DÜNYANIN GÖZÜ ÖNÜNDƏ ACINDAN ÖLƏN UŞAQLAR...
“Birimiz varlıqla sınanırıq, birimiz yoxluqla.
Somalidə bu gün aclıq yaşanır, dünyaya aclığın nə olduğunu göstərmək üçün.
Somalidə bu gün susuzluq yaşanır, suya israf edənlərə xəbərdarlıq üçün.
Somalidə bu gün hər bir saatda 3 uşaq acından ölür... İnsanlığa ölüm dərsi vermək üçün, insanlığa insan olmağın çətinliyini anlatmaq üçün.”
Şərqi Afrika ölkələrində son 60 il ərzindəki ən güclü quraqlıq kütləvi aclığa səbəb olmuşdur. Ən ağır vəziyyət isə Somalidədir. Ölkənin artıq 6 bölgəsi BMT tərəfindən fəlakət zonası elan edilmişdir.
Son bir neçə ayda Afrika ölkələrində, o cümlədən Efiopiya, Somali, Sudanda baş verən dəhşətli quraqlıqlar hər gün minlərlə insanın aclıqdan və susuzluqdan məhv olması ilə nəticələnir. Faktiki olaraq Afrikada yaşayan on milyonlarla insan aclığın pəncəsində boğulmaqdadır.
Quraqlıqdan xilas olmaq üçün Somaliylə Keniya sərhədini hər gün 5-7 min nəfər keçir. Qaçqınlar ilk olaraq sərhədyanı Dadaab şəhərciyində yerləşdirilmişdilər. Onu da bildirək ki, şəhərcik 90-cı illərin əvvəllərində tikilib və 90 min nəfərin yaşaması üçün hesablanıb. Hal - hazırda isə burada 350 min aclıq və quraqlıqdan əziyyət çəkən insan məskunlaşmışdır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin rəhbəri Jak Diuf Afrika Buynuzunda həyatın bərpa edilməsinin və aclığa son qoyulmasının vacibliyini vurğulamışdır. O, 12 milyon insanın quraqlıq səbəbi ilə məhv olmasının qəbul edilməz olduğunu demiş və humanitar böhranın həlli məqsədi ilə konkret addımlar atılmasını vurğulamışdır. Öz növbəsində İslam Konfransı Təşkilatı böhranın həllinə 350 milyon dollarlıq yardım edəcəyini bildirmişdir.
BMT-nin uşaq fondu da hava nəqliyyatı sənayesinə müraciət edərək, Afrika buynuzunda aclıq çəkən insanlara yardım məqsədi ilə hava məkanında yer açmağa çağırıb. UNİSEF yüz minlərlə ac uşağın həyatının xilas edilməsinin vacibliyini bildirir. UNİSEF-in nümayəndəsi Mariksi Mersado uşaqlara təcili ərzaq yardımı çatdırılmazsa, onların ölə biləcəyi barədə ciddi xəbərdarlıq verib.
Türkiyə də Afrikada baş verən quraqlıq və quraqlığın gətirdiyi aclıq nəticəsində yaşanan fəlakətə kömək əli uzadanlar arasında birincilərdən oldu. Baş nazirin müavini Bəkir Bozdağ, Baş nazir Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə Türkiyədə başlanan yardım kampaniyalarında təxminən 150 milyon türk lirasının toplandığını və yığılan bu yardımın Somaliyə göndərildiyini bildirmişdir. Bununla kifayətlənməyən Türkiyə hökuməti vəziyyəti yerindəcə müşahidə etmək üçün Baş Nazir, dövlət rəsmiləri, mediya nümayəndələri və mədəniyyət xadimlərindən ibarət tərkibdə Somaliyə səfər təşkil etmişdir. Cümhuriyyət Xalq Partiyası da Somaliyə yardım kampaniyasına dəstək olaraq bölgəyə göndərilmək üçün 75 ton yardım vəsaitini Qırmızı Aypara Cəmiyyətinə təhvil vermişdir.
Onu da bildirək ki, ölkəmiz də Somaliyə yardım kampaniyasından geri qalmayıb. Belə ki, “Qızıl Aypara” cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadənin yerli mətbuata verdiyi məlumata görə, bu günə qədər 36 müraciət əsasında 8413 manat məbləğində pul yığılıb, bu da 10 755 dollar təşkil edir: “Bu məbləğlər yığılır və Cenevrəyə “Qızıl Xaç” komitəsinə köçürülür”.
Dünyanın əksər dövlətlərinin aclıq və susuzluqdan əziyyət çəkən Afrika ölkələrinə yardım göstərməsinə baxmayaraq, Afrikada 12 milyon insanın, xüsusən də uşaqların 30 faizi hələ də ölüm təhlükəsi ilə üz-üzədir.
P.S. İsraf etdiyimiz yeməyə, israf etdiyimiz suya, israf etdiyimiz dünya nemətlərinə əvəz olmasa da yenə bir cəhd edək: yeməyimizi, suyumuzu, varımızı, yoxumuzu paylaşaq...Çünki bu gün aclıq qonşumuzun evindədirsə, sabah bizim də qapımızı döyə bilər.....
Günel Zeynalzadə
|