Kifayət Xudaverdiyeva: İlham Əliyev düşünülmüş islahatları və cəsarətli addımları ilə Azərbaycan xalqınının həyatına yeni ruh gətirib
Suveren Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri heç bir tarixi şəxsiyyətlə müqayisə edilməyəcək dərəcədə böyükdür, çoxşaxəlidir və qiymətlidir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının müstəqil dövlətçilik rəmzi və milli iftixarıdır. Siyasi olimpin zirvəsinə doğru inkişafda Heydər Əliyev adidən aliyə doğru bütün pillələri addım-addım keçmiş, zəngin həyat təcrübəsi əldə etmiş və mükəmməl dövlət idarəçiliyi formalaşdırmışdır. Ölkəmizdə milli tərəqqinin 35 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən uca tutan, zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır. Məhz Heydər Əliyevin siyasi dühası, iradəsi, enerjisi, ağlı, təcrübəsi, xarizması kimi mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və Vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi və əbədiyaşarlıq qazandı. Ulu öndər öz siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev kimi bir şəxsiyyət formalaşdırdı. O, təkcə güclü dövlət yaratmaq deyil, bununla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirdi. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən ulu öndər xalqımıza özünün layiqli davamçısını təqdim etdi. Cənab İlham Əliyev 20 illik prezidentlik fəaliyyəti ilə belə bir fikrin qəti qənaət olduğunu sübut etdi. Prezident İlham Əliyev düşünülmüş islahatları, müdrik qərarları və cəsarətli addımları ilə Azərbaycan xalqınının həyatına yeni ruh və nəfəs gətirib. Bu gün Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasındadır. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Onun vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 2003-2023-cü illərinə nəzər saldıqda fəaliyyətinin möhtəşəmliyinin bir daha şahidi oluruq. Tariximizə əvəzsiz 20 il kimi yazılan ötən dövrdə Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Bütun sadalanan müsbət keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi.
2003-cü il 24 noyabr tarixli fərmanla “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” strategiya sosial-iqtisadi inkişafın real dinamikasını təmin etmişdir.
2004-cü ildə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə proqram qəbul edilmiş, bu proqramlar çərçivəsində 100 mlrd. manatdan çox investisiya qoyulmuşdur.
2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. Davamlı olaraq “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi.
2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu, gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yarandı. Bununla da dünyanın enerji xəritəsində yeni səhifə formalaşmış oldu.
2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı.
2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi. Son 20 ildə iqtisadi artım dinamikasına dair rəqəmlər bunu sübut edir. Belə ki, “güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə artmışdır. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. Milli iqtisadiyyat qarşısında qoyulmuş çağırışlara cavab olaraq ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 30 dəfə artmışdır.
Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmışdır. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 256 manat təşkil etmişdir. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf təmin olunmuşdur. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 mlrd. ABŞ dollarını keçmişdir və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır. Statistik rəqəmlərə nəzərən son 20 ildə respublika üzrə ümumi gücü 4 min MVt olan 71 yeni elektrik stansiyası istismara verilmiş, hal-hazırda ölkədə ümumi gücü 8 min MVt olan 93 elektrik stansiyası fəaliyyət göstərir. 2003-cü ildən Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilmişdir. Son 20 ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.
2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox,
orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artmışdır. Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlmişdir.
2012-ci ildən sırf Azərbaycan brendi olan, gündən-günə bütün ölkə üzrə öz xidmət dairəsini genişləndirən “ASAN xidmət” əhalinin rahatlığının təmin edilməsi sahəsində dövlət siyasətini müvəffəqiyyətlə gerçəkləşdirir.
Son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artmışdır.
2019-cu ildən ölkədə geniş tətbiqinə başlanılan icbari tibbi sığorta bu gün xidmətlər zərfinə daxil olan 3300-dən artıq tibbi xidmət sayı ilə bütün ölkə əhalisini əhatə edir.
50-ə yaxın Olimpiya idman kompleksi tikilmiş, Azərbaycan idmançıları beynəlxalq yarışlarda, olimpiya oyunlarında uğurlara imza atmış, ölkəmiz Avropa və dünya səviyyəli yarışların keçirildiyi məkana çevrilmişdir.
Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri uğurla fəaliyyət göstərir.
Onun möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır.
Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır.
Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, böyük uğurlara imza atacaq.
Kifayət Xudaverdiyeva,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Audit kafedrasının dosenti, BMT-nin Zaqafqaziya üzrə sülhməramlı səfiri