Vergi hüquqpozmalarına qarşı mübarizə tədbirləri davam edir
Vergilər Nazirliyinin fəaliyyətinin bir hissəsini də vergi hüquqpozmalarının qarşısının alınması, bu cür hadisələri yaradan səbəblərin aradan qaldırılması, eləcə də baş verən hüquq pozuntularına qarşı ciddi tədbirlərin görülməsi təşkil edir. Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri bu il də davam etdirilir. 2011-ci ilin birinci yarısı ərzində vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən 260 cinayət işi başlanmış və 144 iş üzrə ibtidai istintaq tamamlanmışdır. Qaldırılan işlər, əsasən, vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı olmuşdur. İbtidai istintaqı tamamlanmış cinayət işlərindən 18 nəfər barəsində 11 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir (vergiləri ödəməkdən yayınma və qanunsuz sahibkarlığa görə 3 iş, vergiləri ödəməkdən yayınmaya görə 6 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 1 iş, özgə əmlakını mənimsəmə və vəzifə saxtakarlığına görə 1 iş). Müsbət tendensiya kimi qiymətləndirilə bilər ki, bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödəmişlər. Buna görə də istintaq prosesində 81 cinayət işinə xitam verilmiş, 24,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.İlin birinci yarısında cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 6 nəfər şəxsin tutularaq Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentin İstintaq şöbəsinə təhvil verilməsi, ibtidai istintaqdan yayınan 125 şəxsin məcburi qaydada gətirilməsi, 104 şəxsin tapılaraq istintaqa cəlb edilməsi, 68 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilmişdir. Vergi yoxlamalarından yayınan 90 nəfər vergi ödəyicisi tapılıb, vergi orqanlarına təqdim edilmişdir. |