MƏQALƏLƏR

Qarabağ universitetini necə quraq?

  • 29.02.2024

Ölkənin təhsil gündəmini Qarabağ Universitetinin yaradılması və onun perspektivi zəbt edib. Ciddi müzakirələr gedir, hamı öz fikrini və arzularını bildirir. Əsas səbəb cəmiyyətin təhsilə artan marağı deyil, bu universitetin Xankəndidə yaradılmasıdır. Bu, hamının arzusu idi, Xankəndi azad edilsin, orda bayrağımız dalğalansın, orada Azərbaycan dilində tədris aparan universitetimiz açılsın. Nazir də bu ərəfədə öz çıxışında bu universitetin yaradılması barədə fikrini bildirdi.
Yeni universitetin yardılması üçün etalon olaraq ADA Universitetini və Ali Neft Məktəbini təklif edənlər də oldu. Bu universitetlər gənc universitet olmasına baxmayaraq, ölkədəki digər ATM-lərdən yaxşı mənada fərqlənirlər.
Amma bir məsələni də unutmaq olmaz: ADA Universiteti XİN, BANM isə SOCAR tərəfindən yaradılıb. Müstəqillik illərində TN-in yaratdığı ATM AMİ isə özünü doğrultmadı deyə onu bağlamaq lazım gəldi, hər dəfə bu ATM-nin adı çəkiləndə pis xatirələr yaranır yaddaşlarda. Həqiqətən, onun yaranmasına heç bir ehtiyac yox idi. Bu qərar səhv idi. Xüsusən, bir neçə ayın ərzində, tez-tələsik, heç bir hazırlıq olmadan keyfiyyətli ATM və onun 11 filialının yaradılması mümkün deyildi. Bu da təhsilimizi geri çəkən amillərdən oldu, hərçənd indi heç kim bunu yada salmaq istəmir.
Biz əvvəllər də qeyd etdiyimiz kimi, Qarabağ universuteti sıradan bir universitet olmamalıdır. O, ən azı Qafqazın lider univeritetlərindən biri olmalıdır, biz onu ölkəmizdəki mövcud nümunələr əsasında yox, ölkədə analoqu olmayan bir universitet kimi layihələndirməli və yaratmalıyıq. Bu işdə tələsmək olmaz. Məsələn, ADA Universitetinin yaradılması haqqında fərman 2014-cü ilin yanvarında olsa da, ilk qəbul 30 ay sonra - 2016-cı ilin yayında aparılıb, özü də az sayda ixtisaslar üzrə. Bu müddət ərzində ciddi hazırlıq işləri aparıldı.
Bizim təhsil sahəsində bir çox proseslər heç bir hazırlıq aparılmadan, layihələnmədən, ətraflı müzakirə edilmədən tələsik icra edilir. Təklif edirik ki, Qarabağda heç olmasa Kutaisi Beynəlxalq Universiteti (KBU) səviyyəsində bir univeritet yaradaq. Biz özümüzü Qafqazın lider dövləti saysaq da, elm-təhsil sahəsində bu, belə deyil. KBU 4 il ərzində yaradıldı, 1 milyard avro investisiya qoyuldu. Bizdə 30 ildə 51 ATM-ə toplam olaraq heç bu qədər investisiya qoyulmayıb. Bizim məmurlar hələ də qəbul etmək istəmirlər ki, müasir elm və təhsil böyük investisiya tələb edir, elm və təhsilin inkişafı üçün alim və professora yüksək maaş verilməlidir, ya da digər universitetlərimizin də aqibəti AMİ kimi olacaqdır. “1500 manata mühəndis hazırlamaq olmaz”, bəli, amma 1500 manata universitet müəllimini də işlətmək olmaz, hərçənd reallıqda 2 dəfə az maaşa işləyirlər.
KBU yaradıcıları qeyd edir: “KBU-ya 1 milyard avroluq sərmayəmizin miqyası ambisiyalarımızın əhatə dairəsini göstərir. KBU Rusiya, Orta Asiya və Qafqazdan ən yaxşı, ən parlaq məzunlar üçün bir maqnit olmalıdır. Məqsədimiz dünyanın aparıcı regional təlim, texnologiya və innovasiya mərkəzinin yaradılmasıdır”.
KBU bu gün dünyanın ən yaşlı universitetlərindən biridir.
Bəs, biz bu universitetə ən parlaq məzunları cəlb edə biləcəyikmi? Problemlərdən qaçmaqla, onları etiraf etməməklə, bu problemlər yox olmayacaq. Görəsən, yeni universitetə qəbul balı nə qədər olacaq? 200, yoxsa 300 bal?
Ümumən məktəb təhsili çökən, məktəbi repetitor ümidinə qalan ölkədə güclü universitet yaratmaq olarmı? Çünki güclü universitet ilk növbədə yüksək hazırlıqlı abituriyent olmasını tələb edir.
Biz illər ərzində bu kimi sualları qaldıranda ETN məmurları bu suallara cavab vermək, onların birgə həll yollarını axtarmaq əvəzinə, özünü görməzliyə və eşitməzliyə vurdu, bununla da problemlərin silsilə ilə artmasına və qiymətli illərin itirilməsin rəvac verdi.
Ali təhsil sahəsində Qafqazın öncül universiteti olan KBU Amerika və Avropa təhsil standartlarına uyğun şəkildə "beynəlxalq" universitet kimi xüsusi olaraq dizayn edilib. KBU-nun tərəfdaşı Münhen Texniki Universiteti (TUM) QS dünya universitetləri reytinqində Avropanın ən yaxşı universitetlərindən biridir.
KBU elm və texnologiyaya diqqət yetirərək, yaşayış yerləri də daxil olmaqla, kampus içərisində bir sıra təhsil xidmətləri təklif edir. Təhsilin məzmunu hazırda Alexander von Humboldt mükafatına layiq görülən 6 professorun çalışdığı və dünyaya 15 Nobel mükafatı laureatı bəxş etmiş Münhen Texniki Universiteti ilə birgə hazırlanıb. KBU hazırda kompüter elmləri, riyaziyyat və idarəetmə sahələrində bakalavr dərəcəsi proqramları təklif edir. Magistr, doktorantura və postdoktorantura proqramlarını dəstəkləmək üçün ən müasir tədqiqat, tibb mərkəzləri və laboratoriyaları var.
Elmi tədqiqat mərkəzləri artıq dünyanın hər yerindən aparıcı alim və investorları cəlb edir. Xərçəng xəstəliklərinin müalicəsi üçün Avropa proton terapiya texnologiyasının aparıcı təchizatçısı olan “Ion Beam Applications of Belgium” şirkəti universitetin tibbi tədqiqat mərkəzində siklotron quraşdırır.
KBU-nun digər üstünlükləri: bura təhsil üçün gözəl məkan kimi qəbul edilib. KBU şəhər kənarındakı yeni ərazidə, regionun bütün əsas ölkələri ilə birləşən beynəlxalq hava limanının yanında ən müasir tikililərə sahibdir. KBU qonşu ölkələrdən istedadlı tələbə kontingentini cəlb edir. Universitetdə mühazirələr Almaniya, Yaponiya, ABŞ və dünyanın digər ölkələrindən olan professorlar tərəfindən aparılır. Universitetdə təhsil ingilis dilindədir.
Biz Xankəndidə belə bir universitet yarada bilərikmi? Bu ATM-in yaradılmasına 1 milyard investisiya qoymağa hazırıqmı? Yoxsa, adi, 52-ci ali təhsil müəssisəsi yaradırıq? Bəlkə, bu ciddi işi QS reytinqinə 20 ildə bir universitet çıxara bilməyən ETN yox, bu siyahıda 75 ATM ilə təmsil edilən türk qardaşlarımıza həvalə edək?..

Dos. İlham Əhmədov