Erkən nikahların fəsadları
Ailə cəmiyyətin kiçik modelidir. Ailələrin sağlam qurulması gələcək nəslin təminatıdır. Ölkəmizdə, xüsusən regionlarda qızların erkən yaşlarda ərə verilməsi və qohumlar arasında, həttə uşaq doğulmamışdan öncə kiminlə ailə quracağının müəyyənləşdirilməsi kimi hallara tez-tez rast gəlinir.
Nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Məcəllədə nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən, amma nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər.
Bundan əlavə Azərbaycan Respublikasının Ailə Məcəlləsi haqqında qanunda da 18 yaşına çatmayan şəxsləri uşaq hesab edilir. Bu, həmçinin “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb.
Regionlarda erkən və qohum nikahlara sürükləyən səbəblər kimi təhsilin aşağı səviyyədə olması və ya heç olmaması, dünyagörüşünün dar çərçivədə olmasıdır. Erkən nikahların tibbi cəhətdən insan orqanizmində törətdiyi fəsadlar, qohum nikahlardan doğulan uşaqların sağlamlıq göstəriciləri, həmçinin gənc valideynlərin cəmiyyətə, dövlətə faydalı vətəndaş yetişdirmə potensialı problemə çevrilir.
Araşdirmalar göstərir ki, erkən nikaha bioloji faktorlar mane olur. Qızların 14-15-16 yaşında ərə verilməsi tibbi baxımdan düzgün deyil. Bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlar zəif və azçəkili olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Bu yaşda ərə verilən qızlar ailə həyatı üçün psixoloji cəhətdən də hazır olmur. Oğlanlar isə ailəni idarə edə bilmirlər. Onlarda iqtisadi asıllıq yaranır. Ailənin maddi və mənəvi cəhətdən təminatı valideyndən aslı olur. Bu baxımdan gənc ailədə problemlər yaranır.
Bəzi valideynlər düşünür ki, öz övladlarının tez ailə qurması onlarda məsuliyyət hissi oyadacaq. Bəziləri isə övladlarının onlardan asılı olması üçün bu addımı atırlar. Amma hər iki halda onlar yanılırlar. Bu halda məsuliyyət və problemin həlli valideynlərin üzərinə düşür. Sonrada isə cəmiyyətin probleminə çevrilir. Bəs bunu aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
Hamıya məlumdur ki, erkən nikahların qurulamsının səbəbkarıda kəbin kəsən bəzi mollalardır. Bununla bağlı onlara xəbərdarlıq olunmalıdır və bu xəbərdarlığa məhəl qoymayan mollaları cəzalandırmaq lazımdır.
Valideynləri və yeniyetmələr arasında təbliğat işi aparılmalıdır.
Dövlət tərəfindən sosioloji problemlər aradan qaldırılmalıdır.
Qız və oğlanları təhsillə yönəltmək üçün xüsusən kənd yerlərində müəyyən işlər görülməlidir.
Rauf QARAYEV
AJB-nin üzvü.
|