MƏQALƏLƏR

Qoşqar Əhmədov: Sosial audit sahəsində qabaqcıl xarici təcrübə

  • 29.03.2024

Sosial audit təşkilatın cəmiyyət, əməkdaşlar, istehlakçılar və digər maraqlı tərəflər qarşısında öhdəliklərini nə dərəcədə yerinə yetirdiyini müəyyənləşdirməyə imkan verir və iş şəraiti, əməkhaqqı, gender bərabərliyi, iş yerində təhlükəsizlik və sağlamlıq, sosial proqram və təşəbbüslərə töhfə, ekoloji məsuliyyət və sosial fəaliyyətin digər askpetləri kimi sosial göstəricilərin təhlilini özündə ehtiva edir.
Sosial audit iqtisadi, sosial və insani aspektlərin uzlaşdırılmasına kömək edən strateji alətdir. Sosial fəaliyyətin nəticəsi gözlənilən və əldə edilmiş nailiyyətlərin müqayisə edilməsi ilə müəyyən olunur.
Sosial auditin əsas məqsədi fəaliyyətin səmərəliliyinin artırılmasına, kadr axıcılığının azaldılmasına, işçilərin əmək şəraitindən və sosial həyatından məmnunluğun artırılmasına yönəlmiş planların və müqavilələrin yerinə yetirilməsi üzrə işlərin nəticələrinin qiymətləndirilməsidir.
Müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirməyin vacibliyi barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyələrini nəzərə alaraq, sosial audit sahəsində bir sıra ölkələrdə mövcud olan təcrübələrə nəzər salmaq məqsədəmüvafiqdir.
Dünya təcrübəsində uzun illərdir ki, sosial auditdən istifadə olunur. Ən böyük Amerika şirkətlərinin 40%-inin və Qərbi Avropa şirkətlərinin 70%-inin fəaliyyəti hər il sosial qiymətləndirməyə məruz qalır. Avropada 2005-ci il Korporativ Sosial Məsuliyyət ili elan edilmişdir. Fransada Beynəlxalq Sosial Audit İnstitutu yaradılmışdır. 2006-cı ildən Böyük Britaniya və Fransada sosial audit (sosial hesabatlar dərc olunmaqla) iri şirkətlər üçün məcburidir. Həmin dövlətlərdə sosial hesabatlılığı olan şirkətlərə sərmayə yatıran investisiya fondları təsis olunmuşdur. İnkişaf etmiş ölkələrdə sosial məsuliyyət daşıyan şirkətlər üçün xüsusi indekslər tətbiq edilir və bu, onların nüfuzunu artırır və cəmiyyətin sosial infrastrukturunun inkişafına töhfələrini əyani şəkildə nümayiş etdirir.


Sosial auditin Amerika təcrübəsi
ABŞ-da sosial auditin tarixi təkamülü onun formalarının müxtəlifliyinə və inkişafının müəyyən qanunauyğunluğuna dəlalət edir. Audit tədqiqatı onun ən sadə formasından - sosial reytinqdən başlamışdır. Sonra sosial hesabatlılıq tətbiq olunmağa, daha sonra isə sosial hesabatlar sosial standartlara əsaslanmağa başlandı. Sosial auditin bütün müxtəlif formalarına baxmayaraq, bu, korporativ sosial məsuliyyətin artması ilə əlaqədardır.
Amerika sosial məsuliyyət modelinin əsas xüsusiyyəti bu sahədə dövlətin zəif tənzimlənməsidir. Sosial təminat sisteminin gücləndirilməsində maraqlı olan dövlət bəzi sosial problemlərin həllini yerli səviyyəyə, qeyri-kommersiya sektoruna və biznesə həvalə edir. Dövlət səviyyəsində dəstək olmayanda, yerli hakimiyyət orqanları sosial problemləri həll etmək üçün biznesə üz tutmağa məcbur olurlar. Buna görə də şirkətlərin sosial məsuliyyətli davranışı ABŞ-da demək olar ki, ictimai təşəbbüs kimi qəbul edilir.
Amerika korporativ sosial məsuliyyət modelinin bir sıra xüsusiyyətləri mövcuddur, o cümlədən:
– dar çərçivəlilik (narrow focused). Korporasiyanın xeyriyyəçilik fəaliyyəti konkret sahəyə yönəlib: gənclər, təhsil, ekologiya və s.;
– biznes yönümlülük (business oriented). Sosial məsuliyyət imicini, işçilərin sədaqətini gücləndirmək, istehlakçılarla və komanda daxilində əlaqələri gücləndirmək üçün istifadə olunur. Sosial proqramlar korporasiyanın marketinq, insan resursları, satış və xarici əlaqələrlə bağlı bölmələrinin birgə səyləri ilə hazırlanır və həyata keçirilir;
– icma yönümlüdür (community oriented). Şirkətin fəaliyyət göstərdiyi ərazi icmasında statusunun gücləndirilməsinə yönəldilir;
– digər şirkətlərlə tərəfdaşlıq yönümlüyü (partnership forming). Başqa səhmdarlar, qeyri-kommersiya təşkilatları, yerli icma liderləri, yerli hökumətlə tərəfdaşlığa istiqamətlənir;
– xərc baxımından effektivlilik (cost effective). Yardım alan qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin monitorinqi də daxil olmaqla, hər bir sərmayədən ölçülə bilən gəlir gözləyir;
– kompleklir (inteqrativ). Sosial proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində korporasiyanın müxtəlif şöbələri qarşılıqlı əlaqədə olur, proqramların özü “bütöv” olur və şirkətin fəaliyyətinin bütün sahələrinə təsir göstərir. Öz ərazi icmasında sosial yönümlü iqtisadi siyasət həyata keçirən korporasiya müxtəlif sosial cəlbetmə formalarının birləşməsindən istifadə edir;
– könüllülük (volonteering). İşçilərin, o cümlədən yüksək vəzifəli şəxslərin, xüsusən öz vəsaitlərinin xeyriyyə proqramlarına köçürülməsi ilə bağlı könüllü fəaliyyətini təşviq edir. Könüllü layihələri həyata keçirmək üçün işçilərin şəxsi və ya iş vaxtından istifadə etmək mümkündür.
Ümumiyyətlə isə mədəni və tarixi özəlliklər, hökumətin xüsusiyyətləri, sosial münasibətlər sistemi və mentalitet - bütün bunlar əsasən sosial auditin Amerika modelinin xarakterik cəhətlərini müəyyən edir.
Protestant etikası və iqtisadi rasionallıq hələ də bütün sosial münasibətlər sisteminə, o cümlədən sosial auditə nüfuz edir.
Lakin artan korporativ sosial məsuliyyət kimi yeni bir fenomen, əlbəttə ki, sosial auditin konseptual əsasını təşkil edir.
Nəhayət, sosial auditin Amerika modelində daha bir vacib şərt var. Bu, dövlət və korporasiyalar arasında sosial məsuliyyət baxımından münasibətdir. Birləşmiş Ştatlar subsidiar dövlət olaraq sosial xərclərin əsas hissəsini korporasiyaların və adi vətəndaşların üzərinə qoyur. Təkcə bu hal özəl biznesin sosial məsuliyyətini xeyli artırır. Sosial audit ABŞ-da sosial məsuliyyətə əsaslandığı üçün o, əsasən korporativ çərçivə ilə məhdudlaşır. Başqa sözlə, sosial audit fərdi sahibkarlıq subyektinin mikro səviyyəsində tətbiq edilir və makro səviyyədə istifadə olunmur.


Almaniyanın sosial audit təcrübəsi
Sosial auditin alman modelinin formalaşması sosial dövlət nəzəriyyəsinin inkişafı ilə üst-üstə düşür və ona görə də Almaniya demokratik və sosial federal dövlət olaraq, vətəndaşların ədalətini və sosial təminatını təmin etməlidir.
Hal-hazırda Almaniyada sosial audit iki əsas vəzifəni yerinə yetirməyə yönəlmişdir: istehsal proseslərinin sosial komponentini öyrənməkdə işəgötürənlərə kömək etmək və müəssisə səviyyəsində işçilərin sosial və əmək hüquqlarına riayət olunmasını təhlil etmək.
Son illərdə Almaniyada sosial auditin inkişafı həm işəgötürənlər, həm də işçilər tərəfindən böyük maraqla qarşılanır. Üstəlik, sosial audit federal və regional orqanlar tərəfindən tam dəstəklənir. Sosial sferanın təhlili və qiymətləndirilməsi üçün təkcə müəssisə və təşkilatlarda deyil, həm də bilavasitə regionlarda və ya bələdiyyələrdə (kommunalarda) sosial auditin tətbiqi ilə bağlı artıq praktiki olaraq rəy formalaşıb. Ona görə də sosial münaqişələrin qarşısının alınması Almaniyada milli siyasətin əsas istiqamətlərdən biridir.
Beləliklə, Almaniyanın mədəni ənənələri və tarixi-iqtisadi inkişafının xüsusiyyətləri, milli mentalitetin səciyyəvi xüsusiyyətləri sosial auditin alman modelinin formalaşmasına mühüm təsir göstərmiş və göstərməkdədir.
1. Alman xüsusiyyətinin tarixən for­malaşmış ciddi nizam-intizam yaratmaq istəyi, təsərrüfat ehtiyatlılığı, vaxtında dəqiqlik və s. kimi xüsusiyyətləri indi də bütün ictimai münasibətlər sisteminə nüfuz edir;
2. Sosial auditin alman modeli sosial bazar iqtisadiyyatı şəraitində formalaşmışdır ki, onun konseptual əsasını sosial demokratiyanın ənənəvi ideyaları, xristian sosial təlimi (həm protestant etikası, həm də katoliklərin sosial doktrinası) və dövlətin rifahı nəzəriyyəsi təşkil edir;
3. Dövlətin sosial siyasətinə digər Avropa ölkələrinə nisbətən daha çox Avropa İttifaqının nizamnamələri təsir edir. Eyni zamanda, Aİ-nin hüquqi bazası əsasən Almaniyanın sosial standartlarına yönəlib;
4. Müasir Almaniyanın sosial sferasında ölkənin müharibədən sonrakı parçalanmasının nəticələri hələ də tam aradan qaldırılmamışdır: ölkənin qərb və şərq torpaqlarında sosial şərait əhəmiyyətli dərəcədə fərqlənir;
5. Sosial idarəetmənin alman modelinin çox mühüm və xarakterik xüsusiyyəti aşağıdakı istehsal demokratiyası prinsiplərinin praktikada həyata keçirilməsidir: müəssisənin iqtisadi şurasında işçilərin nümayəndələrinin iştirakı, onların idarəetməyə cəlb edilməsi və mənfəətin artması;
6. Alman sosial auditinin mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, yoxlanılan müəssisənin sosial göstəricilərinin regional və sahə səviyyəsində analoji göstəricilərlə müqayisəli təhlilindən geniş istifadə edir. Beləliklə, sosial audit müəssisənin rəqabət qabiliyyətini sosial problemlərin həlli üçün ən vacib şərt kimi müəyyən etməyə imkan verir;
7. Almaniyanın rəqabətədavamlı müəssisələri istirahət mərkəzləri, xəstəxana və klinikalar, idman qurğuları, uşaq bağçaları və s. kimi sosial komplekslərin yaradılması üçün xeyli vəsait ayırırlar;
8. Almaniyada digər Avropa ölkələri ilə müqayisədə əmək miqrasiyası kimi mürəkkəb sosial problem daha uğurla həll olunur. Dövlətin bununla bağlı səmərəli siyasəti ilk növbədə qeyri-qanuni miqrasiyaya qarşı yönəlmiş sərt hüquqi üsullarla izah olunur;
9. Almaniyanın sosial sferasında xeyriyyəçilik fəaliyyəti geniş şəkildə inkişaf edir. Alman xeyriyyəçilik fəaliyyətinin özəlliyi ondan ibarətdir ki, onlar yalnız maliyyə ianələri ilə məhdudlaşmır. Burada ictimai işlərdə, xəstələrə və əlillərə qulluqda, özfəaliyyət tamaşalarında və s. vətəndaşların şəxsən iştirakı böyük yer tutur.


Sosial auditin Yaponiya təcrübəsi
19-cu əsrdə hələ də kənd təsərrüfatı ölkəsi olan, faktiki olaraq heç bir təbii sərvətlərə malik olmayan Yaponiya 20-ci əsrdə bir çox aparıcı Avropa ölkələrinin iqtisadi artım tempini üstələyərək və qlobal inkişafa böyük təsir göstərərək, lider ölkəyə çevrildi.
Yaponiyanın sürətli uğurunun əsas səbəblərindən biri onun in­san amilinə istiqamətlənmiş mər­kəzli idarəetmə modelidir. Yaponiyada tarixi inkişafın bütün dövrü ərzində milli xarakterin spesifik xüsusiyyətlərinə müvafiq olan müəyyən iş və davranış üsulları inkişaf etmişdir.
A. Sosial audit ən çox ətraf mühit və əmək münasibətləri sahəsində inkişaf etmişdir. Eyni zamanda, insan hüquqları digər audit subyektləri ilə müqayisədə daha təvazökar yer tutur.
B. Dövlət, daha dəqiq desək, hökumət sosial standartların işlənib hazırlanmasında həlledici rol oynayır. Əgər əmək münasibətlərinin dövlət yoxlamasından danışırıqsa, o zaman onu “dövlət sosial auditinin” unikal forması kimi xarakterizə etmək olar.
C. Sosial standartların işlənib hazırlanması prosesində həmkarlar ittifaqları, elm və ictimaiyyət nümayəndələri geniş şəkildə iştirak edirlər.
(davamı gələn sayımızda)

Azərbaycan Respublikasının Auditorlar Palatasının
Auditin innovativ inkişafı, operativ tənzimləmə və
keyfiyyətin idarə edilməsi idarəsinin rəisi
Qoşqar Əhmədov