Amerika Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilmişdir
Avqustun 10-da Vergilər Nazirliyində Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndələri ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov qonaqları salamlayaraq, son dövrlərdə ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında onlara məlumat vermiş, ölkəmizdə fəaliyyət göstərən bir çox aparıcı xarici və yerli şirkətləri təmsil edən Amerika Ticarət Palatası ilə mütəmadi olaraq işgüzar görüşlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Görüşdə çıxış edən Amerika Ticarət Palatasının prezidenti Daniel R.Mateus Vergilər Nazirliyi ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edərək, qurumun hazırladığı Ağ Sənəd kimi tanınan «Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr» adlı hər il dərc olunan sənədin növbəti sayını Vergilər Nazirliyinin rəhbərliyinə təqdim etmişdir. Qeyd edilmişdir ki, Ağ Sənəd Amerikanın Azərbaycandakı Ticarət Palatasının üzvü olduğu 230-dan çox şirkətin vergitutma, sığorta, maliyyə, bank işi və iqtisadiyyatın digər sahələri ilə bağlı rəy və təkliflərini özündə birləşdirir.
Sənəddə əksini tapmış, Azərbaycan hökumətinin iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün atdığı müsbət addımlar, o cümlədən vergitutma ilə bağlı bəzi məsələlər geniş müzakirə olunmuşdur. Azərbaycanda fiziki şəxslərin gəlir vergisi və onun yuxarı həddinə yenidən baxılması, sosial sığorta ödənişləri, ƏDV-nin əvəzləşdirilməsi, bankların vergitutma prosesi ilə bağlı göstərilən fəaliyyət, vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması, xarici banklara ödənişlər üzrə gəlir vergisi, emissiya gəliri üzrə vergitutma, sığorta - maliyyə xidmətlərinin mahiyyəti və s. barədə hesabatda əks olunan əsas istiqamətlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Natiq Əmirov görüş zamanı qaldırılan hər bir məsələnin nazirliyin müvafiq qurumları tərəfindən diqqətlə araşdırılacağını və müvafiq tədbirlər görüləcəyini bildirmişdir.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin və Amerika Ticarət Palatasının nümayəndələri və Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak etmişlər.
|