1 gündə 2 gün yaşamağı bacarmaq məharətinə necə yiyələnə bilərik?
1 gündə 2 gün yaşamağı bacarmaq məharətinə necə yiyələnə bilərik?
İnsana orta hesabla 70 il ömür payı verilib. Bu ömrü necə yaşamasından asılı olmayaraq təqvim çarxı fırlandıqca insan yaşa dolur və dünyadan köçür. Çox zaman insanlar bunun fərqinə varmadan düşüncələrinə dolmuş müxtəlif fikirlərlə öz həyatlarına qiymət verir və yaşadıqları illərin səmərəli keçirdiklərini və ya boş vaxt itirdiklərini düşünürlər.
Öz qarşısına nəyə isə nail olmağı məqsəd qoyan insan bu məqsədə çata bilmədikdə arxada qalan illərini itirilmiş hesab edir, yaxud əksinə. Başqa birisi özü üçün müəyyən etdiyi həyat meyarlarına görə həyat yolunun mənalı, yoxsa mənasız (uğursuz) keçirdiyi qənaətinə gəlir. Məsələn: əsl ziyalı yaratdığı gözəl əsərləri ilə cəmiyyətə və xalqına göstərdiyi xidmətlərinin verdiyi faydanı düşünərək özünü xoşbəxt hiss edir (maddi durumunun və kənardan ona münasibətin layiq olduğundan zəif olmasına baxmayaraq). Lakin insanların nə düşünmələrindən asılı olmayaraq, ortada hamı üçün eyi olan bir fakt var: İnsanın uğurlu yaşam göstəricisi - əslində, ona verilmiş ömrünü hansı keyfiyyətlə yaşamasıdır.
Bir çox insanlar bu faktı bir kənara qoyub, öz həyatlarını yanlış olan müxtəlif istiqamətlərdə düşünərək qururlar. Məsələn: daha uzun ömür yaşamağı vacib hesab edən adamlar fiziki və psixi sağlamlıqlarına daha çox fikir verirlər. Lakin bu halda digər keyfiyyət göstəriciləri kölgədə qalır. Çox hallarda belə adamlar özləri üçün yaşayır və cəmiyyət üçün faydasız olurlar. Başqa adam öz daxili „dünya“sını quraraq özünün „mənalı“ ömür obrazını formalaşdırmaq üçün nə lazımdırsa, onu etməyə çalışır. Belə adamlar çox zaman məqsədlərinə nail olsalar da qısa və narahat ömür sürürlər. Məsələn: təkəbbürü ona hakim olan adam müəyyən yollarla (nisbi də olsa) öz istəyinə uyğun həyat tərzinə nail olur. Lakin ailəsini və doğmalarının sevgisini birdəfəlik itirir. O, varlanır, lakin insani gözəlliklərdən məhrum olur və zaman keçdikcə daxilən çürüməyə başlayır.
İnsanlar arasında həyat yolunu düzgün planlayan və daha çox qazananlar isə, o qismə aid insanlardır ki, həyat yolunun əsl-həqiqi keyfiyyət göstəricilərinə diqqət yetitirlər. Bu göstərici – insanın özünü uzunmüddətli xoşbəxt hiss etməyə şərait yaradan həyat tərzidir. Belə həyat tərzinin zəruri şərti - insanın xoşbəxtlik haqqında özlüyündə əmin olduğu fikirlərinə uyğun yaşaya bilməsidir. Bu isə öz-özünə baş vermir və adama elə-belə verilmir. İnsan əvvəlcə ona verilmiş nemətləri qiymətləndirməli, onların qədrini bilməli və onlardan səmərəli istifadə etməlidir. Bəli, „Uğurlu yaşamaq üçün nə etməli?“ sualının cavabı olan əsl məqam da budur ki, keyfiyyət göztəricilərinə necə nail olunsun.
Fikrimizi bir neçə konkret həyati misallarla izah edək:
1 sutka 24 saatdan ibarətdir. Onun 8 saatı fizioloji norma olaraq yatmaq üçün nəzərdə tutulub. Deməli, hər gün 8 saat rahat yatmalıyıq ki, sağlam olaq.
Qayda 1. Hər gün 8 saatlıq normal yuxu ehtiyacını ödəmək lazımdır (buna imkan olmadıqda sonradan əlavə yataraq onun əvəzini çıxmaq vacibdir).
Bizə 16 saat məhsuldar vaxt qalır. Bu vaxtı elə bölməliyik ki, itki olmasın. Məsələn: bu gün görmək istədiyimiz üç müxtəlif yerdə görüləcək işlərimizi elə ardıcıllıqla planlaşdırmalıyıq ki, artıq yol qət etməyə və ya lüzumsuz yorğunluğa məcbur olmayaq.
Qayda 2. Məhsuldar vaxtımızı (zamanca) itkisiz istifadə edək.
Lakin vaxta qənaət etməklə iş bitmir. İnsanların ən çox zəiflik göstərdikləri – vaxt potensialını düzgün qiymətləndirə bilməmələridir. İki iş arasında 3 saatlıq fasilə yarandıqda çox adam bunu normal sayır və həmin vaxtın potensialını düzgün dəyərləndirmir. Biz məcburuq ki, 16 saatın ən azı 3 saatını yeməyə, 1 saatını əl-üz yumağa, saçımızı daramağa, tualetdən istifadə etməyə sərf edək. Budur, bizə cəmi 12 saat qaldı. Əgər normal işimiz varsa, bunun da 8 (bəzən 10-12) saatı işə sərf olunacaq. Deməli, keyfiyyətlə yaşamaq üçün istifadə edə biləcəyimiz vaxt potensialı ən yaxşı halda cəmi 4 saatın müqabilində əldə oluna bilər (çox təəssüf ki, bir çox insanlar 4 saat deyil, elə bütün günü boş keçirdiklərindən heç də narahat olmurlar).
Belə bir müdrik kəlam var: Vaxt pul deyil, vaxt bizim özümüzün, həyatımızın davamiyyətidir. İtirdiyimiz hər bir vaxt həyatımızdan itirdiyimiz hissələrdir. Ömrümüz məhdud olduğuna görə hər gün də bizim inkişaf etmək və keyfiyyətlə yaşamaq üçün ayıra biləcəyimiz vaxt da (2~4 saat) olduqca məhduddur.
Qayda 3. Hər gün məcburən sərf etdiyimiz vaxtdan inkişafımız üçün istifadə edə biləcəyimiz vaxtı ayırmaq və bu vaxtdan düzgün istifadə etmək lazımdır.
İndiyədək şərh olunanlar uğurlu yaşam tərzinin görünən tərəfləri ilə bağlıdır. Hələ görünməyən potensialımız da var: Sutka ərzində məcburi hesab edilən vaxt sərfiyyatının özündən də intensiv istifadə etmək mümkündür. Məsələn: yuxuya getmək üçün kitab oxumaq, hamamda vanna qəbul edəndə yeni planlar qurmaq, yeməyi dostlarla birlikdə yemək, maşın sürəndə musiqiyə qulaq asmaq və ya telefonla danışmaq, işdə nahar fasiləsində şəxsi ideyalar üzərində düşünmək, evin içərisində elə rahatlıq yaratmaq ki, əl-üz yumağa, yuyunmağa, yemək bişirməyə və s. az vaxt sərf olunsun. Və belə yanaşma tərzi ilə insan çoxlu əlavə vaxt qazanmış ola bilər.
Qayda 4. Məcburən istifadə etdiyimiz vaxtı mümkün yollarla qısaltmaqla əlavə vaxt qazanmağa nail olmaq.
2~4 saatlıq məhsuldar vaxtdan və qazanılmış əlavə vaxtdan səmərəli istifadə etməsək, yaşadıqlarımız elə təqvim üzrə keçən vaxta bərabər olacaq. Yəni adi adam kimi, ailə-məişət, təhsil, iş, istirahət qayğıları içərisində yaşayaraq ömrümüzü başa vuracağıq.
Elmlə əsaslandırılmış psixoloji testlər göstərir ki, vaxt potensialından səmərəli istifadə etməyən insanların həqiqi yaşı təxminən elə onun təqvim yaşına bərabər olur. Yəni, 60 yaşlı adamın həqiqi yaşı 60 yaş ətrafında olur. Bu baxımdan uzunömürlülüyün fəlsəfəsi ondan ibarətdir ki, vaxt potensialından istifadə imkanlarını düzgün qiymətləndirməklə eyni təqvim vaxtında daha keyfiyyətli yaşayasan. Yəni sağlamlığımızı qorumaq hesabına ən uğurlu halda 100-110 il yaşaya biləriksə (hərçənd ki, bu çox cüzi sayda adama nəsib olur) bizə artıq verilmiş olan vaxt potensialından düzgün istifadə etməklə daha çox yaşaya bilərik.
Məsələn: Uzun illər kasıbçılıq içərisində yaşamış olan bir ailə nəhayət ki, „ağ günə“çıxır. Ailənin 25 yaşlı böyük oğlu artıq yaxşı təhsil alaraq yüksək məvacibli bir şirkətə işə düzəlib. Onun atasının 50, anasının 47 yaşı var. Bacılarından biri şikəstdir, o biri isə kasıbçılığa görə ali məktəbdə oxuya bilməyib.
Bu misalda uğurlu insanın (oğulun) 25 yaşında əldə etdiyini onun valideynləri 50 yaşlarında da hələ əldə edə bilməyiblər və yalnız oğullarının uğuru sayəsində ondan bir növ mükafat payı almış olurlar. Zahirən bu valideynlərin yaşı 45-50 olan uğurlu keçmişi olan adamlardan fərqi görünmür. Hətta onlar daimi fiziki işlə məşğul olduqlarına görə bir az daha gümrah görünürlər. Amma acı faktdır ki, onların 25 illik vaxt potensialı itirilibdir! Bu vaxt ərzində başqa birisi böyük şirkət sahibinə çevrilib, yaxud öz digər arzularını reallaşdırıbdır. O, uşaqlarını kiçik yaşlarından yüksək zövqlə böyüdüb, onlara gözəl təhsil verib. İndi o adamın da 50 yaşı var. Onun böyük oğlu Xarici İşlər Nazirliyində məsul katibdir, iki qızı da Oksford Universitetində təhsil alırlar və heç biri uşaqlıqda şikəst və ya xəstə deyillər.
Müqayisə olunan ailələrdə vaxt potensialından səmərəli istifadə edən 2 şəxs kasıb atanın 25 yaşlı oğlu və 50 yaşlı varlı atadır. Varlı atanın həqiqi yaşı 50-dən xeyli artıq (bəlkə də 70-80), kasıbın oğlunun yaşı isə hələlik 25-dir, lakin, bu gedişlə, onun da həqiqi yaşı 50 yaşına çatdıqda 70-80 olacaqdır.
Beləliklə, öz vaxt potensialından səmərəli istifadə edən insanlar daha keyfiyyətli göstəricilərə nail olmaqla başqaları ilə müqayisədə daha çox yaşamış olur. Məsələn: Biri 5 il pul toplayır ki, arzuladığı ölkəyə səyahət edib orada 1 həftə istirahət etsin. Öz vaxt potensialından uğurla istifadə edə bilən başqa bir adam isə, artıq həmin ölkədə 3 dəfə olub, indi isə, əvvəlki insanın hələ də xəyal etmədiyi keyfiyyət göstəricilərinə yiyələnməklə daha firavan yaşamaqla məşğuldur.
Qayda 5. Bizə verilmiş vaxt potensialından düzgün istifadə etməklə, ömrümüzü qat-qat uzada bilərik.
Sonrakı gedişatı uğurla davam edən yolda qısamüddətli keyfiyyətli yaşayış – uzun lakin keyfiyyətsiz ömürdən daha üstündür. Lakin insanların çox hissəsi gözlə görünməyənləri görə bimədikləri üçün zahiri göstəricilərə aldanırlar. Sonda daha misal: Televiziyada 110 yaşlı baba və ya nənəni həvəslə göstərərək onu xoşbəxt adam kimi təqdim edirlər. Lakin onun bu yaşda ucqar kənddə yaşamasını və ömrü boyu müasir dünya həyatında yaşamaq haqqı ola-ola, bütün bunlardan xəbərsiz və məhrum olması faktı kölgədə qalır. O isə verdiyi müsahibələrdə fərəhlə deyir ki, onun uzunömürlülüyünün sirri „filan-filan“ şeylərdir, yaxud hələ də heç bir bədən üzvündən şikayəti yoxdur və s. ya həmin ahıl, „dünyagörmüş“ insan, ya da başqaları demir ki, 100 il yaşamaq istəyirsənsə, 50 yaşınadək 1 gündə 2 gündə görülə bilən işləri görməyə nail olmaq lazımdır. Belə edən insan 50 təqvim yaşından sonra (əslində 100 yaşlı olaraq) istirahət etməyə qərar verə bilər və ən azından adi təqvim sürəti ilə daha 20 il yaşasa, onun həqiqi yaşı 70 deyil, 120 olacaqdır!
Qayda 6. Yaşımız yaşantılarımızla ölçülür, yerin günəş ətrafında fırlanması ilə yaranan 365 günlük il təqvimi ilə deyil!
Düşünək və keyfiyyətlə yaşayaq!!!
Müəllif: i.e.n. Nurlan Bağırov