Nağdsız ödənişlər sisteminə keçid müasir dövrümüzün tələbidir
Azərbaycan Respublikasında ödəniş sistemlərinin inkişaf etdirilməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması, iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi müasir dövrümüzün real tələblərindən biridir. Digər tərəfdən, plastik kartlardan istifadə vergidən yayınma hallarının qarşısının alınmasına, əməliyyatların şəffaf şəkildə həyata keçirilməsinə, vergi ödəyicisi olan sahibkarların maliyyə sanksiyaları ilə üzləşmə riskinin aradan qalxmasına gətirib çıxarır.
Bu sahənin təkmilləşdirilməsi, inkişaf etdirilməsi daim dövlət başçısının diqqət mərkəzində olmuşdur. Hələ 2004-cü il 9 dekabr tarixində ölkəmizdə müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi və inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı olmuş və bununla bağlı Dövlət Proqramı təsdiq edilmişdir. Proqramın tətbiq olunduğu vaxtdan etibarən plastik kartlar bazarı təkmilləşdirilmiş, pensiyaların, təqaüdlərin, bir sıra sosial yardımların, həmçinin büdcə təşkilatlarında işləyənlərə əməkhaqlarının ödəniş kartları vasitəsilə verilməsinə başlanılmışdır. Qeyd olunan işlər böyük əhəmiyyətə malik olmuş və vətəndaşların razılığı ilə qarşılanmışdır. Artıq əməkhaqlarının, pensiyaların və əhaliyə çatdırılan digər vəsaitlərin ödənişində ortaya çıxan neqativ hallar aradan qaldırılmış, şəffaflığın təmin olunmasında münbit şərait yaradılmışdır. Ölkə başçısı bu istiqamətdə görülən işlərin davamlı olması üçün hər zaman sözügedən məsələni gündəmə gətirmişdir. Azərbaycan Respublikasının Prezidentinin Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı göstərişləri isə dövlət və özəl strukturlar qarşısında əlavə vəzifələr və məsuliyyətlər müəyyənləşdirmişdir. Dövlət başçısı çıxışında xidmət, ticarət, iaşə obyektlərində ödəmə kartlarından istifadə hallarının çoxalmasının vacibliyini vurğulamış və bunun büdcə daxilolmalarının həcminin artması ilə nəticələnə biləcəyini qeyd etmişdir.
Artıq əhalinin böyük hissəsi kredit kartlarına malikdir. Elə bu səbəbdən də hər bir məntəqədə, ticarət obyektində, restoranda plastik kartlardan istifadə olunmalıdır. Dövlət başçısının bu tələbinin yerinə yetirilməsi məqsədilə son vaxtlar ölkədə bir sıra tədbirlər həyata keçirilmiş və əməliyyatların nağdsız şəkildə aparılması üçün müvafiq baza yaradılmışdır. Həmin tapşırıqların yerinə yetirilməsi üçün Vergilər Nazirliyi və Mərkəzi Bankın əməkdaşlarından ibarət işçi qrup yaradılmış və bu qrup tərəfindən nağdsız ödənişlərin stimullaşdırılmasının yolları araşdırılır. Vergilər Nazirliyinin «Tədbirlər Planı»nda da vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə ticarət, məişət, iaşə və digər obyektlərdə nağd əməliyyatların minimuma endirilməsi və POS-terminallardan plastik kartlar vasitəsilə əməliyyatların aparılmasının stimullaşdırılması ilə əlaqədar təkliflər öz əksini tapmışdır.
POS-terminal (ingiliscə Point of Sale Terminal - ticarət nöqtələrinin terminalı) kartın maqnit zolağından və ya mikroçipindən informasiyanı oxumağa və bank kartı üzrə əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Müstəqil işləyən bankomatdan fərqli olaraq, POS-terminal xəzinədar vasitəsilə xidmət göstərir. 2010-cu ildə vətəndaşların ödənişləri kart vasitəsilə həyata keçirmələri, eyni zamanda ticarət və xidmət obyektlərində nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması məqsədilə ölkəmizdə 8.786-ya yaxın POS-terminal quraşdırılmışdır. 2011-ci il may ayının 1-nə olan məlumata görə, Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 10.228 ədədə çatmışdır. POS-terminalların 9813-ü Bakı şəhərində, 415-i isə regionlarda yerləşir. Sözügedən dövrdə respublika üzrə bankomatların sayı 1947 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 213 ədəd çoxdur. Cari ilin mayın 1-nə olan məlumata görə, bankomatların 1078-i Bakı şəhərində, 869-u isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 6% artaraq 4 milyon 353 min ədədə çatmışdır. Bankomatlar və POS-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3 milyon 654 min ədəd olmuşdur. Onlardan 94,7%-i debet kartlarının payına düşmüşdür.
Bu qədər bankomatın, plastik kartların və ticarət obyektlərində bu sayda POS-terminalların olduğu halda, ödənişlərin az bir hissəsinin plastik kartlar vasitəsilə həyata keçirilməsi anlaşılan deyil. Sorğuların nəticələri göstərir ki, əslində, plastik kart sahibləri bu xidmətdən istifadədə maraqlıdırlar. POS-terminallardan istifadəyə görə plastik kart sahibindən heç bir əlavə vəsait tutulmadığına görə, vətəndaşlar üçün hər hansı məbləği nağd və ya plastik kart vasitəsilə ödəmək arasında əsaslı bir fərq yoxdur. Deməli, ticarət və xidmət obyektlərinin özlərindən qaynaqlanan səbəb ortaya çıxır. Məsələ bundadır ki, POS-terminal vasitəsilə aparılan dövriyyəyə görə ticarət obyekti komisyon haqq ödəməlidir. Nağdsız hesablaşmaların dövriyyəsinin genişlənməməsinin səbəblərindən biri də, görünür, bununla izah olunmalıdır.
Digər bir səbəb isə sahibkarların vergidən yayınmaqda maraqlı olmaları ilə bağlı ola bilər. Bəzi ticarət və xidmət obyektləri öz dövriyyələrini gizlətməyə meyilli olduqları üçün POS-terminallardan istifadə etmirlər. Təbii olaraq, bu da nağdsız hesablaşmaların kütləviliyinin artırılmasına imkan vermir. Buna görə də bu işdə hər iki tərəfin maraqlı olması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə və bankların komssiyon haqlarını azaltmasına, yaxud da ləğv etməsinə zərurət var. Ümumiyyətlə, bu işdə istənilən maneənin aradan qaldırılması vacibdir. Çünki nağdsız ödənişlərə keçid günümüzün tələbidir və bu iş artıq reallığa çevrilməlidir. Mütəxəssislərin qənaətinə görə, ölkənin iqtisadi inkişafının sürətləndirilməsində nağdsız ödəniş sisteminin təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Hətta nağdsız ödəniş sistemlərinin tətbiqi ölkənin ümumi daxili məhsulunun da artımına öz müsbət təsirini göstərə bilir. Eyni zamanda, plastik kartlardan istifadənin daha da genişləndirilməsi bütün ödənişlərdə şəffaflığın artırılmasına və kölgə iqtisadiyyatının minimuma endirilməsinə öz töhfəsini verə bilər.
Ümumiyyətlə, plastik kartlardan istifadə kart sahibləri və banklar üçün bir sıra üstünlüklər qazanmağa rəvac verir. Plastik kartlardan istifadə vətəndaşlar üçün rahatlıq, etibarlılıq, əlverişlilik, vaxta qənaət, üzərində böyük məbləğdə nağd pul daşımamaq, bank üçün isə rəqabət qabiliyyətinin və nüfuzun artması, ödənişə zəmanət, kağız pul kütləsinin hazırlanma, uçot və emal xərclərinin azalması, minimal vaxt sərfi və fiziki əməyə qənaət deməkdir. Ödəniş kartlarından istifadə olunması kart sahibləri üçün bankomatlar vasitəsi ilə hesablaşmaların nağdsız formalarını həyata keçirmək, (mobil rabitə, kabel televiziyası, kommunal xidmətlərin və s. dəyərinin ödənilməsi), pulu hesabdan hesaba köçürmək, kart üzrə xərclərə nəzarət etmək, eləcə də pul vəsaitindən uzaqdan istifadə etmək və pul hesabını internet, telefon və s. vasitəsilə idarə etmək imkanları yaradır. Üstəlik, nağd puldan fərqli olaraq, sərhədi keçərkən ödəniş kartındakı vəsaitlərin deklarasiyasına ehtiyac olmur. Bu da həmin şəxslərə və müvafiq dövlət qurumlarının əməkdaşlarına əlavə vaxt itkisinin qarşısını almağa imkan verir. Buna görə də nağdsız ödənişlərin həcminin artırılması işində cəmiyyətin də üzərinə mühüm vəzifələr düşür. Yəni hər kəs bu işdə maraqlı olmalıdır. Ekspertlərin fikrincə, bunun üçün KİV-də nağdsız hesablaşmalara dair informasiyaların daha geniş yayılması, banklar tərəfindən stimullaşdırıcı kampaniyaların həyata keçirilməsi məqsədəuyğun olardı.
Rəşad SADIQOV
|