MƏQALƏLƏR

Güzəştli biznes formalarinin inkişaf perspektivləri

  • 26.08.2011

GÜZƏŞTLI BIZNES FORMALARININ INKIŞAF PERSPEKTIVLƏRI

Hər bir iş adamı sahibkarlıq fəaliyyətinə başlayarkən, o, güzəştli biznesin müxtəlif formalarının mövcud olması haqqında biliyə malik olmalıdır. Bu bilikdən istifadə edərək həmin sahibkar bazara inamla daxil ola bilər və dinamik inkişaf edə bilər.

Texnopark strukturlarının yaranması müasir qloballaşan dünyada, iqtisadiyyatın inkişafının hazırkı mərhələsində elm və biznesin qarşılıqlı fəaliyyətinin obyektiv qanunauyğunluğudur. Biznes inkubatorların, texoparkların, texnopolislərin və s. daxil olduğu bu strukturlar elmi işlərin, biznes planların sürətlə və birbaşa tətbiq edilməsi məqsədilə sahibkarlıq fəaliyyəti ilə yenicə məşğul olanlara, alimlərə, mühəndislərə və s. xidmət göstərmək vəzifəsini yerinə yetirir.

Artıq Azərbaycanda texnoparkların yaradılmasının qanunvericilik bazası mövcuddur. Belə ki, Azərbaycan Respublikası Prezidenti ölkədə qəbul edilmiş bir sıra strateji proqramların və layihələrin reallaşmasında, həmçinin sosial-iqtisadi inkişafın yeni mərhələsində prioritet vəzifələrin yerinə yetirilməsində xüsusi iqtisadi zonaların (texnoparkların) mühüm rol oynaya biləcəyini qeyd edərək 2007-ci ilin martın 6-da «Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında» fərman imzalanmışdır. 2009-cu il 14 aprel tarixdə qəbul edilmiş «Xüsusi iqtisadi zonalar haqqında» Qanun Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların (texnoparkların) yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyir, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

Hazırda dünyada güzəştli sahibkarlığın çoxsaylı müxtəlif formaları mövcuddur: 1) elmi parklar, texnoloji və tədqiqat parkları; 2) innovasiya-texnoloji və biznes-innovasiya mərkəzləri; 3) texnologiyaların transferti (mübadiləsi) mərkəzləri; 4) virtual inkubatorlar, biznes inkubatorları, texnologiya inkubatorları, 5) texnopolislər və s.

Bunların bəzilərinin arasında müxtəlif funksional təyinatı ilə, təşkilatı formanın  spesifikliyi ilə, həll edilən məsələlərin geniş spektri ilə bağlı prinsipial fərqlər mövcuddur, eyni zamanda texnopark strukturları arasında fərq müəyyən ölkədə innovasiya infrastrukturunun inkişaf xüsusiyyətləri ilə əlaqədar başqa xarakter daşıyır.

Dünya təcrübəsində texnopark strukturlarının dörd qrupunu ayırmaq olar: 1) AMB, 2) inkubatorlar; 3) texnoparklar; 4) texnopolislər.

AMB – sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün müəyyən ərazidə birləşən hüquqi cəhətdən müstəqil olan kiçik firmaların məcmusudur. AMB-nin əsas funksiyalarına aiddir:

- qızıl depoziti sxemi üzrə güzəştli investisiya kreditlərdən istifadə etməklə kiçik biznes mühitinə maliyyə resurslarının cəlb edilməsi;

- biznes istiqaməti üzrə bazarın marketinq tədqiqatlarının aparılması zamanı AMB üzvü olan firmalara kömək göstərilməsi;

- AMB üzvü olan firmalara təhsil xidmətlərinin göstərilməsi;

- həmin ərazidə prioritet istiqamətlər üzrə kiçik biznesin inkişafının təmin edilməsi.

Beləliklə, AMB-yə daxil olan kiçik firmalar məqsədyönlü dəstəyə malikdirlər və sahibkarlar birliyində olmaqla sürətlə təcrübə qazanmaq və öz biznesini fəal inkişaf etdirmək imkanı əldə edirlər.

«İnkubasiya» («inkubator» öz etimologiyasına görə quşlar fəsilinə aid olan latın sözü «incubatio» olub «kürt düşmək» mənasını bildirir.

İnkubatorlar – yaranma və təşəkkül tapma mərhələsində olan yeni innovasiya firmalarına müxtəlif növ xidmətlər göstərən çox funksiyalı komplekslərdir. Başqa sözlə, biznes inkubatorlar yeni innovasiya müəssisələrinin  formalaşması, informasiya, məsləhət xidmətləri və avadanlığın icarəyə verilməsi, digər xidmətlər göstərmək yolu ilə onların inkişafının başlanğıcında yardım göstərilməsi üçün nəzərdə tutulmuşdur.    

İnkubatorlar bir qayda olaraq bir və ya bir neçə binanı tuturlar.

İnkubatorlar müştəri firmalarının İnkubasiya dövrü adətən 2 ildən 5 ilə qədər dövrü əhatə edir ki, bundan sonra innovasiya firması inkubatoru tərk edir və müstəqil fəaliyyətə başlayır.

İnnovasiya fəaliyyəti sferasında «yaradıcı kommunalar» adlanan memarlar, dizaynerlər, rəssamlar və ya xalq sənəti ustaları əsas inkubatorlar hesab olunur. Vətəni Böyük Britaniya hesab edilən bu kommunaların fərqləndirici xüsusiyyəti  ondan ibarətdir ki, onlar kollektiv istifadə üçün müəyyən xidmət dəstinə malik idilər.

Sahibkarlar alimlər və ixracatçılar öz ideyaları əsasında 1 kommersiya fəaliyyətini gerçəkləşdirmək istədikdə biznes inkubatorlar onlara lazımi informasiya, injinirinq və məsləhət xidmətlərini göstərirlər.

Beynəlxalq təcrübədə ilk biznes inkubatorlar 1959-cu ildə ABŞ-da yaranmışdır. Bu məkanda yaradılmış müəssisədə (fabrikdə) işsiz insanlar özlərinin biznes inkubatorlara oxşayan kiçik müəssisələrini yaratdılar. Bu təcrübə uğur qazandırdı. Dünyada 1985-ci ildə 70, 1992-ci ildə 470, 2004-cü ildə 1100 biznes-inkubator fəaliyyət göstərmiş, hazırda onların sayı 1500-ə çatır. Statistik proqnozlara görə yaxın beş il ərzində biznes-inkibatorlarınin sayı 5-6 min rəqəmini ötəcəkdir. Avropa Birliyi ölkələrində biznes inkubatorlarını «İnnovasiya və sahibkarlıq mərkəzləri» («Business anc İnnovation Centre» - BIC) adlandırırlar.

Yeni innovasiya şirkətlərinə dəstək verilməsi, innovasiya sahibkarlığına kömək göstərməsi məqsədilə yaradılan və fəaliyyət göstərən bütün inkubatorları iki əsas növə bölmək olar. Birinci növ inkubatorlara müstəqil təşkilat kimi fəaliyyət göstərənlər aiddir. İkinci növ inkubatorlar isə texnoparkın tərkibinə daxil olan inkubatorları əhatə edir.

Son zamanlar elektron biznesin inkişafı ilə, internetin və digər növ informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar istehsal və idarəetmə təcrübəsində ayrıca növ kimi virtual inkubatorlar və ya «divarsız inkubatorlar» fərqləndirilir. Belə inkubatorlar aşağıdakılara kömək edir:

– yeni şirkətin yaradılması üçün əsas kimi nəzərdən keçirilən innovasiya layihəsinin kommersiya potensialını qiymətləndirməyə;

– müvafiq marketinq tədqiqatlarını aparmağa;

– əqli mülkiyyət məsələləri üzrə «ana» təşkilatlarla (universitetlə, elmi-tədqiqat institutu ilə və s.) münasibətləri tənzimləməyə;

–   innovasiya məhsulunun göndərəni və istehlakçısı rolunda çıxış edən tərəfdaş təşkilatları tapmağa və s.

Təbiidir ki, “divarsız inkubatorlar” müştəri firmalara binanı icarəyə vermirlər. Lakin virtual formanın üstünlüyü odur ki, ənənəvi forma ilə müqayisədə belə inkubatorun yaradılması bir qayda olaraq, az miqdarda investisiya ilə əlaqədardır.

Biznes inkubatorda yaradılan biznes istiqamətlərin dinamik artımı üçün əlverişli şərtlər yaranır.

Sahibkarlığa kömək üçün regional aspektdə institutsional infrastrukturun inkişafı planında biznes inkubatorlarla eyni sırada müxtəlif texnoloji parkların (texnoparkların) yaranması ideyası durur.

Müasir dünya iqtisadiyyatında texnoparklar elmi-texniki tərəqqinin lokomotivi hesab olunurlar.

Texnoparklar dedikdə, elmi-istehsal ərazi kompleksi başa düşülür ki, bunun da başlıca vəzifəsi kiçik və orta elmtutumlu innovasiya müştəri formalarının inkişafı üçün maksimum əlverişli mühitin formalaşmasından ibarətdir.

«Texnopark» anlayışı innovasiya fəaliyyəti sferasında «inkubator» anlayışına kifayət qədər yaxındır. İnnovasiya infrastrukturunun hər iki elementi kiçik innovasiya şirkətlərinin inkişafına yardım göstərməsi, onların fəaliyyət göstərməsində əlverişli dəstək mühitinin yaradılması üçün nəzərdə tutulan kompleksdir. Onlar arasındakı fərq ondan ibarətdir ki, inkubatorlardan fərqli olaraq texnoparkların müştəri firmalarının spektri yalnız yaradılan və erkən inkişaf mərhələsində olan innovasiya şirkətləri ilə məhdudlaşmır. Texnoparkların xidmətlərindən elmi biliklərin, “nou-hau”nun və elmtutumlu texnologiyaların kommersiya cəhətdən mənimsənilməsinin müxtəlif mərhələlərində olan kiçik və orta innovasiya müəssisələri istifadə edirlər. Başqa sözlə, texnoparklar üçün innovasiya fəaliyyəti sahəsində inkubatorlar üçün tipik olan müştərilərin rotasiyası, sərt daim təzələnmə siyasəti xarakterik deyil.

Bundan əlavə, inkubator kompleksləri bir qayda olaraq, bir və ya bir neçə binada yerləşirlər. Texnoparklar isə adətən torpaq sahələrinə malikdirlər ki, onları ofislərin tikintisi və ya digər  istehsal binaları üçün müştəri firmaları icarəyə verə bilərlər.

Deməli, inkubatorlarla müqayisədə texnoparklar dedikdə, kiçik və innovasiya müəssisələrinin təşəkkül tapmasının və inkişaf fəaliyyətinin maddi-texniki, sosial-mədəni, informasiya və maliyyə bazasının ikişafı yolu ilə innovasiya sahibkarlığına dəstək üzrə daha geniş spektrdə xidmətlərin göstərilməsinə imkan verən daha müxtəlif innovasiya mühitinin yaradılması başa düşülür.

Texnopark vahidinin əsas strukturu mərkəzdir. Adətən texnoparkın strukturunda aşağıdakılar təqdim olunur: 1) innovasiya-texnoloji mərkəzi; 2) tədris mərkəzi; 3) məsləhət mərkəzi; 4) informasiya mərkəzi; 5) marketinq mərkəzi; 6) sənaye zonası. Bundan əlavə bu struktura maliyyə-sığorta mərkəzi, mühasibat-audit mərkəzi, eləcədə strateji-tədqiqat mərkəzi də əlavə olunur.

Bu mərkəzdən hər biri xüsusi xidmətlər dəsti, məsələn, mütəxəssislərin yenidən hazırlanması, müəyyən texnologiyalar üzrə informasiyanın verilməsi, hüquqi məsləhətlər və s. xidmətlər göstərir. Texnoparkda yerləşən elmi-texniki firmalar elmtutumlu məhsul bazarına daha tez uyğunlaşırlar və texnoparkın üstünlüklərindən güzəştli istifadə edərək fəal inkişaf edirlər.

Texnopolisləri bəzən elmi şəhər adlandırırlar. Texnopolislər – universitetləri və ya digər ali məktəbləri, elmi-tədqiqat institutlarını, eləcədə sosial infrastruktur ilə təchiz edilən yaşayış rayonlarını ehtiva edən iri müasir elmi-sənaye kompleksidir.

Texnopolislərin tikilməsində məqsəd elmi tədqiqatların qabaqcıl sahələrdə cəmləşməsi, bu sahələrdə yeni elmtutumlu istehsal növlərinin inkişafı üçün əlverişli mühitin yaradılmasıdır. Bir qayda olaraq, texnopolisi təmin  edən meyarlardan biri onun mənzərəli rayonlarda yerləşməsi, təbii şəraitlə və yerli ənənələrlə uyğunlaşmasıdır.

****

Texnopark strukturları kiçik və orta biznesin inkişafına xidmət edir.

Güzəştli sahibkarlığın bütün formaları və dövlət dəstəyi bazar şəraitində biznesin peşəkarcasına aparılması səviyyəsinin inkişafına və yüksəldilməsinin sürətlənməsinə yönəldilmişdir.

Qeyd etmək lazımdır ki, texnoparkların ən inkişaf etdiyi ölkələr ABŞ, Hindistan, Çin və s. ölkələrdir.

Son illər elmin sənaye ilə inteqrasiya forması kimi «elmi parklar» ərazi elmi-sənaye komplekslər qrupuna aid edilir. «Elmi parklar»ın inkişafında iki mərhələni xüsusilə qeyd etmək olar: 1) XX əsrin 60-cı illərində onların «vətəni» sayılan ABŞ-da əksər «elmi parklar» yaranan zaman Böyük Britaniyada, Fransada, Almaniyada bu parkların ilk rüşeyimləri meydana gəlməyə başlamışdır. 2) Keçən əsrin əvvəllərində ABŞ-da və Qərbi Avropada olan texnoparkların ikinci mərhələsi təşəkkül tapmağa başlayan zaman bu texnoparkların heç bir vaxt olmadığı ölkələrdə (Yaponiyada, Cənubi Koreyada və s. ölkələrdə) də həmin parklar yaranmağa başladı.

Bütövlükdə «elmi parkları» şərti olaraq üç modelə ayırmaq olar: 1) Amerika modeli (ABŞ, Böyük Britaniya). Amerika modeli özü də üç növə bölünür: a) elmi parklar – sözün məhdud mənasında, b) tədqiqat parkları (elmi parklardan fərqi texniki nümunə ilə bağlıdır), c) «inkubatorlar» (ABŞ-da) və innovasiya mərkəzləri (Böyük Britaniyada və Qərbi Avropada); 2) Yaponiya modeli, 3) Qarışıq (Fransa, Almaniya) modeli.

Texnoparkın Amerika modelinin quruluşu müxtəlif ölçülü innovasiya icarədar müəssisələrdən və servis firmalarından təşkil olunmuşdur.

Hazırda ABŞ-da texnoparkın sayı 700-ü ötmüşdür. ABŞ-da texnoparkın əksəriyyəti baza universitetləri əsasında təşkil olunur. Son illər texnoparkların əhatə dairəsi genişlənərək təkcə ABŞ-ı yox, həm də Böyük Britaniyanı, Almaniyanı, Fransanı, Yaponiyanı, Belçikanı, Niderlandı, Cənubi Koreyanı, Çini və digər ölkələri əhatə etməkdədir.

Texnoparkların Avropa modelinin bir neçə xüsusiyyəti mövcuddur. Birinci xüsusiyyət ondan ibarətdir ki, yeni yaradılan kiçik innovasiya formalarının yerləşməsi üçün binalar nəzərdə tutulur və  nəticədə kiçik və orta innovasiya binaları 2-3 il ərzində formalaşmağa başlayır. Eyni zamanda texnopark tikintisi layihəsi həyata keçirilən zaman inkubator binası ilk olaraq tikilir. Sonradan inkubator xidmətlərinə tələbat artarsa, o zaman onun sahəsi genişləndirilir. İkinci xüsusiyyət innovasiya müəssisəsini təşkil edən firmalardan toplanmış sadə və mürəkkəb servisdən ibarət olan təkmilləşmiş xidmət sferasının olmasıdır. Nəhayət, üçüncü xüsusiyyətin tamamilə Fransaya məxsus olmasıdır. Belə ki, Fransada ölkənin zəif inkişaf etmiş rayonlarına elmin yayılmasını məqsəd qoyan «texnopol» konsepsiyası hazırlanmışdır. «Texnopol» bir tərəfdən bütün təhsil və elmi müəssisələr arasında, digər tərəfdən elmi parkın firmaları arasında elmi və texniki əməkdaşlığı nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, texnoloci və biznesin inkubasiyalaşdırılması nöqteyi-nəzərindən texnoparkın Avropa modeli Amerika modelindən daha mükəmməl olması ilə fərqlənir. Hazırda inkubatorlar texnopark strukturlarının qəbul edilmiş formasıdır və onlara praktiki olaraq dünyanın bütün texnoparklarında rast gəlmək olar.

Texnoparkın Yaponiya modeli haqqında danışarkən qeyd etmək lazımdır ki, ilk dəfə 1983-cü ildə Yaponiyada «Texnoparklar haqqında» qanun qəbul edilmişdir. Yaponiyada texnoparkların yaradılması özünəməxsus cəhətlərə malikdir. Hər şeydən əvvəl Yaponiyada hökumət müxtəlif sahələrdə yerləşən texnopolislərin yaradılmasının tərəfdarı kimi çıxış etmiş və nəticədə ölkənin 4 iri ərazisi arasında 20-yə yaxın zona seçilmiş və burada texnopolislər yaradılmışdır.artıq Yaponiyada dövlət orqanları, korporasiyalar və tədqiqatçılar texnoparkların yaradılması yollarında ciddi nailiyyətlər qazanmışlar. Belə ki, öz ətrafına onarca elmi-tədqiqat institutlarını və laboratoriyalarını yığmış Sukuba elmi şəhərciyin tikintisi buna əyani misal ola bilər.

Sukuba tikildikdən sonra hökumətin əsas diqqət mərkəzi «texnopolis proqramı» oldu. Mütəxəssislərin fikrincə bu proqramın reallaşması nəticəsində Yaponiya XXI əsrin ən yeni texologiyalarına yiyələnmiş bir dövlətə çevriləcəkdir.

Texnoparkların yaradılması və idarə edilməsi sahəsində Yaponiya təcrübəsinin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, onların formalaşması konsepsiyası Amerika təcrübəsinə əsaslanır, lakin eyni zamanda xüsusi təhsil sisteminin vacibliyi, Xarici Ticarət və Sənaye Nazirliyinin mərkəzləşdirilmiş idarəsi, milli ənənələrin təsiri, vençur kapitaldan kifayət qədər istifadə edilməsi xüsusiyyətləri də mövcuddur. Yaponiya texnoparklarına dövlət dəstəyinin səmərəliliyini Sukuba elmi şəhərciyinin timsalında nümunə kimi göstərmək olar. Bu şəhər fundamental tədqiqatlar mərkəzindədir və dövlət vəsaiti hesabına yaradılmışdır. Digər tərəfdən tikintisində əsas rolu yerli hökumət və şəxsi kapital oynadan texnopolislər uğurla fəaliyyət göstərirlər. Hazırda hökumətin təşəbbüsü ilə 30-a yaxın texnopark kompleksi yaradılmışdır.

Elmi parkların digər növünə qarışıq modelinə nümunə olaraq (həm Yaponiya, həm də Amerika modelinə əsaslanan) Fransanın elmi pakrlarını, xüsusilə də onların ən irisi olan «Sofiya Anti polisi» göstərmək olar.

Nəzərə almaq lazımdır ki, parklar innovasiya infrastruktururun elementi kimi dünyanın müxtəlif ölkələrində müxtəlif formada adlandırılır. Adlardakı fərqlər funksional, təşkilati və milli xüsusiyyətlərlə bağlıdır.

Xarici ölkə parklarının yaradılması təcrübəsinin təhlili və bu sahədə aparılan ümumiləşdirmələr əsas verir ki, ictimai-siyasi reallıqları və təbii-iqtisadi resursları nəzərə alan texnopark modelinin düzgün seçilməsi, eləcədə konkret regionun elmi-texniki və innovasiya potensialının inkişaf səviyyəsinin nəzərə alınması eləcədə sosial-iqtisadi məsələlərin daha uğurlu həllinə təsir göstərir. Deyilənləri nəzərə alaraq qeyd etmək olar ki, ABŞ-da, Böyük Britaniyada, Avropada (Fransada, Almaniyada, İspaniyada, Finlandiyada), Rusiyada, Belorusiyada, Ukraynada, Qazaxıstanda, Hindistanda, Çində, Yaponiyada, Türkiyədə, BƏƏ-də və s. ölkələrdə texnoparkların yaradılması və fəaliyyət göstərməsi təcrübələrinin kompleks təhlili xüsusi iqtisadi zonaların, o cümlədən texnoparkların yaradılması sahəsində Azərbaycan üçün də nümunə ola bilər. Belə ki, bu sahədə artıq ilk addımlar atılmışdır. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Sumqayıtda ilk texnoparkın istifadəyə verilməsində iştirak etmişdir. 

Azərbaycan Respublikasının Prezidenti 2009-cu ilin dekabrın 22-də Sumqayıt Texnoparkının (STP) birinci mərhələsində inşa olunmuş obyektlərin açılış mərasimində iştirak etmişdir.

Qeyd etmək lazımdır Sumqayıt Texnoparkının ərazisi 45 hektardır. Parkdakı zavod korpusunun ərazisi isə 140 min kvadratmetrdir. Sumqayıt Texnoparkında elektroenergetika sənayesi üçün məhsullar hazırlayacaq zavodlar, sexlər və istehsal xətlərinin yaradılması nəzərdə tutulmuşdur. Texnoparkın birinci mərhələsi çərçivəsində müəssisələrin tikinti-quraşdırma işlərində 2300 nəfərdən çox işçi çalışmışdır. Müəssisə tam işə düşdükdən sonra burada 3000 nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislər daimi işlə təmin ediləcəkdir.

Texnoparkda eyni zamanda plastik borular zavodu da fəaliyyət göstərir.

«Sumqayıt texnoparkı»nın müəyyən hissəsi artıq istifadəyə verilmişdir və arada nəhəng tikinti-quraşdırma işləri davam etdirilir. Dövlət başçısı İ.Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlaranı həsr olunmuş iclasında qeyd etmişdir ki, «Sumqayıtın həqiqətən müasir sənaye şəhərinə çevrilməsi üçün bu texnoparkın böyük əhəmiyyəti vardır. Amma nəzərə alsaq ki, orada ən azı 10 nəhəng zavod qurulacaq, yəqin  investisiyaların həcmi 100 milyon dollarla ölçüləcəkdir».

Beləliklə, texnopark strukturlarının yaranması və formalaşması Azərbaycanda elmi-texniki infrastrukturun moderləşməsinə, elmin, təhsilin və istehsalın inteqrasiyasının təmin edilməsinə, innovasiya siyasətinin səmərəliliyinin artırılması və iqtisadiyyatın yüksəldilməsinə və bütövlükdə ölkənin dünya iqtisadiyyatına inteqrasiya olunmasına müsbət təsir göstərəcəkdir.      

 BDU-nun dosenti F.M.Qarayev