Nəfsim vəkil, Vicdanım hakim, müttəhim Mən...
Nəfsim vəkil, Vicdanım hakim, müttəhim Mən...Tərəddüddə idim... Bir ağırlıq çökmüşdü sankı sinəmə. Unutmaq istəyirdim hər şeyi və Zamanın axarına buraxmaq istəyirdim özümü. Ancaq alınmırdı… Vicdan əzabı deyəsən elə bu idi... İştaham da qaçmışdı. Yemək belə yeyə bilmirdim. Düşüncələrim və xəyallarım məni əsir almışdı. Artıq ruhumun düz ortasında məhkəmə qurulmuşdu. Nəfsim vəkil, Vicdanım hakim, müttəhim Mən, zərərçəkən isə bir Qırıq Qəlb idi...Bir qəlb düz ortasından yarılmışdı iki yerə… Hər tərəfi yara-qan içindədir. Əli ilə məni göstərir. «Günahkar sənsən, məni qırdın» deyir. Kimsə kənardan durmadan gülürdü (mən bilmirəm o kim idi), Nəfsim isə məni müdafiə etməyə çalışırdı. Nəfsim mənə “Sən haqlı idin, haqlarını müdafiə etdin”, -deyirdi. Ancaq Nəfsim məni nə qədər müdafiə etsə də, Vicdanımın üzü gülmürdü. Nəfsimin səsi artıq batmışdı, ancaq məhkəmə qarşısında o, hələ də məni müdafiə edirdi. Qırıq Qəlb ortada dayanmışdı, gözlərindən yaş axırdı. Vicdanım məni günahkar bilir. Getdikcə çiyinlərimdə böyüyən bir qaya boyda yük hiss edirdim. O, “daşıyacaqsan bunu”, - deyirdi mənə. Cəzam nə qədər davam edəcək, - deyə soruşuram. Vicdanım Qəlbi göstərir. «O, qırıq olduğu müddətə qədər Sən cəzalısan», - deyir. Bir qəlbə baxıram, bir də çiynimdəki yükə... “Nə edəcəyəm”, - deyə düşünürəm. Bu zaman yanıma Ağıl gəlir və qulağıma nəsə pıçıldayır. «Tək çarən var, get yanına, sehvini etiraf et, üzr istə, könlünü al», - deyir. Elə bu zaman Qürur çıxır qarşıma: “Heç vaxt üzr istəmə, günahı var idi ... Sən məni qırmamalısan”, - deyir. “Bu daşı çiynimdən ata bilərsənmi?” — deyə qışqırıram. “Xeyr, əlimdən gəlməz”, — deyir. - “O zaman get!” Yenə Qırıq Qəlbə baxıram.O da küskün halda gözucu mənə baxır. Hafizəm qəlbin mənə etdiyi yaxşılıqları xatırladır. Acım getdikcə artır. Səhər vaxtı iki ağ mələk yanıma gəlir. Onlardan birinin adı - Təvazökarlıq, digərinin adı isə Mərhəmətdir. Qollarıma girirlər, Vicdanım da arxadan itələyir ki, Qırıq Qəlbə doğru get. Mən yeridikcə ayağımın altından səslər gəlir. Baxıram, Qürurum və Nəfsim ayaqlarımın altında parçalanır.Qırıq Qəlbin yanına çatıram. Onun məsum gözləri yaşlar içində mənə baxır. Mən peşmanlıq içində deyirəm: “Bağışla. Sən haqlı idin. Mənimlə barışsan, söz verirəm ki, bir daha səni qırmayacağam”.O, tərəddüdlə mənə baxır. Peşman olduğuma inanır.“Barışaq”, - deyirəm və boynunu qucaqlayıram. Ağlayıram. O da məni qucaqlayır. Göz yaşlarım Qırıq Qəlbin üzərinə töküldükcə, çatlaqları bağlanır. Əvvəlki halına dönür. Ancaq diqqətlə baxdıqda hələ də izləri görünürdü. “ Zamanla onlar da sağalacaq”, - deyir.Görürsənmi, bir qəlb qırdıqda nələr baş verir? Əgər bu dəqiqə qırdığın bir qəlb varsa, əmin ol ki, o təmir olunacağı anını gözləyir. Həm öz Vicdanına, həm də qırdığın Qəlbə bu qədər əzab vermə…İbrahim BASQALLI
|