Könüllü və ya birdəfəlik ödənişlər
Bələdiyyələr fiziki və hüquqi şəxslərdən, beynəlxalq təşkilatlardan və fondlardan maliyyə yardımları və qrantlar da ala bilərlər. Qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, dövlət və ictimai birliklər (qeyri-hökumət təşkilatları) üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün «Qrant haqqında» Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün maliyyə vəsaiti şəklində və ya başqa maddi formada təmənnasız verilir, onun əvəzi hər hansı şəkildə geri istənilə bilməz. Bir qayda olaraq, qrant ayıran fondların sənədlərində müraciətin daha məqsədəmüvafiq forması göstərilir. Bəzi fondlar həmin müraciət formasının tələblərinə cavab verən tam ərizənin təqdim edilməsini tələb edirlər, digərləri isə ilkin olaraq layihənin qısa şərhi və icrası barədə məlumatları özündə əks etdirən məktub-tələbnamə almağa üstünlük verirlər.
Qanunvericilik fiziki və hüquqi şəxslərə bələdiyyələrə maliyyə yardımı etməkdə məhdudiyyətlər nəzərdə tutmamışdır. İstənilən fiziki və hüquqi şəxs yerli özünüidarəetmə orqanlarına öz istəklərinə uyğun maliyyə yardımları edə bilərlər.
Rəşad SADIQOV
|