MƏQALƏLƏR

Oxumamış milyonçular

  • 09.09.2011

Oxumamış milyonçular

Dünya səviyyəsində məşhur olan bir çox milyonçu insanlar var ki, onlar universitetlərdə təhsil almayıblar, amma bu, onlara şirkət yaratmağa, milyon və milyardlarla dollar qazanmağa mane olmamışdır. Statistikaya görə, bütün milyonçuların 20%-i heç vaxt universitetdə təhsil almamış, 8%-i hüquqşünas, digər 6%-i isə tibbi təhsil almış, 6%-i elmlər doktoru dərəcəsinə malikdir.

Dünyanın ən çox pul ödənilən idmançılarından biri olan Tayger Vuds  qolf üzrə professional oyunçu olmaq üçün Stenford  Universitetində oxumaqdan imtina etmişdi. Bu gün onun gəliri ildə 100 milyondan artıqdır.

Ledi Gaga kimi məşhur olan Stefani Coan Ancelina Cermanotta Manxettendə Müqəddəs Ürək qadın monastır məktəbində oxuyurdu. Lakin bir ildən sonra o, müğənni karyerasına başlamaq üçün oranı tərk edir.

Harrison Ford  Biskonsin ştatında kollecdə fəlsəfəni öyrənirdi, lakin o qəbul imtahanlarından kinolardakı bir neçə kiçik rola görə imtina edir və dülgər kimi işləməyə başlayır. Demək olar ki, 10 ildən sonra o rejissoru Corc Lukas olan “Amerikan qraffitisi” filmində rol alır və həmin rejissor ona şöhrət qazandırır.

Məşhur aktyor Tom Henks teatrda çıxış etmək arzusunda olduğu üçün təhsilini yarımçıq qoyur.

Mark Zukerberq Harvardda təhsil alarkən dünyanın ən məşhur sosial şəbəkəsi “Facebook”-u kəşf edir. Feysbukun populyarlığı o qədər artır ki, o təhsilini yarımçıq qoyur və Palo-Altoda şirkətin əsasını qoyur.

Ceyms Kameron Kanadada anadan olmuşdur, lakin ailəsi ilə birlikdə Kaliforniyaya gəlir və universitetə daxil olur. O, təhsilini yarımçıq qoyur, ofisiant qızla evlənir və yük maşını sürücüsü işləyir. Lakin “Star Wars” filminə baxdıqdan sonra o rejissor olmağa qərar verir və biz hamımız onun “Titanik” və “Avatar” filmləri haqda çox eşitmişik.

Memar, filosof və ixtiraçı Bakminster Fuller iki dəfə Harvard Universitetindən xaric olunmuşdur. Amma onun kreativ ideyaları ona milyonlarla dollar qazandırmışdı.

Frenk Lloyd Rayt - ən məşhur amerikalı memar, Viskonsin-Medison Universitetinə 1886-cı ildə daxil olur, lakin 1 il təhsil aldıqdan sonra oranı tərk edir. Ölümündən sonra onun 500 layihəsi, eləcə də Nyu-Yorkda Solomon R.Quqqenhaymın muzeyi yadigar qalmışdır.

Əgər Stiv Cobs universitetə daxil olsaydı, bəlkə də biz  “Macintosh”, iPod, iPhone-la tanış olmayacaqdıq. Ötən saylarımızın birində hazırladığım məqalədə də qeyd olunmuşdu ki, Stiv Cobs “Apple”  və “Pixar” şirkətlərinin əsasını qoymuşdur.

Bill Geyts bu gün dünyanın ən varlı insanlarından biridir. Hüquqşünas və pedaqoq ailəsində anadan olan Bill Geyts 1973-cü ilin payızında Harvard Universitetinə daxil olur. 2 il keçdikdən sonra o, universiteti tərk edir və öz uşaqlıq dostu ilə “Microsoft” şirkətini yaradır. 

P.S. Bu yazını hazırlamaqda məqsədim heç də gəncləri və ümumiyyətlə təhsil alanları bu yoldan çəkindirmək deyil. Oxuduğunuz sadəcə olaraq bir nümunədir. Bu halda kimlərinsə bəxti gətirmiş, kimsə “lazım olan vaxt lazım olan yerdə” olmuşdur, kimsə sadəcə olaraq öz ağlını işlətmişdir. Sözsüz ki, həyatda heç bir mövqe qazanmayan - universitet bitirməyən, heç bir ali savada malik olmayan insanlar da çoxdur. Ya da  əksinə, ali təsilli, çox savadlı və həyatda bir çox uğurlar qazananlar da var. Əsas odur ki, heç nədən asılı olmayaraq insanlar öz arzularını və ideyalarını reallaşdırmağa doğru addımlasınlar.                    

Könül Əzizova