MƏQALƏLƏR

Mətbuat nümayəndələri Qafqaz Konserv Zavodunda oldular

  • 19.08.2011

Mətbuat nümayəndələri  Qafqaz Konserv Zavodunda oldular

5 avqust 2011-ci il tarixində “Azərsun Holdinq” Şirkətlər Qrupunun  İctimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin təşəbbüsü ilə  paytaxt və bölgələrdə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrində çalışan jurnalistlər holdinqin  Qafqaz Konserv Zavodunda oldular. Jurnalistlər  zavod haqqında ətraflı məlumat almaqla bərabər,  istehsal prosesini yaxından izləmişlər.  Qafqaz Konserv Zavodunun direktoru Əmir Zaeynalzadə və holdinqin İctimaiyyətlə əlaqələr və Sosial xidmətlər departamentinin bölmə rəisi Afiq Səfərov jurnalistlərin çoxsaylı suallarına aydınlıq gətirmişlər.

Qafqaz Konserv Zavodunun direktoru Əmir Zeynalzadə bildirmişdir ki, bu il pomidar bol olduğundan  gətirilən məhsullar zavodun qəbul və emal gücündən çoxdur. Gün ərzində 430 ton məhsul qəbul edilir ki, onun 400 tonunu pomidor təşkil edir. Qalan 30 tonun 20 tonu digər tərəvəz məhsullarının,  10 tonu isə meyvələrin payına düşür.  Mətbuatda növbələrin yaranması ilə bağlı həqiqət öyrənilmədən yayılmış xəbərlərə təəssüfləndiklərini bildirən direktor, zavodun maksimum gücü ilə çalışdığını qeyd etdi. Hazırda zavod 24 saat 3 növbəli iş rejimində işləyir.  Məqsəd mövsüm bitənə qədər pomidor qəbulunu  davam etdirmək və fermerləri razı yola salmaqdır.

Qafqaz Konserv Zavodu fermerlərdən  pomidorun hər kiloqramını 9 qəpikdən qəbul edir. Bildirildi ki, pomidorun alış qiyməti bazar qiymətinə yaxındır, bununla bərabər zavod irili-xırdalı, əzilmiş olsa belə pomidoru qəbul edir.  Zavodun qəbul qiymətilə fermerlər də razılaşırlar. Fermerlər jurnalistlərlə söhbət zamanı bildirdilər ki,  uzaq bazarlara getmədən məhsullarını rahat şəkildə və sərfəli qiymətə zavoda satırlar.  Onların sözlərinə görə zavoda həftədə 4-5 dəfə pomidor təhvil verənlər var. Qafqaz Konserv Zavoduna pomidor satanlar təkcə fermerlər deyil, onların arasında vasitəçilər də var. Şabran, Siyəzən, Şamaxı və Göyçay rayonlarından pomidor nisbətən ucuz qiymətə alınıb Xaçmaza daşınaraq zavoda təhvil verilir.  Amma zavod üstünlüyü daha çox fermerlərə verir.

Qafqaz Konserv Zavodunun direktoru sahənin bir sıra çətinliklərini də dilə gətirmişdir. O qeyd etmişdir ki,  məhsulun illər üzrə stabil olmaması həm zavod, həm də fermerlər üçün çətinlik yaradır. Həmçinin müqavilə bağlanaraq kredit ayrılmış fermerlərin pomidor qıt olan zaman onu zavoda təhvil vermək əvəzinə bazarlarda satmaları  kredit ayırmaq təcrübəsini doğrultmamışdır.

Jurnalistlərə zavod haqqında ümumi məlumat verildikdən sonra onlar zavodun ərazisini gəzərək istehsal proseslərini izlədilər. Müşahidə olundu ki, ilk növbədə gətirilmiş pomidorlar tərəzidə çəkilərək zavod ərazisinə buraxılır. Sonra pomidorlar su hovuzuna tökülür. Üç hovuzda yuyulan pomidor istehsal prosesinə göndərilir və ondan tomat məhsulu alınır. İri çəlləklərə doldurulan tomat məhsulu digər mövsümlərdə istehsalın davamlılığını təmin etmək üçün anbara,  həmçinin qablaşdırılmaq üçün Biləsuvar Konserv Zavoduna göndərilir.

Tomatın əldə edilməsi prosesi ilə tanışlıqdan sonra jurnalistlər mürəbbələrin və kompotların istehsal olunduğu sahələri gəzdilər.  Zavodda əhalidən alınmış çiyələk, ərik, şaftalı və gavalıdan “Bizim Tarla” və “Bostan” markalı kompotlar və mürəbbələr istehsal olunurdu. Bildirildi ki, “Final”, “Super Sun”, “Saville” və “Blendo” markalı tomat və turşular da bu zavodda qablaşdırılır. Qafqaz Konserv Zavodunda əsgərlər üçün “Əsgər payı” adı altında müxtələf tərəvəz və mürəbbə məhsulları istehsal olunur. Qış aylarında mal əti konservlərinin istehsalına da yer verilir. Artıq “Azərsun Holdinq”  holdinq heyvandarlıq təsərrüfatını yaradıb və təsərrüfatda kəsiləcək heyvanların ətləri Qafqaz Konserv Zavoduna təhvil veriləcəkdir. Ümumiyyətlə Qafqaz Konserv Zavodunda 50-dən artıq çeşiddə məhsul istehsal olunur.

Jurnalistlərə məlumat verildi ki, “Azərsun Holdinq”in digər zavodlarında olduğu kimi Qafqaz Konserv Zavodunda  da keyfiyyətə zavodun direktoruna tabe olmayan şəxslər nəzarət edir. Birbaşa holdinqin rəhbərinə tabe olan həmin şəxslər hansısa çatışmazlıq aşkar olunduğu zaman istehsal prosesini dayandırmaq səlahiyyətinə sahibdirlər. İş bu cür qurulunca zavodda keyfiyyət ən birinci məqsəd kimi qarşıya qoyulmuşdur.  İlk növbədə hər bir alınan məhsul keyfiyyət yoxlamalarından sonra qəbul olunur. İstehsal demək olar ki, əl dəymədən aparılır. İşçilər geyimlərlə və əlcəklərlə təmin olunub, onlar başlarını bağlayırlar. Həmçinin zavodda istehsal olunan hər bir məhsul 15 gün inqubasiya müddətindən keçir. Həmin müddətdə zay məhsullar aşkar olunaraq götürülür.

Qafqaz Konserv Zavodu respublikamızın şimal bölgəsinin aqrar səhəsini stimullaşdırmaqla bərabər işsizlik probleminin həllinə də xeyli yardımçı olur. Zavodun sayəsində dolanan minlərlə fermerlərdən başqa zavodda 450 nəfər çalışır və onlar 200-300 manat əmək haqqı alırlar.