MƏQALƏLƏR

Vergi Apelyasiya Şurasının fəaliyyətinə daxili baxış

  • 09.09.2011

Vergi  Apelyasiya  Şurasının  fəaliyyətinə  daxili  baxış

Vergilər  Nazirliyinin Hüquq idarəsinin rəis  müavini, Vergi Apelyasiya Şurasının katibliyinin rəhbəri

Aysu  Məmmədovanın «Monitor Konsaltinq» jurnalı üçün müsahibəsi

- Vergi Apelyasiya Şurasının fəaliyyəti haqqında nə deyə bilərsiniz? 

- Vergi Apelyasiya Şurası Azərbaycan Respublikasının vergilər nazirinin 7 mart 2008-ci il tarixli əmri ilə vergi ödəyicilərinin hüquqlarının hərtərəfli müdafiəsi, onların şikayətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması sahəsində nəzarətin gücləndirilməsi, korrupsiya ilə əlaqədar müraciətlər istisna olmaqla, digər şikayətlərə baxılması işinin təkmilləşdirilməsi məqsədilə yaradılmışdır. Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması, mübahisəli vergi məsələləri üzrə verilmiş qərarlardan məhkəməyə şikayətlər üçün sərf olunan xərclərin  və vaxt itkisinin qarşısının alınması, tərəflər arasında bərabərhüquqlu və aşkar müzakirələrin aparılmasına şərait yaradılması, məhkəməyə qədər sadələşdirilmiş prosedurlara əməl edilməklə vergi mübahisələrinin obyektiv şəkildə həll edilməsi Vergi Apelyasiya Şurasının fəaliyyətinin əsas məqsədlərindəndir.

- Şuranın tərkibi necə formalaşır?

- Vergi Apelyasiya Şurası kollegial orqandır, sədrdən və 7 şura üzvündən ibarət tərkibdə təşkil olunur. Şuranın fərdi tərkibi vergilər nazirinin əmri ilə təsdiq olunur.

- İndiyə qədər Vergi Apelyasiya Şurasına neçə müraciət daxil olub

və onlardan neçəsi müzakirəyə çıxarılıb?

- Vergi Apelyasiya Şurasının icraatına  ümumilikdə 56 iş daxil olmuş və onlardan da 29-u Şuranın iclaslarının müzakirəsinə çıxarılmışdır. Bu müraciətlərin 14-ü təmin edilmiş, 11-i təmin edilməmiş, 1-i baxılmadan saxlanılmış və 4-ü üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Digər müraciətlər müvafiq tələblərə cavab vermədiyindən müzakirəyə çıxarılmamışdır. 

- Vergi Apelyasiya Şurasına müraciət etmək üçün hansı şərtlər tələb olunur?

- Vergi Apelyasiya Şurası vergi orqanları tərəfindən tərtib olunmuş aktlardan və aktların nəticələri üzrə qəbul edilmiş qərarlardan vergi ödəyicilərinin verdikləri təkrar şikayətlərə və vergilər nazirinin Apelyasiya Şurasında baxılmasını məqsədəuyğun hesab etdiyi istənilən məsələyə baxan kollegial orqandır.

Vergi ödəyiciləri və vergi orqanları Vergi Apelyasiya Şurasına müraciət edərkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun, Vergi Apelyasiya Şurasının Əsasnaməsinin və qüvvədə olan digər hüquqi aktların tələblərinə əməl etməlidirlər. Belə ki, şikayət, ərizə və müraciətlər müraciət edən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Müraciət hüquqi şəxs tərəfindən daxil olduqda isə əlavə olaraq hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Bu tələb rezident və xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarına da şamil edilir.

Vergi Apelyasiya Şurasına daxil olan ərizə, şikayət və müraciətdə onu göndərmiş fiziki və ya hüquqi şəxsin adı və VÖEN-i, şikayət edilən qərarı qəbul etmiş müvafiq vergi orqanının adı, haqqında şikayət edilən qərarın tarixi və nömrəsi göstərilməlidir. Bundan başqa, haqqında şikayət olunan məsələ ilə bağlı nazirliyin funksional idarələrinə edilmiş müraciət və alınmış cavablar barədə məlumat, şikayət edən şəxsin tələbi və bununla bağlı irəli sürdüyü dəlillər, şikayətə əlavə edilmiş sənədlərin siyahısı göstərilməlidir. Şikayəti əsaslandıran digər sənədlərin - başqa dövlət və ya qeyri-dövlət orqanlarından alınmış arayış, məktub, qəbz və s.-nin müvafiq qaydada təsdiq olunmuş surətləri də Vergi Apelyasiya Şurasına təqdim edilməlidir.

Vergi ödəyicilərinin vergi orqanlarının aktlarından və aktların nəticələri üzrə qəbul edilmiş qərarlarından birbaşa Vergi Apelyasiya Şurasına daxil olmuş şikayət və ərizələri araşdırılmaq üçün nazirliyin funksional idarələrinə göndərilir.

Vergi Apelyasiya Şurasının eyni məsələ üzrə, eyni əsaslarla qəbul edilmiş qərarlarından və ya vergilər nazirinin eyni məsələ ilə bağlı verdiyi qərarlardan (yazılı cavablardan) Şuraya yenidən müraciət edilə bilməz. Hər hansı bir qərardan (aktdan) verilən şikayət və ya iddia ərizəsi eyni zamanda məhkəmə icraatında da  olarsa, həmin şikayətlər Vergi Apelyasiya Şurası tərəfindən baxılmaq üçün qəbul edilmir. Şikayətin predmeti üzrə digər səlahiyyətli inzibati orqanın və ya məhkəmənin qərarı olduqda Apelyasiya Şurası müraciəti baxılmamış saxlayır.

Vergi Apelyasiya Şurasına şikayət, ərizə və müraciətlər yazılı şəkildə kağız daşıyıcısında və ya elektron variantda verilir. Yeri gəlmişkən, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində «Vergi Apelyasiya Şurası» bölməsi (http://www.taxes.gov.az/?name=apellyasiya) yaradılmışdır ki, bu da vergi ödəyicilərinin Vergi Apelyasiya Şurasına elektron şəkildə müraciət etmələri üçün geniş imkanlar açmışdır.

- Vergi Apelyasiya Şurasında vergi ödəyicisinin şikayətinə baxılarkən, yəqin ki,  vergi əməkdaşlarının günahı ucbatından qanun pozuntuları hallarına rast gəlinir. Bu zaman, Şuranın həmin vergi əməkdaşını cəzalandırmaq hüququ varmı?

- Vergi Apelyasiya Şurasının qərarlarında vəzifələrini keyfiyyətlə yerinə yetirməmiş, funksional vəzifələrinin icrasında nöqsanlara yol vermiş vergi orqanlarının müvafiq vəzifəli şəxslərinin intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması barədə tövsiyələr qeyd olunur. Vergi Apelyasiya Şurasının iclaslarında baxılmış məsələlər üzrə bu günə kimi 6 vergi orqanı əməkdaşı bu və ya digər formada intizam məsuliyyətinə cəlb olunmuşdur.

- Bəzi hallarda Apelyasiya Şurası şikayətə baxdıqdan sonra növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini qərara alır. Misal üçün, 22 fevral 2011-ci ildə fiziki şəxslər Hüseynov Cəmil Faiq oğlunun və Hüseynov Arif Səfər oğlunun və ya «SV Alqı-Satqı» Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri ilə bağlı belə bir qərar qəbul olunub. Həmin növbədənkənar yoxlamaların nəticələri Şura tərəfindən diqqətdə saxlanılırmı? Keçirilən növbədənkənar vergi yoxlamasının nəticələri necə olub?

- Yuxarıda qeyd etdiyim kimi, Apelyasiya Şurasında baxılmış məsələlərdən 4-ü müvafiq vergi ödəyicilərində növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və onlardan 3-nün nəticələri müvafiq qaydada rəsmiləşdirilmişdir. Belə ki, Hüseynov Cəmil Faiq oğlu barədə «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 29 iyun 2011-ci il tarixli qərar çıxarılmışdır. Qərarda muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ƏDV üzrə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq 9212,86 manat əlavə verginin  hesablanması və 4625,58 manat maliyyə sanksiyasının  tətbiq edildiyi öz əksini tapmışdır. Hüseynov Arif Səfər oğlu barədə də eyni tarixdə «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərar çıxarılmış, qərarda muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ƏDV üzrə haqlı olaraq 6309,62 manat əlavə vergi hesablandığı və 3154,81 manat maliyyə sanksiyası tətbiq edildiyi qeyd olunmuşdur.

«Müstəqil Rəcəb Kiçik Müəssisəsi» barədə «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 16 sentyabr 2008-ci il tarixdə çıxarılmış qərara əsasən  isə xronometraj metodu ilə aparılmış  müşahidənin nəticələrinə görə hesabat ayları üzrə hesablanmış kameral vergi məbləğləri əsassız hesab edilmiş, yoxlanılan dövrdə əmlak vergisi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 37,46 manat azaldıldığı və əksinə, ƏDV-nin 223682,1 manat məbləğində artıq hesablandığı müəyyən edilərək azaldılmış vergi məbləğinə 9,37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. «SV Alqı-Satqı» MMC-də isə növbədənkənar səyyar vergi yoxlaması hal-hazırda davam edir.