MƏQALƏLƏR

Şəkər çuğunduru əkininə maraq artır

  • 26.08.2011
 
 

Şəkər çuğunduru əkininə maraq artır

Artıq bir neçə ildir Mərkəzi Aran rayonlarının əhalisi İmişli Şəkər Zavodunun dəstəyi ilə şəkər çuğunduru əkirlər.  Zavodun baş aqronomu Rövşən Əliyev fermerlərin ən yaxın dostudur, əkinlər onun tapşırıq və tövsiyələri ilə aparılır.

Baş aqronom Rövşən Əliyevin sözlərinə görə şəkər çuğunduru əkinçiliyi  digər əkinçilik bitkilərindən daha gəlirli olduğundan fermerlərin bu sahəyə marağı artır: “Şəkər çuğunduru istehsalı ilə məşğul olanların hektar başına gəlirini aylar üzrə hesabladıqda, digər kənd təsərrüfatı məhsullarının onunla rəqabət etməsi qeyri-mümkündür. Məsələn, Azərbaycanda 1 hektardan taxılın orta məhsuldarlığı 2.5-3 tondur. Taxılın bugünkü satış qiymətini 22 qəpik ilə hesabladıqda, bu ən yaxşı halda  660 manat edir. Bir hektar taxıl sahəsinə isə qulluq aqrotexniki qaydalarla aparılarsa təxminən 300 manata yaxın xərc çəkilir. Nəticədə bir hektar başına təmiz gəlir 360 manat təşkil edir. Bunu 12 aya bölsək hər aya 30 manat düşür. Çuğundur üçün keçən il məhsuldarlıq 35 ton idi, bu il isə onun daha da yüksək olması gözlənilir. Bu orta məhsuldarlıqdır, elə fermer var hektardan 60 ton çuğundur götürür. Orta hesabla 16 ton çuğundur bir hektarın xərcini ödəyir, nəticədə 20 ton qazanc qalır, bu da 960 manat edir. Çuğundur əkininə mart ayında başlanılır, sentyabr ayında məhsul yığılır. 7 ay əkinçilik dövründə hər ay üçün minimal 150 manat təmin olunur.

Fermerləri şəkər çuğunduru əkməyə həvəsləndirən digər amil məhsulun alıcısının olmasıdır. Bu regionda İmişli Şəkər Zavodu xammalın yerində alınmasını təmin edir. Əvvəlcədən çuğundur əkən bilir ki, onun məhsulunun hər tonunu  48 manata zavod qəbul edəcəkdir. Alıcı və məhsulun qiyməti bəlli olduğuna görə çuğundur əkinlərinə maraq ildən-ilə artır və əkinçilik genişlənir. Bizim həm də məqsədimiz  əkin sahələrini genişləndirmədən ümumi məhsuldarlığı yüksəltməkdir. İntensiv inkişaf yolu ilə gedirik, istəyirik ki, orta məhsuldarlığı 50 tona çatdıraq”.

Şəkər çuğundurunun ümumi aqrar sektorun lokomotivi olduğunu söyləyən Rövşən Əliyev fikirini belə əsaslandırdı:  “İlk növbədə şəkər çuğunduru növbəli əkin sisteminin tətbiq edilməsinə şərait yaradır. İkincisi çərgəarası becərmə fəaliyyəti torpağın strukturunu yaxşılaşdırır. Üçüncüsü torpaq müxtəlif gübrələrlə təmin olunur, dördüncü alaq otlarına qarşı mübarizə aparılır. Həmçinin çuğundur ətraf mühitə ən çox xeyir verən bitkilərdəndir. Avqust ayında çöldə çuğundurdan və yoncadan başqa göy bitki görmək mümkün deyil. Çuğundur yeganə bitkilərdəndir ki, yarpaq səthini düzgün formada alsan bir hektar çuğundur 60-64 adamın oksigen ehtiyatını verir”.

Şəkər çuğundurunun maya dəyərinin xam şəkərdən baha başa gəlməsinə baxmayaraq İmişli Şəkər Zavodu yerli istehsalın inkişafı üçün çuğundur əkinlərinə üstünlük verir. Baş aqronom Rövşən Əliyevin “Zavodun xammal ehtiyacını tam yerli istehsal hesabına ödəmək üçün neçə hektar sahədə şəkər çuğundurunun əkilməsi tələb olunur?” sualına cavabı belə oldu: “Ümumən dünya təcrübəsində şəkər zavodlarında 90-100 gündən artıq şəkər çuğunduru xammalından istifadə etmək mümkün deyil. Çünki çuğundurun yerdə saxlanılması üçün temperatur şəraiti lazımdır. Əgər soyuqlar düşəcəksə, yağıntılar başlayacaqsa çuğunduru çöldə saxlaya bilməzsən. Anbarlarda da uzun müddət saxlamaq olmur, çünki onun tərkibi dəyişir şəkər vermir. Ona görə biz çalışırıq ki, yığım kampaniyasını 70 gün ərzində qurtaraq. Hazırda zavodun xammal ehtiyacını ödəmək üçün 2015-2020-ci illəri əhatə edəcək  proqram hazırlanır. 2020-ci ilə qədər 20000 hektar ərazidə şəkər çuğundurunun əkilməsi nəzərdə tutulur”.

Çuğundur əkinçiliyini birdən-birə artırmaq olmur, bu sahənin özünəməxsus problemləri var:  “Problemlərindən biri cərgəarası becərmədir, regionlarda cərgə arasında işləyən mexanizatorlar yetişməlidir, cərgə aralarını dəqiq işləyən insanlar olmalıdır. Çuğundur əkinçiliyi üçün bir çox şərtlər var. Çuğundur həm sudan qorxandır, həm də suyu tələb edəndir”, - deyə Rövşən Əliyev bildirdi.

“Şəkər çuğundurunun yetişdirilməsi üçün iqlim şəraitinin uyğunluğu lazımdır. Mərkəzi Aran zonasının torpaqları və iqlim şəraiti şəkər çuğunduru əkinləri üçün əlverişlidir. Həmçinin hava şəraitinin qeyri-sabit keçməsi əkinçiliyə mənfi təsir göstərir. Bu ildən İmişli Şəkər Zavodu ilə müqavilə bağlanıb, əkilmiş şəkər çuğunduru sahələri təbii fəlakətlərə qarşı  sığortalanır. Həmçinin hər bir fermerin bütün ailə üzvlərinin sağlamlıqları da sığorta olunur”.

Baş aqronom bunu da bildirdi ki, çuğundurun şəkərlilik faizi 16% olarsa 7 ton çuğundurdan 1 ton şəkər alına bilər.

Qeyd edək ki, İmişli Şəkər Zavodunun gündəlik emal gücü 5000 ton həcmindədir. Azərbaycan əhalisinin şəkər tozuna illik tələbatı isə təqribən 150-180 min tondur.

Seymur Yunusov