YENİ NƏŞRLƏR
Müdriklik zirvəsinə gedən yol
Bu günlərdə Azərbaycanın görkəmli alimlərindən biri, akademik Budaq Budaqovun həyat və yaradıcılığına həsr olunmuş kitab işıq üzü görmüşdür.
“Müdriklik zirvəsinə gedən yol” adlanan bu kitab alimin həyat və yaradıcılığı haqqında “Təbiət vurğunu” adlanan oçerklə başlayır. Burada akademik Budaq Budaqovun uşaqlıq illərindən başlayaraq indiki dövrə qədər keçdiyi enişli-yoxuşlu ömür yolu kino lenti kimi göz önündən keçir.
Akademik Budaq Budaqovun elmi və ictimai fəaliyyətini uzun-uzadı şərh etməyə ehtiyac yoxdur. Vətəninin, xalqının tərəqqisinə həsr edilən bu ömür hər birimizə örnəkdir, həyat məktəbidir. Xalqla daimi ünsiyyət, onun maariflənməsi və intellektual səviyyəsinin yüksəlməsinə xirmət etmək Budaq müəllimin ömrünün mənası olmuşdur. Son yarım əsr ərzində intensiv, məqsədyönlü əməyi nəticəsində coğrafiya elminin bir neçə istiqamətində uğurlu tədqiqat işləri aparmışdır. Taleyini AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları ilə qovuşdurmuş, ona bu elm ocağında 56 il külüng çalmaq səadətinin nəsib olmasını özünə böyük şərəf sayır.
Kitabda görkəmli elm və mədəniyyət xadimlərinin, dostlarının Budaq Budaqov haqqında fikirləri də oxucular üçün maraq doğurur. Sonda akademikin həyat və yaradıcılığının əsas tarixləri, əməyinə verilən mükafatlar, əsərlərinin siyahısı verilmişdir.
Kitabın müəllifi Beynəlxalq Nobel İnformasiya Mərkəzinin həqiqi üzvü, BNİM Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi Bəybala Ələsgərovdur. Müəllif kitabı görkəmli alimin 80 illiyinə həsr etmişdir.
|