MƏQALƏLƏR

«Azərbaycanın vergi xəbərləri» jurnalının 6-cı nömrəsi çapdan çıxmışdır

  • 21.07.2011
 

«Azərbaycanın vergi xəbərləri» jurnalının  6-cı nömrəsi çapdan çıxmışdır 

Vergilər Nazirliyinin resenziyalı, aylıq elmi nəşri olan «Azərbaycanın vergi xəbərləri» jurnalının altıncı nömrəsi çapdan çıxmışdır.Jurnalın «Rəsmi» rubrikasında Bakıda keçirilmiş XVIII Beynəlxalq «Xəzər neft, qaz, neft emalı, neft kimyası» sərgi və konfransında, həmçinin Krans Montana Forumunda  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı haqqında yığcam məlumat və dövlətimizin başçısının nitqlərinin xülasəsi verilmişdir.15  İyun - Milli Qurtuluş Gününə həsr edilmiş «Heç vaxt unudulmayacaq şərəfli tarixi gün» sərlövhəli məqalədə ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən bəhs edilir.Vergilər naziri Fazil Məmmədovun IOTA-nın  icraçı  katibi  Marek  Velençiklə  və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Ouenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu ilin iyun ayında keçirdiyi görüşlər barədə məlumat da jurnalın bu sayında yerləşdirilmişdir. «Xəbərlər» bölməsində Azərbaycanla Sloveniya arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında  Konvensiyanın imzalanması, Bakıda vergi ekspertlərinin 7-ci illik Avrasiya seminarının keçirilməsi, Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklər edilməsi, Vergilər Nazirliyində «Açıq qapı günü» keçirilməsi barədə məlumatlar, Azərbaycan Respublikası Prezidentinin  «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin  təşkili sahəsində bəzi tədbirlər haqqında»  23 may 2011-ci il tarixli fərmanının icrası ilə bağlı vergilər nazirinin əmri ilə təsdiqlənmiş Tədbirlər Planı  dərc edilmişdir. Jurnalın elmi məqalələr blokunda bu dəfə də iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu materiallar yerləşdirilmişdir. Bunlar Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi, iqtisad elmləri doktoru Yaşar Kəlbiyevin «Vergi auditi zamanı mühasibat və  vergi uçotu sənədlərinin yoxlanılması işlərinin təşkili»,  iqtisad üzrə fəlsəfə doktoru İlqar Seyfullayevin «Yüksək texnologiyalara əsaslanan iqtisadi modelin qurulmasında dövlətin rolu», Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Səyyaf İsmayılovun «Müəssisənin diversifikasiyası strategiyası», türkiyəli tədqiqatçılar Gülfen Tuna və Vedat Ender Tunanın azərbaycanlı tədqiqatçı Elşən Bağırzadə ilə birgə yazdıqları «Beynəlxalq səhm bazarları arasında səbəb-nəticə əlaqələri: Türkiyə, Yunanıstan və ABŞ-ın timsalında emprik şərh» başlıqlı məqalələri, həmçinin «Azərbaycanın vergi xəbərləri» jurnalının bu ilin may ayında magistrantlar arasında «Vergilər və iqtisadi inkişaf» mövzusunda keçirdiyi referat müsabiqəsində ikinci yer tutmuş ADİU-nun magistrantı İsmayıl Nəbiyevin «Azərbaycanda vergi sisteminin tarixi» sərlövhəli referat işi dərc edilmişdir.Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə 1975-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş İsveç iqtisadçısı Bertil Olinin (1899-1979) və ingilis iqtisadçısı  Ceyms Midin (1907-1995)  həyatı və elmi fəaliyyəti barədə məlumat verir. Bundan başqa, jurnalda iqtisadi terminlər lüğəti və «Müəlliflər üçün qaydalar» dərc edilmişdir.

Toğrul Əliyev