MƏQALƏLƏR

Yol gəncliyindir...

  • 21.07.2011
 
 

Yol gəncliyindir... 

Dövlət vergi orqanlarına işə qəbul olunmuş əməkdaşlarla görüş keçirilmişdir

İyulun 12-də Vergilər Nazirliyində dövlət vergi orqanlarına işə qəbul olunmuş əməkdaşlarla görüş keçirilmişdir. Görüşdə vergilər nazirinin müavini, müsabiqə komissiyasının sədri Sahir Məmmədxanov, Vergilər Nazirliyinin Kadr siyasəti və hazırlığı idarəsinin rəisi, baş vergi xidməti müşaviri Faiq Şahbazov və ərazi vergi idarələrinin (ƏVİ) rəhbərləri iştirak etmişlər. S.Məmmədxanov işə qəbul olunanları vergilər naziri cənab Fazil Məmmədovun və bütün vergi kollektivinin adından təbrik edərək demişdir: Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin qarşımızda qoyduğu əsas məsələlərdən biri gənclərlə iş məsələsinə daha diqqətlə yanaşılması və onların işə qəbulu ilə əlaqədar yarana biləcək bütün subyektiv faktorların aradan qaldırılmasıdır. Bu, Vergilər Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir və daim diqqət mərkəzindədir. 2005-ci ildən bu günə qədər vergi orqanlarına işə qəbul test üsulu və müsahibə yolu ilə həyata keçirilir. Bu iki mərhələni müvəffəqiyyətlə keçənlər vergi orqanlarına işə qəbul olunurlar. Artıq test üsulu ilə işə qəbul olunan əməkdaşların vergi orqanlarında sayı 50%-i keçir və bu, deməyə əsas verir ki, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü gənclər siyasətini nazirliyimiz uğurla həyata keçirir».  Dövlət ilə vətəndaş arasında münasibətin yaradılmasında Vergilər Nazirliyinin böyük rolu olduğunu vurğulayan S.Məmmədxanov bildirmişdir ki, gənclərin müsabiqə yolu ilə işə qəbul olunması təklifi dövlət orqanları arasında  ilkin olaraq məhz Vergilər Nazirliyi tərəfindən irəli sürülmüş və möhtərəm Prezident tərəfindən qəbul edilmişdir. O, bu gün vergi orqanlarında əməkdaşların fəaliyyəti üçün əlverişli şərait yaradıldığını gənc əməkdaşların nəzərinə çatdırmışdır. Müasir texnologiyaların Azərbaycanın vergi sisteminə tətbiqi xüsusi vurğulanmışdır. Vaxtilə vergi uçotunun kağızla aparıldığı, ölkənin hər hansı regionuna məktub göndərilməsi uzun zaman tələb etdiyi haldı, indi vergi orqanlarında bütün prosedurlar elektronlaşdırılmış sistem vasitəsilə həyata keçirilir. Bu günlərdə fiziki şəxslərin qeydiyyatı prosesi də elektronlaşdırılmışdır. Praktik olaraq, günün 24 saatında hər bir Azərbaycan vətəndaşı  fiziki şəxs kimi  elektron qaydada qeydiyyata durub vergi uçotu haqqında şəhadətnamə ala bilər. Bununla bərabər, həmin şəxslər Sosial Müdafiə Fondunda, Statistika Komitəsində və digər dövlət qurumlarında da avtomatik olaraq vergi uçotuna düşəcəklər.  S.Məmmədxanov görüşdə iştirak edən ƏVİ-lərin rəislərinin nəzərinə bir daha vergilər naziri cənab Fazil Məmmədovun vergi sistemində gənclərin roluna bəslədiyi münasibəti çatdırmış, gənclərin problemlərinə, onları narahat edən məsələlərə incəliklə yanaşmalarını və hər hansı narazılıqlarının səbəblərinin sona qədər araşdırılmasını tapşırmışdır.İşə qəbul edilmiş gənclərə geydikləri vergi əməkdaşı formasını layiqincə daşımağı tövsiyə edən nazir müavini onlara daşıdıqları məsuliyyətin ciddiliyini də xatırlatmış, hər zaman dövlətə və dövlətçiliyə sadiq olmağı arzulamışdır. Vergilər Nazirliyinin Kadr siyasəti və hazırlığı idarəsinin rəisi Faiq Şahbazov işə qəbul olunmuş əməkdaşları təbrik edərək onlara işlərinə hər zaman sevgi ilə yanaşmağı tövsiyə etmişdir. Gənclərin nəzərinə çatdırılmışdır ki, vergi haqqında biliklərini təkmilləşdirmək üçün onlar əvvəlcə nazirliyin Tədris Mərkəzində kurslara cəlb ediləcəklər. Vergilər naziri cənab Fazil Məmmədovun əmri əsasında işə  yeni qəbul edilmiş əməkdaşların hər birinə hami təyin ediləcək və hər hansı problem yarandıqda təyin olunmuş hamilər öz köməkliklərini göstərəcəklər. İdarə rəisi gənclərə daim öz üzərlərində işləməyi, biliklərini təkmilləşdirməyi tövsiyə etmişdir. 2 saylı ƏVİ-nin rəisi İlqar Əhmədov çıxış edərək bildirmişdir ki, 2005-ci ildən bəri  vergi orqanlarına test üsulu ilə qəbul edilən kadrlar özlərini real işdə doğruldurlar. Son bir il ərzində 2 saylı ƏVİ-yə təyin olunan şöbə rəislərindən  3 nəfəri məhz belə gənclərin arasından seçilmişdir. Həmin gənclər bu müddət ərzində öz bilik və bacarıqlarını işləri ilə sübut edə bilmişlər…  

Arzu İBRAHİMOVA