MƏQALƏLƏR

Qəzetin əhəmiyyəti

  • 21.07.2011

Qəzetin əhəmiyyəti

Kütləvi informasiya vasitəsinin yaranması ictimai fikrin formalaşmasında və baş verən hadisələrlə bağlı insanların məlumatlan-dırılmasında mühüm rol oynayır.        Dünyada ən yaşlı kütləvi informasiya vasitəsi olan qəzetin nə vaxt və harada yaranması çoxları üçün maraqlıdır. Belə ki, hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə ölkədə baş verən hadisələr öz əksini tapırdı. Dünyada birinci qəzet isə bizim eradan əvvəl 59-cu ildə qədim Romada nəşr olunub. Bu qəzet əl ilə yazılmış "Akta Diuriya" (latın dilindən tərcüməsi "Günün hadisələri" deməkdir) adlı kağız vərəqə idi.  Onu hazır edəndən sonra ictimai yerlərdən asırdılar ki, oxumağı bacaran insanlar oxuya bilsinlər. Və bu  xəbər vasitəsi sayəsində ölkə camaatı siyasi hadisələrdən, məhkəmə çəkişmələrindən, qalmaqallardan, hərbi kampaniyalardan və qətl hadisələrindən xəbərdar ola bilirdi. Yeri gəlmişkən onu da qeyd ki, «Günün hadisələri» adlı bu mətbu orqan gündəlik nəşr olunurdu. Ondan sonra dünyada əl ilə yazılan ikinci gündəlik qəzet Çində çap olunub. Həmin nəşrin adının "Tçin Pao" yəni "Paytaxt yenilikləri” olduğu qeyd edilir. İlk qəzetlərin sələfləri Venesiyada əllə yazılanlar sayılır. Həmin qəzetlər XVI əsrin ikinci yarısında Avropanın çox iri iqtisadi və maliyyə mərkəzi olan bu şəhərdə "qazeta" adı ilə meydana çıxmışdı. İndi hamının maraq göstərdiyi "qəzet" sözü qədim Venesiyada xırda puldan, "qazzetta"nın adından götürülmüşdür. Oxucular bu informasiya vərəqini almaq üçün bir qazzetta ödəyirdilər. Həmin dövri nəşr iki və daha artıq səhifədən ibarət olurdu. Venesiyada əllə yazılan qəzetlərə "avizi" - yəni "məlumat, bildiriş" deyirdilər. Onlar 1566-cı ildən başlayaraq həftədə bir dəfə çıxırdı. Hər hansı bir şəhərdən daxil olmuş yeniliklər haqqında qısa məlumat həmin şəhərin qrifinin altında yerləşdirilir və yolasalınma tarixi göstərilirdi. Bu üsul sonralar çap yolu ilə ərsəyə gətirilən bütün qəzetlərdə tətbiq olunmuşdu. Çap üsulu ilə  hazırlanan qəzetlər Avropa şəhərlərində  sürətlə yayılırdı.  Onu da bildirək ki, İngiltərədə ilk çap qəzeti 24 sentyabr 1621-ci ildə çapdan çıxmışdır. Bu qəzet özünün uzun adı ilə də fərqlənirdi. Belə ki, "Kurantlar, yaxud İtaliyadan, Almaniyadan, Macarıstandan, Polşadan, Bohemiyadan, Fransadan və Hollandiyadan həftəlik yeniliklər" adlanan bu qəzet Avropada baş verən yeniliklər haqqında məlumat verirdi. Fransada isə "Qazett de Frans" adlı məxsusi qəzet 1631-ci ildən buraxılmağa başlanmışdır. İtaliyada ilk həftəlik qəzet 1639-cu ildə, İspaniyada isə 1641-ci ildə çap olunmuşdur. İlk qəzetlərdə xəbərlər naşirə çatan şəkildə, heç bir redaktə işi olmadan dərc edilirdi. Materikdə gedən qanlı otuzillik müharibə haqqında xəbərlər "Vyana", "Frankfurt", "Praqa" və digər şəhərlərin adını göstərən rubrikalarda verilirdi. Bu xəbərlər şəxsi məktublar, yaxud kiçik qəzet yazısı şəklində İngiltərə mətbəəsinə daxil olurdu. İlk qəzetlər bütün Avropadan, bəzən də Amerika və Asiyadan olan xəbərləri sərgiləndirirdi. Milli mətbuatımızın tarixi isə 1875-ci ildən Həsən bəy Zərdabinin çap etdirdiyi "Əkinçi" qəzeti ilə başladı. Bu hadisə bir çox dünya ölkələrində hələ mətbuatın mövcud olmadığı bir vaxtda baş verdi. Ana dilli mətbuatımızın əsasını qoyan böyük maarifçi Həsən bəy Zərdabinin yaratdığı qəzet o dövr üçün böyük hadisə idi. Düzdür, "Əkinçi"yə qədər də bir neçə dəfə Bakıda milli qəzetin açılmasına təşəbbüslər olmuşdu. Amma yalnız Həsən bəy Zərdabi sübut etdi ki, milli dildə qəzet çıxarmaq olar. Beləliklə, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin birinci nömrəsinin çıxması ilə Azərbaycanda milli dövrü mətbuat yaranmışdır. Onu da qeyd edək ki, dünya jurnalistikası və informasiya sektoru hazırda yüksəliş dövrü keçirir və bu proses Azərbaycana da sirayət edir. Bünövrəsi "Əkinçi" qəzeti ilə qoyulan və XIX əsri cəmi bir neçə qəzet-jurnalla başa vuran milli mətbuatımız bu gün 3000-dən artıq mətbu orqanın timsalında yaşamaqdadır.

Zeynalzadə Günel