«Azərbaycanın vergi xəbərləri» jurnalının 7-ci nömrəsi çapdan çıxmışdır
Vergilər Nazirliyinin resenziyalı, aylıq elmi nəşri olan «Azərbaycanın vergi xəbərləri» jurnalının builki yeddinci nömrəsi çapdan çıxmışdır.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası haqqında məlumat və həmin iclasda vergilər naziri Fazil Məmmədovun çıxışı "Rəsmi" rubrikasında yerləşdirilmişdir.
"Vergilər Nazirliyində" rubrikasında nazir Fazil Məmmədovun Argentinanın Dövlət gəlirləri üzrə Federal Administrasiyasının Gömrük məsələləri üzrə baş direktoru Mariya Siomara Ayeran və Moldova Respublikası Qaqauz Yerinin Başqanı Mixail Formuzal ilə görüşləri barədə məlumatlar verilmişdir.
"Qeydiyyat sahəsində yeni era başlandı" sərlövhəli icmal-hesabatda isə 2011-ci il iyul ayının 1-dən etibarən İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsilə fiziki şəxslərin qeydiyyatına başlanmasına həsr olunmuş təqdimat mərasimindən bəhs edilir. Təqdimat mərasimindən sonra vergilər nazirinin birinci müavini Natiq Əmirovun KİV-nümayəndələrinə verdiyi müsahibənin mətni də jurnalın bu nömrəsində dərc edilmişdir.
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) bu il iyulun 7-8-də Fransa Respublikasının Nitsa şəhərində keçirilmiş 15-ci Baş Assambleyasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndə heyətinin iştirakı və Assambleyanın yekunları barədə geniş hesabatı jurnal "Əlaqələr" rubrikasında öz oxucularına təqdim etmişdir.
"Praktika" rubrikasında budəfəki məqalənin müəllifi, Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin Vergidənyayınma hallarının və risklərin təhlili şöbəsinin böyük dövlət vergi müfəttişi Emil Əzizli oxuculara ƏDV-nin tətbiqi prinsipləri barədə ətraflı söhbət açmışdır.
"Qanunvericilik" rubrikasında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 17 may 2011-ci il və 10 iyun 2011-ci il tarixli Qanunları, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 161-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2011-ci il tarixli Fərmanı, "2011-ci il mayın 5-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında texniki əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2011-ci il tarixli Fərmanı, "Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2011-ci il tarixli Sərəncamı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin həmin Sərəncamla təsdiqlənmiş strukturu, həmçinin, Nazirlər Kabinetinin vergitutma məsələləri ilə bağlı iki qərarı dərc edilmişdir.
Jurnalın elmi məqalələr blokunda bu dəfə də iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu materiallar yerləşdirilmişdir. Bunlar AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İ.Alıyevin və həmin institutun əməkdaşı iqtisad elmləri üzrə fəlsəfə doktoru S.Səməndərovun "1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin vergi siyasəti iqtisadi fikir plüralizmi kontekstində", iqtisad üzrə fəlsəfə doktoru P.Rzayevin "Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi", iqtisad üzrə fəlsəfə doktoru A.Kərimovun " Kommersiya banklarının xidmətlər göstərilməsi üzrə bazar imkanlarının təhlili", Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun dissertantı T. Qurbanovanın " Regional siyasətin dövlət tənzimlənməsi və aqrar sahənin səmərəliliyinin yüksəldilməsi istiqamətləri" başlıqlı məqalələri, həmçinin, "Azərbaycanın vergi xəbərləri" jurnalının bu ilin may ayında magistrantlar arasında "Vergilər və iqtisadi inkişaf" mövzusunda keçirdiyi referat müsabiqəsində üçüncü yer tutmuş ADİU-nun magistrantı A.Musayevin "Azərbaycan ərazisində vergi sisteminin inkişaf tarixi " sərlövhəli referat işi dərc edilmişdir.
Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə 1978-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş ABŞ iqtisadçısı Herbert Saymonun (1918-2001) həyatı və elmi fəaliyyəti barədə məlumat vermişdir.
|