MƏQALƏLƏR

Azərbaycan qanunvericiliyi: sahibkarların hüquqları

  • 21.07.2011

 Azərbaycan qanunvericiliyi: sahibkarların hüquqları

Sahibkar olmaq  və hüquqlar qazanmaq bəlkə də çox asandır, lakin  sahibkarlıq fəaliyyəti göstərmək üçün məcburi vəzifələr və öhdəlikləri bilmək, həmçinin onları yerinə yetirmək lazımdır.

Azərbaycan qanunvericiliyi sahibkarlara geniş hüquqlar verir. İlk dəfə 15 dekabr 1992-ci ildə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan  Respublikasının qanunu qüvvəyə minmişdir. Üç il sonra, dəqiq desək 12 noyabr 1995-ci ildə qəbul olunmuş  Azərbaycan Respublikası Konstitusiyasında, Maddə 59-da azad sahibkarlıq hüququna təsbit olunur: Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:

-İstənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;

-Dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının və əmlak hüquqlarını qanunvericiliyə müvafiq  olaraq tamamilə və ya qismən əldə etmək;

-Başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;

-İşçiləri isə qəbul etmək və qanunvericiliyə müvafiq  olaraq onları işdən azad etmək;

-İşçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək;

-Təsərrüfat-maliyyə fəaliyyətini müstəsna həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehsalçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək;

-Öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək;

-Pul vəsaitinin saxlanılması, hesablanma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;

-Sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək;

-Dövlət sosial təminat sistemindən istifadə etmək;

 -Hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və digər orqanların, təsərrüfat subyektlərinin və fiziki şəxslərin hərəkətlərindən şikayət etmək;

 -Xarici iqtisadi münasibətlərdə iştirak etmək və valyuta əməliyyatları aparmaq;

- İctimai fondlara, səhiyyə, xeyriyəçilik, maarifçilik məqsədlərinə, elmi və mülki məqsədlər, müharibə və başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yardım göstərilməsinə ianələr vermək;

 -Həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək;

-Dövlət sığorta fonduna, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək;

-Qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəmək.

Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən sahibkarlar seçilmiş təşkilat formasından asılı olaraq tam və ya məhdud əmlak məsuliyyəti daşıyırlar. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkar bu fəaliyyətlə bağlı öhdəliklər üçün özünün bütün əmlakı ilə cavabdehdir. Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar rəhbərlik etdiyi müəssisənin öhdəlikləri üçün bağlaşmada müəyyən edilmiş həcmdə məsuliyyət daşıyır. O, bağlaşmadan irəli gələn öhdəliklərin icra edilməsi və ya lazımi qaydada icra edilmədiyi üçün də eyni məsuliyyət daşıyır. Sahibkar Azərbaycan Respubilkasının qanunvericiliyinin tələblərinə əməl etmədiyi öz öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi hallarda qanunvericiliyə uyğun olaraq mülk-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır.

Dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi və pul-kredit vasitəsi ilə tənzimləyir. Dövlət maddi-texniki, maliyyə, əmək, informasiya və təbii ehtiyatlardan istifadə sahəsində mülkiyət və təşkilati-hüquqi imtiyazlara və qeyri-bərabərliyə yol vermir.

Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin öncül istiqamətlərini və buna müvafiq olaraq qanunvericilik sistemini müəyyənləşdirir. Dövlət sahibkalığa kömək məqsədilə ilə informasiya, məsləhət, elm və tədris mərkəzləri, maliyyə fondları yaradır, vergi ödənişlərinin, Azərbaycan Respubilkasının Milli Bankı ssudalarının faizlərinin, amortizasiya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir. Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır. Nəzarəti həyata keçirmək hüququna yalnız qanun əsasında bu hüquqlar verilmiş orqanlar malikdir. Vergi, antiinhisar, sanitariya, ekologiya və s. dövlət nəzarət orqanlarının yoxlamaları yalnız onların səlahiyyətlərinə müvafiq surətdə həyata keçirilir. Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin səlahiyyətlərinə aid məsələlər – qanunçuluğun gözlənilməsi, ölkənin və vətəndaşların təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət və antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından qorunma və arxitektura normalarının gözlənilməsi və tarixi abidələrin mühafizəsi məsələləri üzrə yol verilir.

Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.

Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında"  28 sentyabr 2002-ci il tarixli Fərmanına əsasən, dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində yoxlamalar qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda yalnız Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər. 2011-ci ilin yanvar-may aylarında dövlət orqanlarının müraciəti əsasında 2853 sahibkarlıq subyektində keçiriləcək yoxlamalarda iştirak məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi ayrılmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə  2011-ci il 15 fevral tarixli Fərmanına əsasən 1 may 2011-ci il tarixindən müəyyən olunmuş qaydada reallaşdırılan hər bir dövlət nəzarət tədbirinin reyestrdə qeydiyyata alınması eyni vaxtda bir sahibkarlıq subyektində müxtəlif yoxlamaların aparılmasının qarşısının alınmasına, konkret məsələ üzrə aparılan araşdırmaların tezliyinə nəzarət etməyə, həmçinin sahibkarlıq subyektlərinin öncədən aparılacaq yoxlama və 5 iş günü müddətində reallaşdırmış nəzarət tədbirinin nəticələri haqqında məlumatlanmasına şərait yaradır. Digər tərəfdən isə hər 3 aydan bir sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə, reyestrdə qeydiyyata alınmış məlumatlar üzrə Azərbaycan Respublikası Prezidentinə və Nazirlər Kabinetinə hesabatın təqdim olunması dövlət orqanlarının bu sahədəki fəaliyyətinə nəzarət mexanizmini gücləndirəcəkdir.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi aparılan nəzarət tədbirlərinin sistemliliyinin təmin edilməsinə, hər bir dövlət orqanının sahibkarlıq subyektlərində həyata keçirdiyi nəzarət tədbirlərinin dairəsinin, dövlət nəzarət tədbirlərində dövlət orqanlarının və sahibkarlıq subyektlərinin hüquqlarının (və vəzifələrinin), yoxlamaların keçirilmə tezliyinin müəyyənləşdirilməsinə şərait yaradacaqdır.

Sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılmasının səmərəliliyini artırmaq məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə "Nəzarət Kitabçası" haqqında  Əsasnamə" təsdiq edilmişdir. Bu sənəd "Nəzarət Kitabçası"nın tətbiqinin işlək mexanizmini və onun nəticələrinin təhlilini nəzərdə tutur. Sənədə əsasən, sahibkarlıq subyektlərində yoxlamalar Nəzarət Kitabçasında qeydiyyat aparıldıqdan sonra başlaya bilər və yoxlamanın sonunda yoxlama ilə bağlı müvafiq məlumatlar tam ºəkildə Kitabçaya yazılmalıdır.

 Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə  Fərmanının tələbləri rəhbər tutularaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  16 iyun 2011-ci il tarixli Qərarı ilə "Nəzarət kitabçası" haqqında Əsasnamə"sinə "2.4-1. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir." maddəsi əlavə edilmiş və Nəzarət Kitabçalarında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu"nun qeyd edilməsi təsbit olunmuşdur.  

Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birliklərin müdaxiləsinə yol verilmir. Hüquqi şəxs yaradılmaqla həyata keçirilən sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəətdən və sahibkarın şəxsi gəlirindən vergilərin tutulması Azərbaycan Respublikasının qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Sahibkardan əsassız olaraq məcburi surətdə vergi və digər ödəmələr tutularsa və ya sahibkara vergi qanunvericiliyini pozduğuna görə cərimə sanksiyaları düzgün tətbiq edilməzsə, sahibkarın buna yol  vermiş orqanlara iddiası üzrə bütün qeyri-qanuni tutulmuş məbləğ həmin dövr üçün kredit faizi əlavə olunmaqla qaytarılır və ya sahibkarın razılığı ilə növbəti dövrün vergilərinin ödənməsi hesabına aid edilir.

Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin səlahiyyətlərinə aid məsələlər – qanunçuluğun gözlənilməsi, ölkənin və vətəndaşların təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət və antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından qorunma,  arxitektura normalarının gözlənilməsi və tarixi abidələrin mühafizəsi məsələləri üzrə yol verilir. Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur.

Sahibkarlıq fəaliyyətinə xitam verilməsi haqqında qərarı sahibkar (mülkiyyətçi) özü və ya məhkəmə qəbul edə bilər. Sahibkarlıq fəaliyyətinə məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Sahibkar vəfat etdikdə onun əmlakı mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun varisinə keçir.

Analitik və təhlil bölməsi