MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOV “2010-CU İLİN ADAMI” SEÇİLDİ
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “2010-cu ilin adamı” elan edib. Bu barədə, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ANS TV-də nümayiş olunan “Əhatə Dairəsi” proqramına verdiyi müsahibədə məlumat verib.
Vahid Mustafayev vətənpərvərlik, dövlətçilik, beynəlxalq siyasi arenalarda, ölkənin iqtisadi inkişafında və s. sahələrdə göstərdiyi uğurlara görə fond komissiyasının Azərbaycan prezidenti İlham Əliyevi bu mükafata layiq gördüyünü, cənab Əliyevin isə öz növbəsində bu mükafatın Mübariz İbrahimova verilməsini istədiyini deyib: “İlham Əliyev bizim komissiya tərəfindən “İlin adamı” seçilmişdi. Biz ona bu seçimi açıqlayanda, cənab prezident bizə öz təşəkkürünü bildirdi. Amma o öz böyüklüyünü göstərərək xahiş etdi ki, bu il biz bu mükafatı Mübariz İbrahimova verək. Bu bir daha onun Mübarizə verdiyi qiymətin adi bir siyasi addım yox, onun ürəyindən keçən, onun canından keçən hisslər olduğunu tam açıqladı. Mən onun bu hərəkətinə heyran qaldım. Və biz onunla birlikdə Mübariz İbrahimovu “2010-cu ilin adamı” seçdik.