Operativ vergi nəzarəti tədbirləri necə həyata keçirilir
Vergi qanunvericiliyinə uyğun olaraq, vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, eyni zamanda vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi orqanları kameral və səyyar vergi yoxlamalarını, eyni zamanda operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdirlər.
Vergi Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilir. Qeyd edək ki, operativ vergi nəzarəti aşağıdakıları əhatə edir:
Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya vergi qanunvericiliyinə əsasən «Fərqlənmə nişanı» almayan vergi ödəyicilərinin aşkar edilməsi;
aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi;
əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;
valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar
edilməsi;
xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi;
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;
xronometraj metodu ilə müşahidə aparılması.
Qeyd edək ki, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Qanunvericiliyə uyğun olaraq operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra qərarı vergi ödəyicisinə dərhal təqdim etməlidir.
Vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisi vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, eyni zamanda yuxarıda göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması haqqında kifayət qədər əsas olduqda həyata keçirilir. Bununla bərabər, vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş və mənbəyi bəlli olan mənbələrdən əldə edilən məlumatlar əsas götürülür. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən akt tərtib edilir. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və həmin nəzarətin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
58.2. Bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş «Fərqlənmə nişanı» olmadan, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bildirək ki, vergi ödəyicisi tərəfindən alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarının təqdim edilməməsinə görə həmin vergi ödəyicisinə aşağıdakı maliyyə sanksiyaları tətbiq olunur:
il ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat;
l ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat;
il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat.
Eyni zamanda, vergi qanunvericiliyində vergi orqanları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması halları aşkar edildikdə, həmin işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, vergi orqanları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti zamanı aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması halları aşkar edildikdə, həmin mallar müsadirə olunur. Bununla bərabər, məhsulun ümumi miqdarı az miqdarda, yəni 500 manatadək olduqda İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslərə 35 manatdan 40 manatadək, vəzifəli şəxslərə 80 manatdan 90 manatadək və hüquqi şəxslərə 200 manatdan 300 manatadək inzibati cərimələr tətbiq olunur. Həmçinin, İnzibati Xətalar Məcəlləsində aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan az miqdarda, yəni 500 manatadək olan məbləğdə idxal edilməsi faktı aşkar edildikdə isə gömrük orqanları tərəfindən aksiz markası olmayan mallar müsadirə edilməklə fiziki şəxslərə 150 manatdan 250 manatadək, vəzifəli şəxslərə 300 manatdan 500 manatadək, hüquqi şəxslərə isə 1000 manatdan 3000 manatadək inzibati cərimənin tətbiq olunması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda, yəni 500 manatdan 2000 manatadək məbləğdə satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etməyə görə Cinayət Məcəlləsinin 213.1.1-ci maddəsinə əsasən, əmlakı müsadirə edilməklə 1000 manatdan 3000 manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir. Eyni əməllər külli miqdarda, yəni 2000 manatdan yuxarı məbləğdə, təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, həmin şəxsə əmlakı müsadirə edilməklə 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur.
Valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində alınıb-satılması və ya dəyişdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında həyata keçirilməlidir. Vergi orqanları tərəfindən aparılan operativ vergi nəzarəti zamanı valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması və ya dəyişdirilməsinə görə həmin vergi ödəyicilərinə İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarında inzibati cərimə tətbiq edilir. Eyni zamanda, valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə İnzibati Xətalar Məcəlləsində həmin vergi ödəyicisinə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizinədək məbləğində inzibati cərimənin tətbiq edilməsi nəzərdə tutulmuşdur.
|