Prezident İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın uğurlu inkişafı
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyev tərəfindən qlobal iqtisadi şəraitin tələblərinə uyğun olaraq həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədi müasir çağırışlar kontekstində Azərbaycanın davamlı iqtisadi inkişafını təmin etməkdir.
Məlumdur ki, hər hansı bir inkişafın əsasını iqtisadi tərəqqi təşkil edir. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev prezident kimi fəaliyyətə başladığı gündən etibarən dövlətin iqtisadi siyasətinin təkmilləşdirilməsi, davamlı iqtisadi islahatların dərinləşdirilməsi, qlobal iqtisadi çağırışlara adekvat və müasir konseptual yanaşmaların təmin edilməsi, milli iqtisadiyyatın səmərəli formada şaxələndirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi, milli iqtisadiyyatın davamlı artımının formalaşdırılması və bunlarla bağlı prioritet qeyri-neft sahələrinin inkişafının sürətləndirilməsi, qlobal çətinliklər şəraitində və dünyada qeyri-sabit maliyyə mühitinin hökm sürdüyü dövrdə ölkə əhalisinin sosial rifahının davamlı olaraq yaxşılaşdırılmasına nail olunması kimi mürəkkəb vəzifələrin və problemlərin həlli istiqamətində çox mühüm qərarlar qəbul etmişdir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycan dünya iqtisadi proseslərində nisbətən formalaşmış və müəyyən iqtisadi inkişaf proseslərini keçmiş, dünya iqtisadi sistemində özünəməxsus xüsusiyyətləri, mexanizimləri, prinsipləri və meyarları ilə fərqlənən yeni, keyfiyyətli milli iqtisadi inkişaf modeli formalaşdırmışdır.
Həyata keçirilən davamlı iqtisadi islahatlar sayəsində Azərbaycan ötən müddət ərzində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində əhəmiyyətli addımlar atıb. Davamlı iqtisadi islahatlar nəticəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, şaxələndirilmiş milli iqtisadiyyatın formalaşdırması təmin edilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz regional və beynəlxalq iqtisadi inkişaf proseslərində, qlobal iqtisadi layihələrdə, o cümlədən beynəlxalq nəqliyyat və enerji layihələrində tarixi uğurlara nail olmuşdur. Ötən dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilmişdir. Bunun belə, məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin qorunub saxlanılmasında, əhalinin sosial rifahının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atmışdır.
Cənubi Qafqazın əsas iqtisadiyyatını özündə formalaşdıran Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı kimi çıxış edir. Azərbaycanın aktiv iştirakı ilə yerinə yetirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun iqtisadi inkişafında mühüm əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən nüfuzlu bir ölkəyə çevrilmişdir. Azərbaycanın fəal tərəfdaş olaraq irəli sürdüyü və tam olaraq dəstək verdiyi enerji layihələri ölkəmizi regionda və Avropa İttifaqı məkanında önəmli bir amilə çevirmişdir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi xarakterizə olunur. Ölkəmizin bütün ərazilərində təhsil, səhiyyə infrastrukturunun yüksək standartlara uyğun səviyyədə yenidən qurulması, şəhərlərdə və rayonlarda müasir tələblərə cavab verən idman mərkəzlərinin yaradılması, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin coğrafiyasının genişləndirilməsi Azərbaycanın sosialyönümlü iqtisadi inkişaf modelinə malik olduğunu səciyyələndirir. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş əsas vəzifənin məqsədi respublikamızda sosial sahədəki vəziyyəti dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə yüksəltməkdən ibarətdir.
Qlobal iqtisadi çağırışlara uyğun yeni inkişaf hədəflərinin müəyyənləşdirilməsi ölkəmiz üçün son dərəcə aktual məsələyə çevrilmişdir. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən yeni yaranan çağırışlara və ölkənin reallıqlarına uyğun milli iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə aparılan islahatlar böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan, 2016-2020-ci illər üçün strateji inkişaf strategiyası və tədbirlər planı 2025-ci ilədək olan dövr üçün və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı ehtiva edir. Strateji Yol Xəritəsi 12 istiqamət üzrə təsdiq edilmişdir, bunların sırasında milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı xüsusilə əhəmiyyətli və perspektivlidir. Göründüyü kimi, yaxın perspektivdə ölkəmizin milli iqtisadiyyatının inkişaf modelinin əsaslı şəkildə təkmilləşdirilməsi imkanları genişlənir.
Belə ki, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etmiş və dərhal böyük həcmli dirçəliş və bərpa işlərinə başlanılmışdır. Ölkəmizdə iqtisadi rayonlaşdırma yenilənmiş, işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır. Artıq bu ərazilərdə infrastruktur obyektlərinin yaradılması sürətlə davam etməkdədir. Bütün bu amillər Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə, onun milli iqtisadiyyatının strukturunun şaxələndirilməsinə və rəqabətqabiliyyətinin artırılmasına, ölkədə davamlı inkişaf problemlərinin həllində yeni potensial resursların və mənbələrin formalaşdırılmasına əlavə imkanlar verəcəkdir.
Eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qəbul edilmişdir. Bu strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir.
Hənifə Cəfərli,
Azərbaycan Dövlət İqtisad Universitetinin
(UNEC) dosenti, iqtisad elmləri doktoru