dempinq hallarının aradan qaldırılması, sağlam rəqabət mühitinin formalaşdırılması üçün müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə 86 tövsiyə öz əksini tapmışdır.
Tövsiyələr, əsasən, auditor xidməti bazarında və vergi sistemində haqsız rəqabətə qarşı mübarizəyə, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətlərinə, rəqabətqabiliyyətliliyin tədqiqi və qiymətləndirilməsinə, rəqabətqabiliyyətliliyin və dayanıqlılığın rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin formalaşdırılmasında ali təhsil sisteminin rolu və prioritet vəzifələrinə, büdcə xərclərinin təkmilləşdirilməsinin rəqabət mühitinə təsirlərinə, istehlak bazarında rəqabət üstünlüyünün təmin edilməsində marketinqin roluna dair verilmişdir.
Tədbirdə ölkəmizin dövlət qurumlarının, sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, aparıcı elm-təhsil müəssisələrinin, habelə bir sıra ölkələrin peşəkar audit və mühasibatlıq qurumlarından ibarət 100-ə yaxın nümayəndə iştirak etmişdir.
Konfrans çərçivəsində rəqabətədavamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxış, dost vergi sistemi inkişafın əsas amili kimi, peşəkar xidmətlər sahəsində rəqabətlilik, Azərbaycanda auditor xidməti bazarında rəqabət, istehlak bazarında rəqabət üstünlüyünün təmin edilməsi, müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsi ilə yüksəldilməsi, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətləri, haqsız rəqabətlə mübarizə iqtisadi inkişaf amili kimi, Azərbaycanda maliyyə inklüzivliyi və iqtisadi artım məsələlərinə dair məruzələr dinlənilib, təcrübə mübadiləsi və geniş müzakirələr aparılıb.
Konfransda müzakirələr bir daha sübut etdi ki, azad iqtisadiyyatın ən mühüm prinsiplərindən biri də rəqabətqabiliyyətliliyinin təmin edilməsidir. Vergi, gömrük, dövlət satınalmaları və iqtisadi subyektlərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəffaflıq və ədalətliliyin təmini rəqabət mühitini gücləndirən amillərdir. Öz növbəsində sahibkarların da fəaliyyətlərini qanun çərçivəsində qurmaları güclü iqtisadiyyat üçün əsaslardan biridir. Sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviyyəsini yüksəldir, həm də xaricdən ölkəyə investisiya axınının miqyasını artırır.
Eyni zamanda, beynəlxalq rəqabət qlobal iqtisadiyyatda lider mövqeyə nail olmaq, onu saxlamaq və ölkənin beynəlxalq statusunu yüksəltmək istəyini nəzərdə tutur. İqtisadi modernləşmə iqtisadi amillərdə baş verən dəyişikliklərin məcmusudur. Aydındır ki, iqtisadi modernləşmə, əsasən, istehsal üsulu, əsas texnologiya və aparıcı sənayelər tərəfindən üstünlük təşkil edir. Rəqəmsal iqtisadiyyat istehsal amillərini optimallaşdırmaq və istehsal strukturunun modernləşdirilməsini təşviq etməklə iqtisadi strukturun transformasiyasını və modernləşdirilməsini həyata keçirir.
Təsdiqlənmiş Rəqabət Məcəlləsinin ehtiva etdiyi müddəalar bir daha göstərir ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir.
Beynəlxalq elmi-praktik konfrans çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Auditorlar Palatası arasında Əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən, tərəflər auditor xidmətlərinin dövlət satınalmaları zamanı rəqabət prinsiplərinin təşviqi və bu istiqamətdə sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə birgə tədbirlər həyata keçirəcək, metodiki təlimatlar hazırlayacaq və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq edəcəklər.
Azərbaycan Respublikasının
Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov