MƏQALƏLƏR

Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq

  • 29.02.2024

“...Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük.”

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Dövlət başçısı bu Sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə imzalayıb. Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ölkənin 2030-cu ilədək milli inkişaf prioritetlərində nəzərə alınmışdır. Belə ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə mühüm töhfədir.
Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb: “Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.
Ötən il fevralın 3-də Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası ilə yanaşı, ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası baş tutub. Bu iclas Azərbaycanın bərpa olunan enerji istehsalı məsələsinə nə dərəcədə önəm verdiyini göstərir.
Dünyada hökm sürən iqtisadi qeyri-sabitlik və qeyri-müəyyənlik ətraf mühitə amansız münasibətdən və iqlim dəyişikliyindən doğan təhlü­kəli təbiət hadisələri, sosial-siyasi təla­tüm­lər, miqrasiya və hərbi münaqi­şə­lərlə bağlıdır. Məhz bu göstərilən səbəblərdən milyonlarla insanın həyat şəraiti pisləşir və dünya iqtisadiyyatında reqressiya təhlükəsi özünü biruzə verməkdədir. Bu cür halların aradan qaldırılması üçün sosial-iqtisadi həyata və təbiətin mühafizəsinə yeni yanaşmaların qəbul edilməsi və həyata keçirilməsi zərurəti müasir dövrün ən mühüm çağırışlarından biri kimi dünya ölkələrinin diqqətini cəlb etməkdədir.
Bunun bariz sübutu olaraq bir neçə il əvvəl BMT-nin sammitində 193 ölkə liderləri tərəfindən Dayanıqlı İnkişafa (Dİ) dair 17 prinsipin razılaşdırılmasını göstərmək olar.
Məlumdur ki, ən ümumi anlamda Dİ dedikdə hazırki nəslin tələbatının gələcək nəsillərin imkanları hesabına reallaşdırılmamasını özündə ehtiva edən inkişaf nəzərdə tutulur.
Daha geniş anlamda isə Dİ iqtisadiyyatın sosialyönümlü innovasiya modelinə keçməsi ilə yanaşı, regional-ərazi nöqteyi-nəzərindən balanslaşmış tərəqqi, təbii resurslardan səmərəli istifadə, yerli və qlobal maraqların uzlaşdırılması, ümumilikdə isə iqtisadi, sosial və ekoloji tarazlığa nail olma üzrə yeni mexanizmlərin tətbiqi anlamına uyğun gəlir. Başqa sözlə, Dİ prinsiplərinin reallaşdırılması bəşəriyyətin tələbatı ilə resurslardan istifadənin tarazlığını, təbii ehtiyatların tükənməsinin qarşısını almağı, digər tərəfdən də hakimiyyət orqanları, biznes strukturları və ictimaiyyətin Dİ problemləri istiqamətində səmərəli və qarşılıqlı əlaqələrinin təmin olunmasını tələb edir. Dİ hər bir ölkənin, regionun və iqtisadi subyektin məsul olduğu mühüm bəşəri problemdir.
Bu göstərilənlər aspektində yeni şəraitdə şəffaflığın təmin olunması mühüm əhəmiyyətə malikdir. Məhz şəffaflıq, hesabatlılığın və obyektiv, keyfiyyətli informasiya təminatının əsası qismində resurslardan səmərəli və məqsədyönlü istifadənin təmin olunmasında Dİ mühüm amil kimi dəyərləndirilir.
Heç də təsadüfi deyildir ki, Dİ məq­sədlərində informasiya əlçatanlığı, mə­­lumatların toplanması, moni­to­rin­qi və hesabatlılıq ən mühüm elementlər kimi dəyərləndirilir.
Ümumiyyətlə, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) məlumatına görə, 17 DİM-in 8-i mühasibat uçotu, hesabatlılıqla və o cümlədən, auditlə birbaşa əlaqədardır. Başqa sözlə, mühasiblər və auditorlar DİM-in reallaşmasında mühüm rola malikdirlər. Bununla yanaşı, mühasibat uçotunun və auditin də korporativ Dİ-nin yeni tələblərinə uyğun olaraq transformasiyası günün tələbləri sırasındadır.
Aparılan tədqiqatlar onu da göstərir ki, mühasiblər və auditorlar: a) maliyyə hesabatları təqdim və təsdiq edilərkən DİM üzrə mövcud durum barədə öz mülahizələrini təqdim etmək; b) şirkətləri DİM-in şərtlərini yerinə yetirməyə həvəsləndirmək və təşviq etmək; c) ətraf mühitin mühafizəsinə və sosial məsuliyyətə dair idarəetmənin məlumat bazasını formalaşdırmaq kimi məsələlərin həllində vacib rola malikdirlər.
Eyni zamanda, auditorların və mühasiblərin məsuliyyətinin artırılması da günün vacib məsələlərindəndir.
Bütün bunlar isə öz növbəsində mühasibat uçotu və audit sahəsində kadr hazırlığı prosesinə DİM nöqteyi-nəzərindən yenidən baxmağı və köklü dəyişikliklərin edilməsi məsələsini gündəmə gətirir.
Dİ-nin bərqərar olması istiqamətində Azərbaycanda da mühüm tədbirlər həyata keçirilməkdədir.
Ölkə prezidentinin də qəti mövqeyi inkişafın bütün sahələri əhatələməsi üçün sağlam insan konsepsiyasına sadiq qalınması, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişafı təmin etməkdir.
Aparılan tədqiqatlar da göstərir ki, DİM-in reallaşdırılması sahəsində hələ də ciddi problem və çatışmazlıqlar mövcuddur.
Azərbaycan Respublikasının Auditorlar Palatası və Hesablama Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransın materialları bu günlərdə çap olunmaqla işıq üzü görmüşdür.
Kitabda konfransda təmsil olunmuş qurumların adı, ön sözlər, “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2023-cü il 15 sentyabr tarixli mürciəti, konfrans iştirakçılarının çıxış və tezisləri, konfransın aktuallığı, mövcud nöqsanlar və zəifliklər, konfrans iştirakçıları tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində təcrübələr, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi zərurəti və onun reallaşdırılmasının şərhi, “yaşıl iqtisadiyyat”, sosial məsuliyyət və ekoloji tarazlığın təmin edilməsinə dair 50-ə yaxın məruzə və tezislər əsasında hazırlanmış beynəlxalq tədbirin 108 tövsiyəsi öz əksini tapmışdır.
Ümidvarıq ki, bu tövsiyələr iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində və hesabatlılığın yüksək səviyyədə qurulmasında, Dİ sahəsində mövcud olan problemlərin və qarşıda duran vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır.