MƏQALƏLƏR

Qanunsuz yoxlama keçirən vergi orqanı əməkdaşları işdən azad olunmuş və cinayət məsuliyyətinə cəlb edilmişlər

  • 19.08.2011

Qanunsuz yoxlama keçirən vergi orqanı əməkdaşları işdən azad olunmuş

və cinayət məsuliyyətinə cəlb edilmişlər

12 avqust 2011-ci il tarixdə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə özlərini vergi əməkdaşı kimi təqdim edən iki nəfər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 35 ünvanda fəaliyyət göstərən  «Romantika» («Ləziz») kafesinin sahibi Həbibova Kəbirə Ruhulla qızından 400 manat məbləğində pul tələb etməsi barədə məlumat daxil olmuşdur.

Araşdırma zamanı onlardan birinin Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin əməkdaşı Cəlilov Xəyal Xəlil oğlu, digərinin isə əvvəllər Bakı şəhəri Vergilər Departamentində işləmiş, 2011-ci ilin fevral ayından isə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüş Dadaşov İlham Əliş oğlu olduğu müəyyən edilmişdir.

X.Cəlilov və İ.Dadaşov müvafiq vergi nəzarətinin həyata keçirilməsinə heç bir səlahiyyətləri olmadığı halda, özbaşına olaraq sahibkarlıq fəaliyyətinə müdaxilə etməklə qeyri-qanuni yoxlama keçirdiyi vergi ödəyicisinə qarşı qanunsuz pul tələbi irəli sürdüyü təsdiqlənmişdir.

Vergilər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində X.Cəlilov və İ.Dadaşov tələb etdikləri pulu K.Həbibovadan alarkən cinayət başında yaxalanmışlar.

X.Cəlilov və İ.Dadaşov araşdırma zamanı verdikləri izahatlarında K.Həbibovanın kafedəki işçisi ilə əmək müqaviləsi bağlamadığını müəyyən etdiklərini və buna görə kafenin sahibəsinə 1000 manat məbləğində cərimə yazılacağını, 400 manat pul verərsə cərimənin tətbiq olunmayacağı  barədə razılığa gəldiklərini etiraf etmişlər.

Qeyd olunanları nəzərə alaraq, vergilər nazirinin müvafiq əmri ilə X.Cəlilovun  dövlət vergi orqanındakı fəaliyyətinə xitam verilmiş, İ.Dadaşov isə Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. Həmin şəxslər barəsində  toplanmış materiallar hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilmişdir.

Kifayət qədər əsaslar olduğuna görə, toplanmış material üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanmışdır. Törətdikləri cinayət əməlinə görə X.Cəlilov və İ.Dadaşov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almaya görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1.-ci maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Vergilər Nazirliyinin bütün struktur bölmələrinin rəhbərlərinə tapşırılmışdır ki, əmri kollektivdə geniş müzakirə edərək, tabeliklərində olan əməkdaşlarla xidməti şərəfin və peşə nüfuzunun qorunması ilə bağlı izahat və tərbiyə işlərini gücləndirsinlər. Bütün vergi orqanı əməkdaşlarının nəzərinə çatdırılmışdır ki, analoji hallara yol veriləcəyi təqdirdə, belə şəxslər barəsində ən ciddi tədbirlər görüləcəkdir.