MƏQALƏLƏR

Rəqəmsal universitet: sahibkarlıq-dövlət əməkdaşlığında Heydər Əliyev irsi

  • 01.02.2024

Milli dövlət quruculuğunun ilk illərində -1995-ci ildə ABŞ senatoru Qreq Laffin Bakıya gələrək Heydər Əliyevlə görüşdükdən sonra belə bir fikir söyləmişdi: “Siz Asiyanın Corc Vaşinqtonusunuz”. ABŞ senatorunun bu müqayisəsi heç də təsadüfi deyildi. Bu qiymətləndirmə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün etirafı idi.
1994-cü ildə İngiltərədə rəsmi səfərdə olduğu zaman Baş nazir Con Meysorun müavini Heydər Əliyevin öz vətəni və xalqı üçün bütün imkanlarını və bacarığını səfərbər etdiyini görərək belə bir fikir söyləyir: “Biz indi gördük ki, siz, doğrudan da, millətinin gələcəyini düşünən bir dövlət xadimisiniz”.
Heydər Əliyevin potensial idarəçilik qabiliyyətini hələ o zaman etiraf edərək deyirdilər: “Artıq bütün SSRİ-də sənə ehtiyac duyulur.Azərbaycan daha sənin üçün kiçikdir”. “Heydər Əliyev iti ağlı, güclü məntiqi, fenomen yaddaşı olan qüvvətli bir şəxsiyyət, sözün həqiqi mənasında kompüter insandır” (R.Reyqan).
“O nəinki Azərbaycanı və Amerikanı, bütün dünyanı idarə edə bilər” (B.Klinton).
Jak Şirak isə “Heydər Əliyev dünya prezidentlərinin patriarxıdır” demişdir.
Bülənd Ecevit “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz, Heydər Əliyev Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əliyev min ildən bir yetişən dahilərdəndir”.
Onun gücü dövlətçilikdə idi: “Xalq mənim dayağım, gücüm, inamımdır” deyən Heydər Əliyev haqqında deyilənlər bu fikrin əyani sübutudur.
XX əsrin sonunda mürəkkəb və ziddiyyətli bir siyasi şəraitdə ictimai və iqtisadi prosesləri düzgün qiymətləndirərək, böyük dövlətlərin regionda olan maraqlarının balansının təmin olunması, Azərbaycanda milli maliyyənin formalaşması, onun beynəlxalq maliyyə və iqtisadi münasibətlərdə yaxından iştirakı, böyük həcmdə xarici sərmayənin investisiya şəklində ölkə iqtisadiyyatına qoyulması ilk dəfə Heydər Əliyev tərəfində işlənib hazırlanmış və 1994-cü ildə 15 dövlətin 33 şirkətinin iştirakı ilə imzalanmış “Əsrin müqaviləsi” adlanan saziş vasitəsilə olmuşdur.
Bu müqavilənin reallaşması üçün 60 milyard dollar sərmayənin investisiya şəklində qoyuluşu ölkəmizin “ixrac strategiyasının” əsaslı və optimal olmasını şərtləndirdi və nəticədə bu gün ölkəmizin valyuta ehtiyatlarının həcmi xeyli artaraq 50 milyard dollardan çox olmuş, kredit reytinqinin yüksəlməsinə, dünya iqtisadiyyatında və maliyyə sistemində davam edən mənfi halların doğura biləcəyi riskləri azaltmağa və aradan qaldırmağa imkan yaradır.
Ölkəmizin lazımi səviyyədə strateji valyuta ehtiyatlarına malik olması H.Əliyevin “ixrac srtategiyasının nəticəsidir ki, bu da davamlı inkişafın, əsasən də qeyri-neft sektorunun davamlı inkişafının nəticəsi kimi gələcəkdə də baş verə biləcək hər hansı bir maliyyə risklərindən mühafizə sisteminin olduğunun əyani göstəricisidir. Çünki Azərbaycan da digər ölkələr kimi, dünya iqtisadiyyatının və beynəlxalq maliyyə münasibətlərinin bir subyektidir.
XX əsrdə ölkəmizin ən böyük nailiyyətlərindən biri elmin və təhsilin davamlı inkişafı olmuşdur. Azərbaycanın inkişafının mühüm dövrü kimi səciyyələndirilən bu dövr 70-80-ci illərdə xalqımızın qəlbində, düşüncəsində illərlə yığılıb qalmış milli ideyanın, müstəqillik ideyalarının canlanmasına zəmin yaratdı.
Bu illərdə dəyərli təhsil ənənələrindən biri gənclərin respublikamız üçün daha zəruri olan ixtisaslara yiyələnməsindən ötrü SSRİ-nin ali məktəblərinə göndərilməsi idi. Bu yolla respublikamızın elmi və kadr potensialının yüksəldilməsi ilə yanaşı, daha qabiliyyətli gənclərimiz vasitəsilə xalqımızın mənəvi-əxlaqi dəyərlərinin öyrənilməsi kimi vacib məsələ də yerinə yetirildi. Ölkədən kənarda təhsil alan gənclərimizi daim diqqət mərkəzində saxlayan Heydər Əliyev onları “Azərbaycanın milli sərvətləri” adlandırırdı və bu tarixi həqiqətləri belə etiraf edirdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışıq. Mən də bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm”. Məhz bunun nəticəsidir ki, müstəqillik qazandıqdan sonra da azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu ali universitetlərində təhsil alması prosesi daha çox sürətləndi. Bu böyük şəxsiyyətin elmə, təhsilə əsaslanan siyasi kursu, elmə və təhsilə göstərdiyi qayğı və dəstək məhz elə buradan qaynaqlanır və onun əslində həm də bir elm adamı olmasının əyani sübutudur.
Azərbaycan müstəqil və müasir demokratik dövlətə çevrilməsi üçün təhsil və elm strategiyasını işləyib hazırlamış və onu uğurla həyata keçirməyə başlamışdır, həm də xalqın tükənməz potensialını üzə çıxarmaq üçün böyük imkanlar yaratmağa nail olmuşdur. Bu da onun elmə, təhsilə son məqsəd kimi, nəticə kimi deyil, vasitə kimi baxmasından irəli gəlirdi.
Hələ 1975-ci ilin 24 sentyabrında Milli Elmlər Akademiyasının 30 illik yubileyində bu elm ocağının “Xalqlar dostluğu” ordeni ilə təltif edilməsi münasibətilə keçirilmiş təntənəli ümumi respublika yığıncağındakı platforma xarakterli çıxışında Heydər Əliyev ölkələrin tərəqqisini nə təbii sərvətlər, nə də ki coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsinin müəyyənləş¬dirdiyinə diqqət çəkmişdir.
Heydər Əliyev tərəfindən təsdiq edil­miş təhsil strategiyasına görə, davamlı insan inkişafı fənninin orta ümumtəhsil məktəblərinin proqramlarına daxil edilməsi prosesinə 2001-ci ildə start verilib. 2003-cü ildən Təhsil Nazirliyinin 175 və 688 nömrəli əmrləri əsasında orta məktəblər üçün davamlı insan inkişafına dair ilk tədris proqramı və dərs vəsaiti dərc edilib. Bu sahədə Azərbaycanın birinciliyi barədə məlumat BMT-nin Baş Qərargahı tərəfindən dünyaya yayılıb. Qlobal miqyasda isə bu prosesə 4 il sonra – 2005-ci il martın 1-də BMT (Nyu-York) Baş katibi Kofi Annan və UNESCO-nun Baş direktoru Koişiro Matsuura arasında imzalanan sənədlə təkan verilib.
1998-ci ildə Azərbaycan müəllimlərinin I Qurultayında “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, - deyən Heydər Əliyev təhsilin dinamik inkişafını təmin edən bir çox fərman və sərəncamlar imzaladı. Elmə və təhsilə, onun inkişafına dövlət səviyyəsində qayğı əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli tərəqqisinə bilavasitə xidmət edən dövlət siyasətinin tərkib hissəsi idi.
31 avqust 1998-ci ildə Heydər Əliyev Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında o illəri məmnunluqla xatırlayaraq demişdir: “... vaxtilə bu salona 16-17 yaşında daxil olmuş insanlar – siz ötən illərdə böyük həyat yolu keçmişsiniz, formalaşmısınız, püxtələşmisiniz, Azərbaycanın həyatının müxtəlif sahələrində fəaliyyət göstərirsiniz. Bunların hamısının əsası həmin illərdə qoyulubdur. Ona görə də mən sizin hər birinizin həyatında etdiyim xidmətin nəticəsini görərək, bu gün sevinirəm, şadlanıram və iftixar hissi keçirirəm.... Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. ... Mən bu işi başladım, genişləndirdim. Özüm də təsəvvür etmədən gördüm ki, Azərbaycan üçün yeni bir ali məktəb yaratmışıq. Bu nədən ibatərdir? 1969-cu ildə biz respublikamızdan kənarda oxumağa heç 50 nəfər də göndərmədik. 1970-ci ildə 60 nəfər göndərdik. Ondan sonra bunu ilbəil artırdıq. Nəhayət, 1975-ci ildə 600 nəfər, 1977-1978-ci illərdə isə hər il 800-900 nəfər gənc respublikadan kənar ali məktəblərə göndərildi”. Bu gün istər respublikada, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən həmin mütəxəssislər 1970-ci illərdə əsası qoyulan Heydər Əliyev məktəbinin məzunları, məhz onun kadrlarıdır. Hal-hazırda respublikamızda rəqəmsal universitet kimi tanınan Azərbaycan Dövlət İqtisad Universitetində də həmin kadrların bir çoxu fəaliyyət göstərirlər.
Neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəallığının artırılmasına, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, beynəlxalq tələblərə cavab verən ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal edən, müasir tələblərə cavab verən yerli istehsal müəssisələrinin yaradılması ölkəmizdə sosial-iqtisadi inkişafın və maliyyə sabitliyinin təmin olunmasına səbəb olmuşdur.
Qəbul olunmuş Dövlət Proqramlarının icrası nəticəsində regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmişdir. 10 il ərzində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları salınmışdır və ya təmir olunmuşdur.
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məsələləri istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində dinamik inkişafın əldə edilməsi üçün əsaslı zəmin yaratmış oldu.
2002-ci il aprelin 25-də yerli, elə həmin il may ayının 14-də xarici iş adamları ilə görüşündə Heydər Əliyev onlara müraciətində demişdir: “....Əmin ola bilərsiniz ki, biz Azərbaycan dövləti və şəxsən Azərbaycan prezidenti ölkəmizdə sahibkarlığın inkişafını özümüzüm əsas vəzifələrimizdən biri hesab edirik. Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq və sahibkarlığın inkişaf etdirilməsi üçün bundan sonra lazım olan tədbirlərin həyata keçirilməsi ilə məşğul olacağıq. Sizin işinizə qanunsuz müdaxilə edənlərin, sizə mane olanların, qanunsuz olaraq sizdən bəhrələnməyə çalışanların hamısının qarşısını alacağıq”.
“Ancaq təəsüflər olsun ki, biz indiyə qədər mütəmadi olaraq çox şikayətlər alırıq. Şikayətlərin də əsas məzmunu ondan ibarətdir ki, Azərbaycanda sahibkarlığın inkişafına maneçilik törədən qüvvələr vardır. Bunlar hamısı bizim ümumi iqtisadiyyatımıza, apardığımız siyasətə zərbə vurur. Azərbaycan prezidentinin siyasətinə zərbə vurur. Mən hüquq-mühafizə orqanlarına ayrı-ayrı şirkətlərin, sahibkarların işinə müdaxilə etməyi qadağan edirəm, əsası olmayan yoxlamaların aparılmasını qadağan edirəm....”.
Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, onun dünyada tanınması, sözün əsl mənasında böyük insan olan Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlı olmuşdur.
Hələ 1998-ci ilin 17 dekabrında 1999-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş müşavirədə Heydər Əliyev demişdir: “Azərbaycanda özəlləşdirmənin, sahibkarlığın, istehsalın inkişafı bizim strateji yolumuzdur və bu yolla gedərək dövlət büdcəsinin həyata keçirilməsini təmin etməliyik”.
Sahibkarlığa dövlət dəstəyinin təmin edilməsi və gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinə nail olmaq üçün 27 avqust tarixli 779 nömrəli Prezident Fərmanı ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında” Əsasnamənin və Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydalarının təsdiqlənməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması sahibkarlığın inkişafında əsl dönüş nöqtəsi olmuşdur. Fondun məqsədi Azərbaycan Respulikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara müəyyən dəstək verməkdən ibarətdir. Ölkədə biznesə başlama qaydalarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər genişhəcmli tədbirlər sayəsində ÜDM-in həcmində özəl sektorun payı xeyli artmışdır.
Statistik Vahidlərin Dövlət Reyestrində qeydiyyatdan keçmiş tam investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (30,4%), Böyük Britaniya (8,6%), Rusiya (6,5%), İran (5,1%), ABŞ (3,7%), Almaniya (1,9%) və digər ölkələrin (43,7%) sahibkarları tərəfindən yaradılmışdır. Eyni zamanda, daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil etmişdir. Ölkə iqtisadiyyatında kiçik sahibkarlığın dinamik inkişafı prosesi bu gün də davam edir.
Ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin 80,5%-ni kiçik müəssisələr təşkil edir. Bu böyük nailiyyəti sahibkarlara göstərilən dövlət qayğısının nəticəsi kimi qiymətləndirmək lazımdır. Hal-hazırda kiçik və orta sahibkarlıq subyektlərinin sosial-iqtisadi inkişafda oynadığı rol nəzərə alınaraq, dövlət kiçik və orta müəssisələrə hərtərəfli qayğı göstərilməsini daima nəzarətdə saxlayır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu kateqoriya müəssisələrə edilən maddi və mənəvi yardımlar arasında dövlətin güzəştli maliyyə dəstəyi xüsusi yer tutur, müasir şəraitdə onsuz sahibkarlığın dinamik inkişafına nail olmaq qeyri-mümkündür. Bu məqsədlə maliyyə vəsaitlərinin kredit şəklində güzəştli şərtlərlə daha tez gəlir əldə etmək imkanı olan və rəqabətin inkişafına təkan verən sahələrin subyektlərinə verilməsi məqsədəmüvafiq və zəruridir.
Məsələn, ABŞ-da sahibkarlara verilən kreditlər, bir qayda olaraq təqdim olunduğu sahədən asılı olaraq qısa və uzunmüddətli olur. Eyni zamanda, verilən kreditlərin məbləği nəinki verilən sahələr üzrə fərqləndirilir, hətta vəsaiti alan müəssisənin sahibinin qadın, yoxsa kişi olması da nəzərə alınmaqla yanaşı, dövlət kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı maliyyə siyasəti həyata keçirərkən regional amili də əsas götürür. Çünki regionlarda sosial-iqtisadi inkişafı təmin etmək üçün sahibkarlığın inkişafına təkan vermək ən əlverişli yol hesab olunur və regionlarda sahibkarlığın inkişaf etdirilməsi təbii ki, ayrı-ayrı bölgələrdə sosial problemlərin aradan qaldırılmasını təmin edə bilir.
Son illərdə iqtisadiyyatda makroiqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın diversifikasiyası və sahibkarlığın inkişafı istiqamətində mühüm islahatlar aparılmışdır. Dövlət və yerli şirkətlər, eyni zamanda xarici şirkətlərin Azərbaycana marağını nəzərə alaraq, böyük həcmdə investisiya qoyuluşunu cəlb edə bilməsi nəticəsində iqtisadiyyata yönəldilmiş cəmi investisiyalar 10 il ərzində xeyli artaraq, təqribən 200 milyard manatdan çox olmuşdur. Bu da Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.
Heydər Əliyevin sosial-iqtisadi, regional və qlobal təhlükəsizlik prinsiplərinə əsaslanan milli təhlükəsizlik strategiyası respublikanın dünya birliyinə inteqrasiyası istiqamətində mühüm nəticələr verdi və ölkəmizin beynəlxalq iqtisadi-siyasi və beynəlxalq əlaqələr sistemində yeni mərhələnin əsasını qoydu.

Həsənli Mirələm Xası oğlu,
iqtisad elmləri doktoru, professor
Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə və audit kafedrası