Sahibkarlığın inkişafı sığorta müqavilələrinin sayını artırır
Sahibkarlığın inkişafı sığorta müqavilələrinin sayını artırır
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov: “sığorta bazarı yenidən sabit inkişaf yoluna qayıdıb”
Ölkəmizdə liberal iqtisadiyyatın və sahibkarlığın inkişafında sığortanın rolu danılmazdır. Sahibkarlar risklərlə qarşılaşdıqda işlərinə qaldığı yerdən davam etmələri üçün sığorta onların köməyinə çatır. Eyni zamanda sahibkarlığın inkişafı da sığorta bazarının həcminin böyüməsinə öz müsbət təsirini göstərir.
Zaman keçdikcə sahibkarlar və əhalinin sığorta barədə biliklərinin artması və dövlət tərəfindən yeni icbari sığortaların işlənib hazırlanması sığorta bazarında yenidən canlanma yaradıb. Bunlarla bərabər görüləsi işlər də çoxdur, bir sıra sığorta növlərinin inkişaf etdirilməsinə, sahibkarların ehtiyaclarına cavab verən sığorta məhsullarının yaradılmasına, maarifçilik istiqamətində işlərin gücləndirilməsinə ehtiyac duyulur.
Ölkəmizdə sığorta sahəsinə nəzarəti həyata keçirən, sığorta bazarının inkişaf etdirilməsinə və sığorta sisteminin təkmilləşdirilməsinə cavabdehlik daşıyan qurum Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətidir. Xidmətin rəisi Namiq Xəlilov yuxarıda qeyd olunan və olunmayan bir sıra məsələlər barədə qəzetimizə xüsusi müsahibə vermişdir.
-Namiq müəllim, 2011-ci ilin birinci yarısı arxada qalmışdır. Azərbaycanın sığorta bazarı son 6 ayda özünü necə göstərmişdir?
-Son 6 ay ərzində Azərbaycanın sığorta bazarında ötən illin eyni dövrü ilə müqayisədə 29 faiz artım olmuşdur. 2011-ci ilin yanvar - iyun ayları ərzində bütün sığorta sinifləri üzrə daxil olmuş sığorta haqları təqribən 98,3 milyon manat təşkil etmişdir. Bu ötən illə müqayisədə 21 milyon manat çoxdur. Artım həm həyat, həm də qeyri-həyat sığortası növləri üzrə olmuşdur. Eyni zamanda rəqəmlər çox da böyük olmasa da, artım tempi nöqteyi-nəzərindən könüllü həyat sığortası üzrə təxminən 50 %-ə yaxın artım olub. Bu o deməkdir ki, sığorta bazarı yenidən sabit inkişaf yoluna qayıdıb.
- Bu templə artım davam edərsə bazarın həcminin 2011-ci ilin sonunda 200 milyon manata yaxınlaşacağını gözləyirsinizmi?
-Yaxınlaşacaq. Hər halda ötən ildəkindən çox olacaq. 2009-2010-cu illərdə müəyyən səbəblərdən sığorta bazarında artım olmamışdı. Amma bu ildən biz artımı görürük. Həm də bu onu göstərir ki, Azərbaycanda bank sahəsində, sahibkarlıq sahəsində inkişaf var və daha çox sığorta müqavilələri bağlanır.
-Hazırda iri, kiçik və orta müəssisələrin sayı hər gün artır, buna müvafiq olaraq da dövlət büdcəsinə özəl sektor tərəfindən ödənilən vergilərin də həcmi çoxalır. Lakin sığortanın artım tempi özəl sektorun inkişafı ilə ayaqlaşa bilmir. Siz bunun əsas səbəbini nə ilə izah edərdiniz?
- Ölkəmizdə keçən il adambaşına düşən sığorta məbləği 17,2 manat olmuşdur. Bu da kifayət qədər kiçik məbləğdir. Amma bu göstərici MDB ölkələrində Rusiya, Qazaxıstan, Ukrayna və Belarusdan sonra 5-ci göstəricidir. Əsas səbəblərdən biri bundan ibarətdir ki, ölkəmizdə sahibkarların və əhalinin öz risklərini sığortalamaları adət şəkilini almayıb. Həmçinin sığortanı almaq üçün insanların hansısa minimal gəlir səviyyəsi olmalıdır. Artıq Azərbaycanda da iş adamlarının və əhalinin gəlirləri artır və rəqəmlər elə bir həddə yaxınlaşır ki, bundan sonra sığortaya marağın artmasını gözləmək olar. Təbiidir ki, burada sığorta şirkətləri gözləmə mövqeyi tutmamalıdırlar. Sığortaçılar ilk növbədə maarifləndirmə, reklam işləri aparmalıdırlar, öz xidmətlərini müştərilərinə daha başadüşülən tərzdə təqdim etməlidirlər. Sığorta xidmətləri insanlara daha rahat şəkildə təqdim olunmalıdır. Eyni zamanda sığorta xidmətləri elə xidmətlərdir ki, onun satışı üçün müəyyən şəbəklər olmalıdır. Avropa ölkələrində, Amerikada sığorta şirkətləri özləri birbaşa olaraq əhaliyə və iş adamlarına satış ilə məşğul olmurlar. Onu banklar, sığorta agetləri kimi vasitəçilərin köməyi ilə həyata keçirirlər. Yəni bizim sığorta şirkətləri bu şəbəkəni yaratmalıdırlar. Sirr deyil ki, sığorta şirkətləri Bakı şəhərində cəmləşib və ancaq bir neçə sığorta şirkətinin bir neçə rayonda filialları var. Əhatə artmalıdır, sığortaçılar əyalətlərə ayaq açmalıdırlar, orada maarifləndirmə işlərini aparmalı, öz xidmətlərini təqdim etməlidirlər. Əyalət insanlarına sübut etməlidirlər ki, sığorta faydalı bir şeydir.
-Kənd təsərrüfatı ilə məşğul olan fermerlər əkinlərini və sahib olduqları heyvanları sığorta etdirməyə çox da maraq göstərmirlər. Digər tərəfdən də sığorta şirkətləri də aqrar sektorla işləməyə can atmırlar. Problemi necə həll etmək olar? Rəhbərlik etdiyiniz xidmət tərəfindən bu sığorta növünün inkişafı üçün yeni bir plan hazırlayırmı?
-Kənd təsərrüfatının sığortalanmasının stimullaşdırılmasının beynəlxalq təcrübədə bir neçə forması var. Hal-hazırda tərəfimizdən təcrübələr öyrənilir və bu istiqamətdə işlərin görülməsi planlaşdırılır. Eyni zamanda, hazırda sığorta şirkətlərinin kənd təsərrüfatını sığortalamaları və fermerlərin sığorta təminatı almaları üçün demək olar ki, şərait var. Dövlət tərəfindən bu sığorta növünə dəstək də mövcuddur. Belə ki, kənd təsərrüfatı sığortası üzrə sığorta haqlarının 50 faizi dövlət büdcəsindən ödənilir. Hansısa fermer risklərini sığortalatdırdıqda onlar sığorta şirkətlərinə hesablanmış sığorta haqqının 50 %-ni özləri ödəyir, digər 50 %-ni isə sığortaçıya dövlət büdcəsindən ödənilir. Bu barədə sığortaçılar da məlumatlıdırlar. Yəni bizdə belə bir sistem var. Söhbət bu sistemi daha da təkmilləşdirməkdən, ona digər imkanlar verməkdən gedir.
-Belə çıxır fermerlərin sığorta barədə bilikləri aşağı olduğundan belə bir imkandan faydalanmırlar?
- Bəli, fermerlərin sığorta barədə məlumatları artırılmalı, maarifçilik işləri görülməlidir. Maarifçilik işinin aparılması yükü də əsas sığorta şirkətlərinin ictimai birliklərinin üzərinə düşür. Onlar bu istiqamətdə daha fəal olmalıdırlar.
-Bəs sığorta şirkətləri niyə kənd təsərrüfatı sığortasına maraq göstərmirlər?
-Kənd təsərrüfatı sığortası spesifik sığorta növüdür. Bu sığorta növü ilə məşğul olmaq kifayət qədər riskli məsələdir. Burada təkrarsığortanın rolu çox böyükdür. Təkrarsığorta təminatını da beynəlxalq təkrarsığorta bazarından əldə etmək bir qədər bahalıdır, əlçatan deyil. Ona görə də müəyyən problemlər var. Artıq mən deyə bilərəm ki, bir neçə şirkətlərimiz var ki, bu sahəni özünün əsas istiqaməti kimi görür və bu istiqamətdə ciddi addımlar atırlar. Yəqin ki, biz onun nəticələrinin yaxın zamanda şahidi olacağıq.
-İstərdim söhbətimizi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta barədə davam etdirək. Bu yaxınlarda maliyyə nazirinin müavini Azər Bayramov mətbuata belə bir açıqlama verib - “Öz işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmək istəməyən şirkətlərə qarşı daha sərt nəzarət tədbirlərinin görülməsinin vaxtı çatıb”. Sərt nəzarət tədbirləri dedikdə nələr nəzərdə tutulur?
-Bu növ icbari sığorta müqaviləsinin bağlanmasına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi nəzarət edir. Təbii ki, onlar da nəzarət tədbirləri görür, qanunvericiliyə uyğun qaydada göstərişlər verir, yerinə yetirmədikdə cərimələr tətbiq edir. Eyni zamanda bu sığorta növü barədə mən demək istəyirəm ki, artıq Azərbaycanda 500 min nəfər işçi bu sığorta növü ilə əhatə olunub. Onu da demək istəyirəm ki, artıq bu sığorta növü üzrə iş yerində qəza nəticəsində həlak olmuş və ya əmək qabiliyyətinin itirilməsinə görə sığorta ödənişləri də verilib və sığorta şirkətlərində baxılan onlarla ərizələr də var. Bu sığorta növü işlək sığorta növüdür, onun real faydası görünməkdədir. Bir məsələni də qeyd etmək istərdim ki, əksər şirkətlər kənardan heç bir müdaxilələr olmadan bu sığorta növü üzrə müqavilələr bağlayırlar. Çünki sahibkarlar bu icbari sığorta ilə tanış olduqda özləri üçün çox faydalı bir sığorta növü olmasını başa düşürlər. Cüzi bir məbləğdə sığorta haqqı ödəməklə külli miqdarda sığorta ödənişi almaq, zərərçəkmişə və onun ailəsinə hansısa ödənişin təmin edilməsi üçün çox gözəl bir mexanizimdir.
-Namiq müəllim, qeyd etdiyiniz kimi Azərbaycanda sığorta haqları və ödənişləri artmağa başlamışdır. Belə bir vəziyyət sığortadan sui-istifadə hallarının çoxalacağı ehtimalını da artırır. Azərbaycanda sığorta şirkətlərini aldadaraq sığorta ödənişi alan və buna cəhd edənlərə qarşı hansısa məsuliyyət nəzərdə tutulubmu? Ayrıca olaraq sui-istifadə hallarına qarşı hüquqi sənədin işlənilməsinə ehtiyac varmı? Məsələn, Türkiyədə belə şəxslərə qarşı 2 ildən 7 ilə qədər həbs nəzərdə tutulmuşdur.
-Düşünmürəm ki, qanunvericilikdə ayrıca nə isə olmalıdır. Bu dələduzluqdur, Cinayət Məcəlləmizdə də dələduzluğa görə məsuliyyət göstərilib. Bu bəlkə bir az zarafatdır, ölkədə sığorta dələduzluğunun artması ona dəlalət edir ki, sığorta inkişaf edir və insanlar sığorta şirkətindən ödəniş almağa daha çox inanırlar. Sığortalılar tərəfindən dələduzluq ümumdünya problemidir, bir xəstəlikdir. Bu hər yerdə var. Mən deməzdim ki, dələduzluq çox da asan bir işdir. Müəyyən əlamətlər, nüanslar var ki, onlar həmişə sığorta şirkətlərində hadisəni təhlil edən mütəxəssislərdə şübhə doğurur. O halda sığortaçılar tərəfindən əlavə yoxlamalar keçirilir, müəyyən dəqiqləşdirmələr aparılır. Bizdə də məlumatlar var ki, mütəmadi olaraq belə bir cəhdlər olur. Çox halda üstü açılır, açılmayan hallarda isə ödəniş almağa müvəffəq olurlar. Amma mən düşünmürəm ki, bu hazırda Azərbaycanda böyük bir problem olub. Amma sığortanın kütləviliyi artdıqca nəzarət imkanları da azalır. Ona görə də bu sahədə sığortaçılar müasir imkanlardan, informasiya texnologiyalarından istifadə etməlidirlər. İnformasiya texnologiyaları vaxt və məsrəf itirmədən məlumatları tutuşdurmağa, müqayisə etməyə, hansısa məlumatları tapmağa imkan verir. İnformasiya texnologiyaları böyüyən sığorta bazarında sığorta şirkətlərinə müvəffəqiyyətlə işləmələrinə təminat verən amillərdən biridir və bu gün informasiya texnologiyalarından istifadə etməyən sığorta şirkətinin gələcəyi yoxdur.
-Namiq müəllim müsahibənizə görə təşəkkür edirəm.
-Sağ olun.
Müsahibəni apardı: Seymur Yunusov