Akademik Ziyad Səmədzadə: YENİ MİLLİ HƏDƏFLƏRƏ DOĞRU
Respublikamızda fevralın 7-də keçirilən prezident seçkiləri məlum həqiqətlərə yeni işıq saldı. Belə ki, bu seçki xalqımızın Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyev siyasi kursuna sədaqətinin növbəti təcəssümünə çevrildi. Ölkə vətəndaşları Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən siyasi kursun ətrafında bir daha səfərbər olaraq, indiyədək əldə edilmiş nailiyyətlərin daxil olduğumuz yeni inkişaf mərhələsində də davam etdirilməsinə səs verdilər. Eyni zamanda, seçkinin nəticəsi torpaqlarımızın işğaldan azad olunmasını təmin edən Müzəffər Ali Baş Komandana Azərbaycan xalqının minnətdarlığının ifadəsinə çevrildi.
Bu seçki həm də beynəlxalq səviyyədə maraqla qarşılanan bir hadisə kimi tarixə düşdü. Belə ki, seçkilərin müşahidəsinə 72 nüfuzlu beynəlxalq qurum və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi qatıldı. Eyni zamanda, dünyanın 110 aparıcı xarici media subyektindən olan 217 təmsilçi MSK tərəfindən müvafiq lövhəciklə təmin edilərək, seçkiləri izlədilər. Göründüyü kimi, beynəlxalq maraq olduqca böyük olub və bunun da səbəbləri vardı. Məsələyə politoloji aspektdən baxsaq, görərik ki, güclü mövqeləri olan dövlətlərdə cərəyan edən istənilən siyasi proses qlobal səviyyədə maraqla izlənilir. Son 20 ildə sürətli inkişaf yolu keçən Azərbaycanın güclü dövlətlər sırasında olması beynəlxalq miqyasda etiraf olunan bir reallıqdır və respublikamızda keçirilən seçkilərə dünyada olan böyük marağın əsas səbəblərindən biri məhz bundan qaynaqlanır.
7 fevral seçkilərinə olan yüksək marağın əsas səbəbi isə, əlbəttə ki, İlham Əliyevin özünün dünyadakı yüksək siyasi nüfuzu və imicidir. Bu mənada güclü, hər kəsin böyük ehtiramla yanaşdığı siyasi liderin yarışdığı bir seçki marafonuna yüksək beynəlxalq diqqətin olması təbii qarşılanmalıdır.
Separatçıların tabutuna vurulan son mismar
7 fevral seçkilərində fəallıqla məntəqələrə axışan seçicilərin xalqın Zəfər namizədini dəstəkləməsi, böyük səs çoxluğu ilə onu seçməsi, əslində təkcə cənab İlham Əliyevin deyil, eyni zamanda xalqın qələbəsi idi. Xalq isə heç vaxt seçimində yanılmır, 20 il bundan öncə yanılmadığı kimi. Lakin bu seçki özündən əvvəlki bütün seçkilərdən fərqlənirdi. Ona görə ki budəfəki prezident seçkiləri ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycanın üçrəngli bayrağının qürurla və əzəmətlə dalğalandığı bütün ərazilərində keçirildi. Ölkəmizin bütün ərazisində keçirilən növbədənkənar prezident seçkiləri milli inkişaf tariximizə Zəfər seçkiləri kimi daxil oldu. Azərbaycan prezidentinin bir zamanlar erməni separatizminin əsas mərkəzi olmuş tarixi şəhərimiz Xankəndidə səs verməsi zəfərimizin dünyaya nümayişi, Ermənistana və onun havadarlarına verilən mesaj idi.
Cənab İlham Əliyevin Xankəndidə səs verdiyi bina vaxtilə erməni separatizminin əsas yuvası idi. Ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycan xalqına qarşı qanlı cinayətlər məhz burada başlanmışdı. Burada xalqımıza qarşı soyqırımı əməlləri planlaşdırılır və idarə olunurdu. Həmin binanın önündə erməni millətçiləri, daha sonra isə Ermənistan dövləti Azərbaycana qarşı soyqırımı iddiaları irəli sürürdü. Vaxtilə Qarabağı Azərbaycandan ayırmaq istəyənlər bu binada xüsusi komitə də yerləşdirmişdilər. Ona görə də bu bina tarixən erməni separatizminin simvollarından birinə çevrilmişdi. Bu baxımdan Azərbaycan prezidentinin məhz həmin binada təşkil olunmuş məntəqədə səs verməsi böyük rəmzi məna daşıyırdı. “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”, - həmin anın tarixi mahiyyətini İlham Əliyevin andiçmə mərasimindəki çıxışında səsləndirdiyi belə bir unudulmaz cümlədən gözəl ifadə etmək mümkün deyil.
Hələ seçki kampaniyası zamanı cəmiyyətin siyasi əhvali-ruhiyyəsi, rəy sorğuları təsdiq edirdi ki, xalqın mütləq əksəriyyətinin seçkiqabağı ovqatı bütünlüklə İlham Əliyevin namizədliyinə dəstək üzərində köklənib. Səsvermə günü qeydə alınan nəticələr bunun təsdiqi oldu və beləliklə, 7 fevral seçkisi xalqımızın İlham Əliyevə yüksək və sonsuz etimadının və ehtiramının növbəti təntənəsinə çevrildi, ümumxalq etimadının zəfəri oldu. Xalq ona zəfər yaşadan, torpaqlarımızı işğaldan azad edən, erməni separatizminə son qoyan, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən siyasətin ətrafında səfərbər olaraq, bütün bu uğurlarımızın müəllifi olan İlham Əliyevə etimad göstərdi. Seçicilərin 92,12 faizi, yaxud 4 milyon 577 min 693 nəfəri öz səsini İlham Əliyevə verdi. Bu, İlham Əliyevə əvvəlki prezident seçkiləri ilə müqayisədə verilən ən yüksək səsdir. İlham Əliyevlə digər namizədlər arasında səs fərqi isə 40 dəfədən çox oldu. Maraqlı məqamlardan biri də odur ki, bir sıra seçki məntələrində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurdakı seçki məntəqələrində seçicilərin 100 faizi öz səslərini İlham Əliyevə verdilər.
Dövlətçilik və milli maraqlar xalqımız üçün bütün məsələlərin fövqündə dayanır
Prezident seçkiləri azad, ədalətli, şəffaf, demokratik meyarlar çərçivəsində keçirilməklə ölkəmizin tarixinə növbəti mühüm siyasi-tarixi hadisə kimi həkk olundu. İlham Əliyevin ətrafında səfərbər olan xalqımız Ulu Öndər Heydər Əliyevin ideyalarının və Azərbaycanın yüksəlişinin davamına səs verdi. Xalq Azərbaycanın qüdrətli dünya dövlətinə çevrilməsində həlledici rolu olan liderinə sonsuz inam və etimadını bir daha ifadə etdi. Bu seçkilər dövlətimizin və xalqımızın maraq və mənafelərini layiqncə təmin edən hazırki siyasi kursun alternativsizliyini bir daha təsdiq etdi.
Bu seçkidə ölkə üzrə qeyd alınmış seçicilərin 76,43 faizi səsvermədə iştirak etdi. Bu, Heydər Əliyevin qələbəsi ilə nəticələnən 1993-cü ilin prezident seçkilərindən sonra respublikamızda keçirilmiş seçkilərdə ən yüksək göstəricidir. 76,43 faizlik iştirak səviyyəsi ilk növbədə ölkə vətəndaşlarının məsuliyyətindən, öz taleyinə biganə qalmamasından xəbər verir. Başqa cür desək, ölkə vətəndaşlarının seçkilərdə iştirak səviyyəsi bir daha xalqımızın milli təəssübkeşliyininin mənəvi təcəssümünə çevrildi. Bu seçki göstərdi ki, dövlətçilik və milli maraqlar xalqımız üçün bütün məsələlərin fövqündə dayanır.
Əvvəlki seçkilərlə müqayisədə 2023-cü ilin seçkilərinə həm də tarixi prizmadan yanaşdıq, son 20 ildə əldə etdiyimiz uğurlara, son 200 ildə xalqımızın keçdiyi yollara nəzər saldıq, təhlillər apardıq.
Əlbəttə, cəmiyyət olan yerdə problemlər də ola bilər, çatışmazlıqlar da. Ən ideal cəmiyyət belə hansısa problemdən xali deyil. Amma 2023-cü ilin seçkilərində hansısa problem yada düşmürdü, hər kəs seçkiyə ilk növbədə dövlətimizin milli maraqlarını təmin edəcək namizədi dəstəkləməyə, tarixi nailiyyətlərimizi təmin edən siyasətə səs verməyə gedirdi. Bu mənəda 7 fevral seçkiləri ölkə vətəndaşlarının vətənə bağlılığının ən gözəl nümunəsi oldu. Bu, ölkə vətəndaşlarının milli-siyasi həmrəyliyinin növbəti təntənəsinə çevrildi, bölgədə və dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycanda səriştəli və məsuliyyətli rəhbərlik amilinin davamlılığını təmin etdi.
Fevral ayının 14-də Milli Məclisdə Konstitusiyaya əsasən and içən dövlət başçısı növbəti tarixi və taleyüklü missiyanın icrasını üzərinə götürdü. Cənab İlham Əliyevin andiçmə mərasimindəki çıxışı xalqımızın tarixi baxışları, ölkəmizin bugünkü nailiyyətləri və gələcək milli hədəflərimizlə vəhdət təşkil etdi. Bu baxımdan çıxışın strukturu olduqca əhatəli idi və geniş ictimai marağa səbəb oldu.
Hər şeydən əvvəl, İlham Əliyevin andiçmə mərasimindəki çıxışını, onun qarşıya qoyduğu məsələləri dinlədikcə bir daha cənab İlham Əliyevin dahiliyinin şahidi olduq. İlham Əliyev bütün məsələlərə dövrün nəbzini tutmaqla yanaşır. İlham Əliyev bütün milli vəzifələrin yerinə yetirilməsinə yeni dövrün tələb və çağırışları çərçivəsində yanaşır. Ən mühümü odur ki, çıxışı dinlədikcə görürdük ki, İlham Əliyev xalqını da gələcəyə qalibiyyət ruhunda aparır. Yəni, gələcəkdə əldə edəcəyimiz hər bir inkişaf nümunəsinin təməlində qalibiyyətimiz dayanacaq. Cənab prezidentin qarşıya qoyduğu hər bir məsələ milli və dövlətçilik dəyərləri ilə əlaqələndirildi.
Bütövlükdə, İlham Əliyevin yeni mərhələdə qarşıya qoyduğu vəzifələrin hamısı Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqımızın sosial rifahının daha da gücləndirilməsinə hesablanıb. Bunlar qarşıdakı yeni inkişaf mərhələsinin prioriteləridir.
(davamı gələn sayımızda)
akademik
Ziyad SƏMƏDZADƏ