MƏQALƏLƏR

Vergi ödəyicilərinin rəyi öyrənilir

  • 21.07.2011

Vergi ödəyicilərinin rəyi öyrənilir 

Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə apardığı araşdırmanın mövzusu göstərilən xidmətlərin səviyyəsindən vergi ödəyicilərinin nə dərəcədə məmnun qaldıqları barədə olmuşdur

İyulun 15-də Vergilər Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) «Maliyyə mühiti üzrə məsləhət xidmətləri» layihəsinin rəhbəri İrina Niderberger və BMK-nın Bakı ofisinin əməkdaşı İlham Abdullayevin təmsil etdikləri nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə vergilər nazirinin müşaviri Asəf Əsədov, Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov, Beynəlxalq münasibətlər idarəsinin rəisi Riyad Hüseynov iştirak etmişlər. Görüşün ilk hissəsində layihənin BP şirkəti tərəfindən maliyyələşdirilən «Qabiliyyət və səriştələrin yaradılması» komponenti çərçivəsində  Vergilər Nazirliyinin göstərdiyi xidmətlərdən vergi ödəyicilərinin nə dərəcədə məmnun qaldıqlarının öyrənilməsi üzrə aparılmış araşdırmanın nəticələrinin təqdimatı olmuşdur. BMK-nın əməkdaşı İ.Abdullayev öz təqdimatında bildirmişdir ki, araşdırma Vergilər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin təmsil olunduğu işçi qrupla birlikdə həyata keçirilmişdir. «Üz-üzə söhbət» metodu ilə aparılmış araşdırma zamanı Vergilər Nazirliyinin təqdim etdiyi və ödəyicilər tərəfindən uzun müddətdir istifadə edilən dörd xidmət növünə: xidmət terminalları, «195» Telefon-məlumat xidməti, elektron bəyannamə və nazirliyin rəsmi internet saytına istifadəçilərin münasibətləri öyrənilmişdir. Təqdimatda araşdırmadan sonra alınan nəticələrin təfərrüatları açıqlanmış, BMK tərəfindən bir sıra tövsiyələr irəli sürülmüşdür. Təqdimatda BMK-nın digər məsələlərə münasibəti ifadə olunmaqla yanaşı, vergi xidməti terminallarının fəaliyyətinə də münasibətini bildirmişdir. O, nazirlik tərəfindən regionlarda xidmət terminallarının yaradılmasını «düzgün seçim» adlandırmış, internetə çıxışı olmayanların 44%-nin məhz bu terminalların xidmətlərindən istifadə etdiklərini müsbət qiymətləndirmişdir.Təqdimatdan sonra orada qaldırılan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi E.Məmmədov keçirilən sorğu  nəticəsində vergi ödəyicilərinə təqdim edilən xidmətlər sahəsində zəif və güclü cəhətlərin aşkar olunaraq belə ətraflı təqdim edilməsinə görə BMK təmsilçilərinə təşəkkürünü bildirərək qeyd etmişdir ki, nazirliyin  fəaliyyətinin kənardan qiymətləndirilməsi olduqca vacib və lazımlıdır. O, vergi ödəyicilərinə xidmət sahəsinin daim diqqətdə saxlanıldığını və bundan irəli gələrək Vergilər Nazirliyi tərəfindən 2011-2015-ci illəri əhatə etməklə 5 il müddətinə vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafına dair konsepsiya qəbul olunduğunu vurğulamış və konsepsiyanın mətnini BMK nümayəndələrinə təqdim etmişdir.  Nazirliyin Beynəlxalq münasibətlər idarəsinin rəisi R.Hüseynov bildirmişdir ki, elektron bəyannamələrin doldurulması qaydalarının öyrədilməsi əhalinin maliyyə savadının yüksəldilməsinə müsbət təsir göstərir. O, diqqəti Azərbaycan Respublikası Prezidentinin «Dövlət orqanlarının elektron xidmət göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanına yönəldərək qeyd etmişdir ki, vergi ödəyiciləri elektron bəyannamələrin doldurulması zamanı əldə etdikləri bacarıqları digər sahələrə də tətbiq etmək imkanı qazanırlar.  Vergilər nazirinin müşaviri A.Əsədov mikro, kiçik və orta müəssisələr arasında onların hansı biznes növünə aid olması haqqında sorğunun keçirilməsinin zəruri olduğunu bildirmişdir. O, təklif etmişdir ki, sorğu zamanı göstərilən xidmətlərlə əlaqədar vergi ödəyicilərinin əsas problemləri öyrənilməlidir. A.Əsədovun fikrincə, sorğunun «vergi ödəyicisi xidmətlərdən razıdırmı - razı deyilmi» prinsipi əsasında keçirilməsi tam obyektiv nəticələr əldə etmək üçün yetərli deyildir və alınan nəticələr vergi orqanları üçün istiqamətləndirici tövsiyə ola bilməz. O, çıxışında vergi ödəyicisinin bilik səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulamışdır.Görüşün sonunda BMK-nın təmsilçisi, «Maliyyə mühiti üzrə məsləhət xidmətləri» layihəsinin rəhbəri İ.Niderberger bu yaxınlarda Özbəkistan Respublikasında vergi orqanlarının 20 illik yubileyinin qeyd olunacağı barədə məlumat verərək Vergilər Nazirliyinin rəhbərliyindən xahiş etmişdir ki, Azərbaycanda həyata keçirilən vergi islahatları ilə bağlı müsbət təcrübəni  əks etdirən materialların BMK vasitəsilə Özbəkistana çatdırılmasına yardım göstərsin.   

Arzu İbrahİmova