MƏQALƏLƏR

Vergi borclarının məcburi alınması qaydaları təkmilləşdirilir

  • 21.07.2011
  Məqalələr  
 
Vergi borclarının məcburi alınması qaydaları təkmilləşdirilir Vergi orqanları qarşısında qoyulmuş vəzifələrin daha yüksək səviyyədə yerinə yetirilməsi, bu sahədə görülən işlərin keyfiyyətinin artırılaraq günün tələbləri səviyyəsinə çatdırılması və vergi nəzarətinin effektivliyinin təmin edilməsi məqsədilə vergilər nazirinin 15 aprel 2011-ci il tarixli  əmri ilə «Vergilər, faizlər və maliyyə sanksiyaları dövlət büdcəsinə vaxtında ödənilmədikdə onların məcburi alınmasına dair Metodiki Göstərişlər»ə  və «Vergi ödəyiciləri tərəfindən vergi bəyannamələri (hesabatları) vaxtında təqdim edilmədikdə onların məcburi alınmasına dair Metodiki Göstərişlər»ə yeni əlavə və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklərdən irəli gələn vəzifələrin daha dolğun mənimsənilməsi məqsədilə vergi əməkdaşları üçün treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur.İyulun 20-də Vergilər Nazirliyinin müvafiq strukturlarının rəhbərləri və əməkdaşları üçün Xüsusi Rejimli Vergi Xidməti Departamentində treninq keçirildi. Treninq iştirakçıları qarşısında giriş sözü ilə çıxış edən vergilər nazirinin müavini Sahir Məmmədxanov  bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il dövlət büdcəsi haqqında fərmanında Vergilər Nazirliyinin qarşısında qoyulmuş çox mühüm vəzifələrdən irəli gələrək dövlət büdcəsinin ümumi gəlirlərində vergi ödənişlərinin xüsusi çəkisinin tədricən artırılması və bu məsələ ilə bağlı müvafiq islahatların həyata  keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər artıq öz nəticələrini verməkdədir. Belə ki, vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə cari ilin fevral ayının 1-dən sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin uçot məlumatlarının dürüstləşdirilməsi ilə əlaqədar bütün təsərrüfat subyektlərində müşahidələr aparılmağa başlanmışdır. Bu sahədə görülən işlərin səmərəliliyinin artırılması məqsədilə pasportlaşdırılma tədbirləri üzrə müəyyən edilmiş müddət 2011-ci il dekabr ayının 31-dək uzadılmış, görüləcək tədbirlərin qrafiki təsdiq edilmişdir.Nazir müavini diqqətə çatdırmişdır ki, Vergilər Nazirliyinin rəhbərliyi dövlət büdcəsindən yayındırılan vergilərin  büdcəyə cəlb olunması məsələsinə daim böyük önəm vermişdir. Buna baxmayaraq, dövlət büdcəsindən külli miqdarda vergiləri yayındıranların sayı hələ də çoxdur. Ancaq Vergilər Nazirliyi bu cür hallara qarşı mübarizə tədbirlərini gücləndirərək vergi borclarının büdcəyə ödənişində ciddi irəliləyişlərə nail olmaq üçün ardıcıl islahatlar həyata keçirir. Artıq vergilər nazirinin müvafiq əmri ilə nazirliyin vergi borcları strukturlarına operativ nəzarət tədbirləri həyata keçirmək səlahiyyətləri verilmişdir. Vergi Məcəlləsinin 50-ci maddəsinin tələblərinin vergi borcları strukturlarına da şamil edilməsi məqsədilə mövcud metodiki göstərişlərə bir sıra əlavə və dəyişikliklər edilmişdir ki, bu addım vergi borclarının məcburi alınması sahəsində ciddi irəliləyişlərə gətirib çıxaracaq. Vergi borcları sahəsində çalışan əməkdaşlar lazım olan anda operativ vergi nəzarəti tədbirlərini həyata keçirə bilmirdi və bu istiqamətdə qanunvericiliyin pozulması faktlarına heç bir reaksiya olmurdu. S.Məmmədxanov köhnə vergi borclarının büdcəyə alınması işində də ciddi irəliləyişlərə nail olunmasının vacibliyini önə çəkmişdir. Hazırda köhnə vergi borcları sahəsində vəziyyətin qeyri-qənaətbəxş olduğunu bildirən nazir müavini bu məsələlərlə bağlı metodiki göstərişlərə və vergi borcları strukturlarının əsasnamələrinə əlavə və dəyişikliklər olunduğunu vurğulamışdır. Qeyd etmişdir ki, bu yeniliklərlə vergi ödəyicilərinin əmlakının siyahıya alınması sahəsindəki uyğunsuzluqlar da aradan qaldırılacaq. O, böyük gəlirləri olan obyektlərin vergi borclarının yolverilməz olduğunu və belə sahibkarlıq subyektlərinə qarşı qanunvericiliyə uyğun qaydada ən sərt tədbirlərin görülməsinin vacibliyini vurğulamışdır. Sonra metodiki göstərişlərə və nazirliyin struktur bölmələrinin əsasnamələrinə edilmiş əlavə və dəyişikliklərin təfərrüatları ilə bağlı təqdimatlar keçirilmişdir.  Rəşad SADIQOV