MƏQALƏLƏR

“Kiməsə dəyən zərərin ödənilməməsinə yol verilməməlidir”

  • 12.08.2011

“Kiməsə dəyən zərərin ödənilməməsinə yol verilməməlidir”

Azərbaycan Respublikası Milli Məclisi yeni “İcbari sığortalar” haqqında qanun qəbul edib. Həmin qanun yaxın zamanlarda Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəkdir. Qanunun qüvvəyə minməsilə avtomobillərin icbari sığortasında da bir sıra yeniliklərin olacağı gözlənilir.

Ölkəmizdə sığorta sahəsinə nəzarəti həyata keçirən, sığorta bazarının inkişaf etdirilməsinə və sığorta sisteminin təkmilləşdirilməsinə cavabdehlik daşıyan qurum Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  Dövlət Sığorta Nəzarəti Xidmətidir. Xidmətin rəisi  Namiq Xəlilov avtomobillərin icbari sığortası sahəsində baş verəcək dəyişikliklər barədə jurnalımıza  xüsusi müsahibə vermişdir.

Məsuliyyətini mütləq sığortala

Avtomobil sahəsində icbari sığorta dedikdə, “Nəqliyyat vasitələri sahiblərinin üçüncü şəxslər qarşısında məsuliyyətinin icbari sığortası” başa düşülür. Xidmətin rəisi  Namiq Xəlilov ilk növbədə bu icbari sığorta növünün üstünlüyünə toxundu: “Könüllü sığortadan fərqli olaraq  bu icbari sığortada zərərvuran spirtli içkili, narkotik maddənin təsiri altında olsa belə və ya sürücülük hüququ olmayan şəxs tərəfindən  törədilərsə zərərçəkənə ödəniş verilir. Lakin bu halda sığorta şirkətinin zərər vurmuş şəxsə qarşı subraqrasiya hüququ yaranır, yəni ödənilmiş məbləği zərərvurmuş şəxsdən tələb edir. Yuxarıda qeyd olunan hallarla müşaiyət olunmayan digər hallarda isə subraqrasiya hüququ yaranmır”.

Təminat 9 dəfə artır

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi  Namiq Xəlilov bildirdi ki, hazırda mövcud olan ödəniş limitlərinə və 8-10 manat sığorta haqlarına baxdıqda bu sığorta nə əhali, nə də sığortaçılar üçün maraqlı deyil: “Qanun 1996-cı ildə qəbul olunub, o vaxtkı avtomobillərin qiyməti ilə bugünkü avtomobillərin qiyməti arasında böyük fərq var. Ona görə də 1000 manat cüzi məbləğdir. Əksər hallarda dəymiş zərəri ödəmir. Həm də hər bir halda müəyyən sənədlər toplanmalıdır, DYP-dən hansısa arayışlar alınmalıdır. İnsanlar da cüzi bir məbləğə görə bütün prosedurları keçmək istəmirlər,bu işin dalına düşmürlər. Yeni qanunda sığorta məbləği əmlaka dəyən zərərə 1000 manatdan 5000 manata, insana dəyən zərər üzrə yenə də 1000 manatdan 5000 manata qaldırılır. Əgər hazırda qüvvədə olan qanunla  cəmi insanların səhhətinə dəyən zərər 5000 manatla məhdudlaşdırılıbsa, yeni qanunda isə bir nəfərə dəyən zərər məbləği 5 dəfə artırılır, yəni 5000 manata, ümumi məbləğ də 5000 manatdan 50000 manata artırılır. 5000 manat əmlaka dəyən zərərə görə, 50000 manat da sağlamlığa dəyən zərərə görə ümumi təminat 55000 manat olacaqdır.

Bəzi hallarda yol polisinin arayışı tələb olunmayacaq

“İkinci məqam ondan ibarətdir ki, müəyyən şərtlər mövcud olarsa və yerinə yetirilərsə onda sığorta ödənişi almaq üçün dövlət yol polisindən arayış almaq lazım olmayacaq. Dəymiş zərərin ehtimal olunan məbləği 1000 manatı ötmür, yol-nəqliyyatı hadisəsi iştirakçılarından hər iki tərəf icbari qaydada sığortalıdır, tərəflər arasında hadisədə kimin təqsirkar olması barədə fikir ayrılığı yoxdur, hadisə nəticəsində heç bir şəxsin sağlamlığına zərər dəyməyib - bu hallarda yol nəqliyyat hadisəsi barədə yol polisindən arayış lazım olmayacaq. Sadəcə protokol forması olacaq, hansını ki, tərəflər özləri doldurub imzalayaraq sığorta şirkətinə təqdim edəcəklər”.

Mühərriki böyük avtomobillərə görə daha yüksək sığorta haqqı ödəniləcək

“Ödəniş limitlərinin artması sığorta haqqının artmasına səbəb olacaqdırmı?” sualına Namiq Xəlilovun cavabı aşağıdakı kimi oldu:  “Sığorta haqqı təbii ki, artacaqdır. Amma necə olacaqdır? Baza sığorta haqqı müəyyənləşdiriləcək, sonra isə həmin baza sığorta haqqına nəqliyyat vasitəsinin mühərrikinin həcmindən asılı olaraq müəyyən olunmuş əmsallar tətbiq olunacaq. Biz indi yaxşı sürücü ilə pis sürücüyə cüzi fərq qoyuruq. Yaxşı sürücü 8 manat, pis sürücü 10 manat sığorta haqqı ödəyir. Bunun üçün planlaşdırılır ki, beynəlxalq təcrübədə təşəkkül tapmış Bonus-malus sistemi tətbiq olunsun. Bu sistem o deməkdir ki, risk sinifləri müəyyənləşdiriləcək və hər bir kəs qəzalarda təqsirkar olma sayına görə  risk sinifinə daxil olacaqdır. Kimsə aşağı risk sinifinə düşdükdə ona normal sığorta haqqından 50 faizə qədər endirimlər ediləcək. Əksinə qəzalarda daha çox təqsirkar olarsa o yüksək risk siniflərinə aid olunacaqdır. Tutaq ki,  sürücü il ərzində bir qəza törədibsə, onda vəziyyəti iki pillə pisləşəcəkdir. İki və daha artıqdırsa, onda ən pis risk sinifinə düşür, bu halda da sürücü normal sığorta haqqından bir neçə dəfə artıq sığorta haqqı ödəməli olur. Burada pisləşmə daha tez, yaxşılaşma isə daha gec baş verəcəkdir. Əgər bir il qəza törətməklə iki pillə pisləşirsə, bir il qəza törətməməklə o, 1 pillə yaxşılaşacaqdır”.

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi  Namiq Xəlilov bunu da bildirdi ki, hazırda ölkəmizdə texniki baxışdan keçən avtomobillərin təxminən 40-45%-nin sahibləri məsuliyyətin icbari sığortasını alır. Bu ildən isə texniki baxış zamanı bu sığorta məcburidir və avtomobil sahiblərinin 100 faizini sığortaya cəlb edilməsi hədəf kimi qarşıya qoyulub.

Müsahibəni apardı: Seymur Yunusov