Uçota durmayan vergi ödəcilərinə qarşı sərt addımlar atılmalıdır
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin və 2 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları növbəti operativ nəzarət tədbirlərini həyata keçiriblər. Həmin reydləri və vergi orqanı əməkdaşlarının üzləşdikləri problemləri işıqlandırmaq üçün qəzetimizin əməkdaşları da bu tədbirlərdə iştirak ediblər. Vergi orqanı əməkdaşlarının dəfələrlə keçirdikləri reydlərə baxmayaraq, digər ərazilərdə olduğu kimi, 2 saylı ƏVİ-nin ərazisində də qanunsuz sahibkarlıqla və qumar oyunları ilə məşğul olan obyektlərə rast gəlmək mümkündür. Keçirilən reydlərdə həmin obyektlərin sahiblərinə növbəti dəfə xəbərdarlıq edilərək, inzibati məsuliyyətə cəlb ediliblər.
İlk olaraq 2 saylı ƏVİ-nin əhatə dairəsinə daxil olan ərazilərdə qanunsuz sahibkarlıqla və qumar oyunu ilə məşğul olan obyektlərlə bağlı məlumatlar dəqiqləşdirildi və həmin obyektlərdə operativ nəzarət tədbiri həyata keçirmək üçün açılan qərarlara uyğun olaraq reydlərə start verildi. Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən kafedə qanunsuz olaraq loto oyunlarının təşkil olunduğu dəqiqləşdirildikdən sonra vergi işçiləri ilə birlikdə həmin əraziyə yola düşürük. Bazarın arxasında, qapalı bir məkanda açıq-aşkar şəkildə 60-70 nəfərə yaxın şəxsin loto oynadığının şahidi olduqdan sonra içəri giririk. Obyektdə pul dövriyyəsi ilə maraqlanırıq. Məlum olur ki, bu kimi obyektlərdə işbazlar heç bir vergi ödəməməklə yanaşı, külli miqdarda qazanc əldə edirlər. Qumar oynanılan obyektlərdə hər oyun cəmi 5-6 dəqiqə çəkir. 150-200 manat bu 5-6 dəqiqədə oynanılır. Obyekt sahibi isə hər oyundan 10% komisyon haqqı tutur. Beləliklə, sadə bir hesablama ilə belə obyekt sahiblərinin gün ərzində 500-600 manat həcmində təmiz gəlir əldə etdiyini müəyyənləşdirə bilərik. Bu isə olduqca böyük rəqəm olmaqla yanaşı, həm də ciddi vergidən yayınma faktıdır.
Operativ reyd zamanı vergi əməkdaşları tərəfindən həmin obyektlərdən 4 ədəd monitor, 5 ədəd monitor üçün kamera, loto kartları və daşları, kağız loto tablosu, loto kartlarında qeydiyyat kimi istifadə edilən dəmir halqa aşkar olunaraq götürülmüş, qanunsuz fəaliyyətlə məşğul olanlara cərimə tətbiq edilmişdir.
Sumqayıt şəhərində də oxşar vəziyyətlə rastlaşdıq. Beləcə, vergi əməkdaşları ilə birgə Əzizov Elşən Nurəddin oğluna məxsus 13-cü mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən «Dəniz» kafesində, 45-ci məhəllədə yerləşən Rəsulov Rəşad Hafiz oğluna məxsus obyektdə qumar oyunlarının keçirildiyinin şahidi olduq. Həmin obyektlərdə də qanunsuz fəaliyyət vergi orqanı əməkdaşları tərəfindən rəsmiləşdirilərək müvafiq cərimələr tətbiq edildi. Reydlərdə apardığımız müşahidələr bir daha onu göstərdi ki, belə yerlərdə əksər hallarda tüfeyli həyat tərzi keçirən gənclər toplaşırlar və bu yerlər onların tərbiyəsinə mənfi təsir göstərir.
Problemin qanunvericilik tərəfinə diqqət yetirək. Vergi Məcəlləsinə görə, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir.
Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış təqdim etməlidir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.
Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.
Yuxarıda sadaladığımızı nəzərə alaraq Vergi Məcəlsinin 58.2 maddəsinə görə, həmin şəxslərə qarşı 40 manat məbləgində maliyyə sanksiyası tətbiq edilir.
Bir faktı da qeyd edək ki, bu kimi obyektlərə tətbiq edilən maliyyə sanksiyaları olduqca aşağıdır. Reyddə olduğumuz müddətdə bu cür obyektlərə qarşı qanunla göstərilən məbləğlərdə cərimələr tətbiq edildi. Fikrimizcə, bu cərimələrin sərtləşdirilməsinə yenidən baxmaq olar. Çünki 40 manat cərimənin həmin şəxslərin qumar oyunlarının qarşısını alacağını düşünmək sadəlövhlük olardı. Əlbəttə, cərimələrin sərtləşdirilməsi bütün dünyada geniş tətbiq edilən vergi nəzarəti tədbirlərindən biridir. Dünya təcrübəsində uçota durmayan şəxslərə qarşı daha sərt maliyyə sanksiyaları tətbiq edilməklə yanaşı, onlara son xəbardarlıq da edilir. Bundan sonra həmin obyektlər məcburi uçota alınır və cərimələrin ardıcıl olaraq dövlət büdcəsinə ödənilməsi təmin edilir. Bu kimi nəzarət tədbirləri Skandinaviya ölkələrində və Yaponiyada geniş tətbiq olunur.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən bütün fiziki və hüquqi şəxslər barədə müvafiq tədbirlər görüləcəkdir.
Rüfət MƏRDANOV
|