Vergidən yayınma ictimai problemdir Vergi hüquqpozmaları müxtəlif forma və şəkillərdə dünyanın hər yerində özünü göstərən arzuolunmaz hadisələrdəndir: bu, ayrı-ayrı dairələrə və fərdlərə qarşı ciddi məsuliyyətlər yaratmaqla yanaşı, həm də böyük vaxt və vəsait itkisinə səbəb olur. Ona görə də qanun pozuntularının qarşısının alınması, bu cür hadisələri əmələ gətirən səbəblərin aradan qaldırılması, eləcə də baş verən hüquq pozuntularına qarşı ciddi tədbirlərin görülməsi «beynəlmiləl» səciyyə daşıyır və bununla mübarizə aparmağın səmərəli üsullarından biri də ictimaiyyətdə düzgün rəy formalaşdırmaqdır. ƏDV-dən yayınmalar necə baş verir? Bütün dünyada digər vergi növləri ilə müqayisədə ƏDV dələduzluğu ilə məşğul olanların sayı daha artıq olur. Dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən Azərbaycanda ƏDV-dən yayınma halları törədilmə formaları və başvermə sahələrinə görə bir-birindən fərqlənir. Lakin büdcəyə vurduğu ziyanın məbləğindən asılı olmayaraq, həmin hallarla ciddi mübarizə aparılır. Ümumiyyətlə, ƏDV-dən yayınma hallarının bir sıra nüansları əksər ölkələrdə oxşardır. Qeydiyyatsız fəaliyyət, külli miqdarda əməliyyat aparılarkən ƏDV bəyannamələrinin təqdim edilməməsi, digər şəxslərə məxsus vergi hesab-fakturalarının fərdi rekvizitlərini ƏDV bəyannamələrinə daxil etməklə həyata keçirilməmiş əməliyyatlara görə əvəzləşdirmənin aparılması, əmtəəsiz əməliyyatların həyata keçirilməsi, vergi hesab-fakturaları tətbiq etməklə aparılmış əməliyyatların (satışların) müvafiq dövrün bəyannaməsində əks etdirilməməsi - bunlar ƏDV fırıldaqçılarının ən çox istifadə etdikləri «üsullardandır».ƏDV dələduzluğunun qeyd olunan formaları üzrə dünyanın bütün ölkələrində müvafiq orqanlar tərəfindən ardıcıl mübarizə aparılır. Bununla belə, bu sahədə görüləsi işlər, həll edilməli olan problemlər də gündəlikdə qalmaqdadır. Bəzi ölkələr bu problemin həlli üçün ƏDV bank hesablarının yaradılmasını məqsədəuyğun hesab edirlər. Lakin belə hesabların açılması zamanı vergi ödəyiciləri ilə dövlət orqanları arasında münasibətlərin tənzimlənməsinə ciddi fikir vermək lazım gəlir. Yəni «qaş düzəltmək əvəzinə göz çıxarmamaq» üçün bir sıra qabaqlayıcı tədbirlər görülür. Qarşıya çıxan maneələr ƏDV-dən yayınan vergi ödəyicilərinə qarşı müvafiq tədbirlərin görülməsi zamanı qarşıya bir sıra maneələr də çıxır. Xüsusilə vergi hesab-fakturaları tətbiq etməklə əməliyyat aparılan, lakin həmin əməliyyatların müvafiq dövrün bəyannamələrində əks etdirilməməsi və vergi ödəyən müəssisə rəhbərlərinin və ya fiziki şəxslərin «iz itirərək» vergi orqanlarından gizlənmələri ilə müşayiət olunan belə maneələr, son nəticədə, vergi orqanlarının işini daha da çətinləşdirir. İtirilmiş və oğurlanmış hesab edilən vergi hesab-fakturaları əsasında əvəzləşdirmələrin aparılmasını və müəssisənin rəhbəri kimi heç bir əmlakı olmayan şəxslərin rəsmiləşdirilməsi məsələlərini də buna aid etmək olar. ƏDV-dən yayınmanın baş vermə sahələri ƏDV-dən yayınma halları baş verdiyi fəaliyyət sahələrinə görə də fərqlənir: bu, bəzi sektorlarda az, bəzilərində çox müşahidə olunur. Məsələn, Fransada ƏDV dələduzluğuna ən çox xidmət sferasında rast gəlinir. İtaliyada isə ƏDV qaçaqçılığı istehsal və ticarət sahəsində özünü daha qabarıq göstərir. Ümumiyyətlə, ƏDV fırıldaqçılığı istehsal, xidmət, ticarət və digər sahələri daha çox əhatə edir və bunların arasında xidmət və ticarət sahələri daha qabarıq nəzərə çarpır. Rüfət MƏRDANOV |
|