MƏQALƏLƏR

Qida terroru

  • 09.09.2011
 

Qida terroru

Son illər mətbəxtlərdə duru yağlardan istifadə vərdişləri artmaqdadır. Azərbaycan qadınları duru yağın faydasını və səmərəsini hiss edərəkonunkla  dadlı xörəkləri  onunla bişirməyə başlayıblar. Duru yağa tələbatın artdığını hiss edən saxtakarlar, indi də bu sahədə ürək bulandırmağa çalışırlar. Əgər onların qarşısı alınmasa ürəkbulanma zəhərlənməyə çevriləcəkdir.

Hər bir ölkəyə məhsulların idxal olunması normal bir haldır. Əgər həmin məhsullar qanuni yolla gətirilirsə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində göstərilir ki,  xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət gigiyena qeydiyyatına alınmış, müəyyən edilmiş qaydada verilmiş və ya tanınmış uyğunluq sertifikatları olan yeyinti məhsulları idxal edilə bilər. Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərə əsasən verilmiş müvafiq sertifikatları olmayan yeyinti məhsullarının Azərbaycanın gömrük ərazisinə daxil edilməsinə yol verilmir.

Ədalət naminə qeyd etmək lazımdır ki, əvvəlki illərlə müqayisədə  qida məhsullarına nəzarət xeyli yaxşılaşmışdır. Qanunvericilik bazası təkmilləşdirilmiş, yeni standartlar qəbul edilmiş, nəzarət gücləndirilmişdir. Ən vacib dəyişikliklərdən biri bu olmuşdur ki, Azərbaycana gətirilən məhsulun üzərində onun istehsalçısı, mənşəyi, ölkəsi, xassələri, istifadə qaydaları haqqında məlumatlar Azərbaycan dilində göstərilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununda göstərilir ki, istehlak üçün idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Lakin ölkəmizdə sınaq laboratoriyalarının azlığı, genetik dəyişdirilmiş məhsullarla bağlı qanunun qəbul olunmaması və keyfiyyətsiz məhsul idxal edənlərə qarşı cəzaların  yüngüllüyü kimi çatışmazlıqlar sui-istifadə hallarının davam etməsinə zəmin yaradır. Hələ də  insanların sağlamlıqlarını  təhlükə altında qoyan məhsullar  satış şəbəkələrinə yol tapa bilir.  Son zamanlar satışda sürətlə yayılan şübhəli məhsullardan biri də “Дивное” adlı günəbaxan yağıdır.

Mağazalarda etiketi ermənicə olan duru yağ satılır

Artıq xeyli müddətdir ki, ölkəmizin ərzaq dükanlarında Rusiyada istehsal olunan “Дивное” adlı günəbaxan yağı satılır. Bu yağın satış şəbəkəsinə yol tapması həm qida təhlükəsizliyi, həm də milli təhlükəsizlik baxımından təhlükəlidir. Ermənistana satılmaq üçün istehsal olunmuş həmin məhsul bu ölkənin qadağası ilə rastlaşdıqdan sonra digər bazarlara yol tapıb. “Дивное” günəbaxan yağının etiketində məlumatlar erməni dilində də göstərilib. Azərbaycana bu yağı idxal edən şəxslər erməni dilində yazı olan hissənin üzərinə Azərbaycan dilində  məlumat yapışdıraraq satış şəbəkələrinə ötürürlər.

Araşdırma zamanı “Дивное” yağının istehsalçısı haqqında məlumat tapa bilmədik. Gözdən pərdə asmaq üçün yaradılmış internet səhifəsində sadəcə yağın bir-iki reklamı və söz yığımından ibarət olan təriflər yer alıb. Saytda istehsalçı şirkət haqqında, həmçinin yağın hansı məhsuldan  alındığı və necə istehsal olunduğu barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, son zamanlar dünyada yaşanan ərzaq qıtlığı və qiymət artımları saxtakarların iştahını açıb. Dünyanın ayrı-ayrı ölkələrində duru yağlarla bağlı tez-tez saxtakarlıq əməllərinin üstü açılır. Məsələn, günəbaxan yağlarına pambıq, soya və kanola kimi ucuz yağlar qatılır. Bu cür məhsullar həqiqi günəbaxan yağlarından xeyli ucuz başa gəldiyindən aşağı qiymətə satılır. Məlumat üçün bildirək ki, soya dünyada ən çox geni modifikasiya olunan bitkidir.

Elə “Дивное” yağını alıb istifadə edənlər də onun tərkibindən şübhələndiklərini söyləyirlər. “Təsadüfən marketdə “Дивное” yağı ilə rastlaşdım. Qiyməti ucuz olduğundan onu almaq qərarına gəldim. Lakin evdə həmin yağ ilə bişirilmiş xörəklər  yeyildikdən sonra bütün ailə üzvlərimiz dözülməz qarın ağrılarından əziyyət çəkməyə başladılar. Mən, bu yağı almağıma peşiman olmuşam, digərlərinə də ucuz qiymətinə baxıb aldanmamalarını məsləhət görürəm”,- deyə marketdə rastlaşdığımız alıcı Esmira Mustafayeva bildirdi.

“Дивное” günəbaxan yağı tanınmış marketlərdən olan “Bizim market”də satılır. Yağın  1 litrlik qabının qiyməti 2,45 manatdır.

Etiketi ermənicə yazılmış məhsulların ölkəmizə gətirilməsi halı birinci dəfə deyil. Bir müddət əvvəl Bakı Baş Gömrük İdarəsi əməkdaşları etiketlərinin üzərində erməni dilində yazılar olan toyuq əti aşkar etmişdilər.

Azərbaycanda alıcıların əksəriyyəti məhsul ilə ətraflı maraqlanmadan onu alırlar. Marketlərdə alış-veriş edilən zaman məhsulun üzəri oxunmadan səbətə qoyulur. Mütəxəssislər isə tövsiyə edirlər ki, istehlakçılar diqqətli olmalı,  etibarlı satış nöqtələrindən alış-veriş etməli və ən əsası tanınmayan markaların məhsullarını almamalıdırlar.

“Qarşısı dərhal alınmalıdır”

Marketlərdə etiketi ermənicə olan duru yağlarının satılması ilə bağlı məsələyə rəsmi şəxslər və müstəqil ekspertlər öz münasibətlərin bildiriblər. Milli Məclisin Aqrar məsələlər komitəsinin sədri Eldar İbrahimov “Qafqazinfo” portalına bildirib ki, bu fakt varsa, qarşısı dərhal alınmalıdır: “Adi bir oyuncaq kukla ilə belə bizə qarşı terror eləyən, vətəndaşlarımızın hər fürsətdə qanına susayan erməninin yağı Azərbaycan bazarında satılmamalıdır. Bu fakt varsa, qarşısı dərhal alınmalıdır. Kim qarantiya verə bilər ki, belə məhsullar qəsdən Azərbaycana ötürülməyib? Bu yağı Azərbaycana gətirənlər tapılmalıdır, cəzalandırılmalıdır və elə cəzalandırılmalıdır ki, başqalarına da dərs olsun ki, bir də belə səhvlərə yol verilməsin”.

İqtisadi İnkişaf Nazirliyi isə məsələyə çox сiddi yanaşır. Nazirliyin yanındakı Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən ANS PRESS-ə bildiriblər ki, məsələ сiddi araşdırılaсaq: «Birinсi, etiketləşməyə baxılaсaq, əgər pozuntu varsa, şirkət buna görə xüsusi сəza alaсaq. Daha sonra laboratoriyada yağın tərkibi yoxlanılaсaq. Bundan sonra əhalinin «Divnoe» yağları barədə narahatçılığına aydınlıq gətiriləсək»,- deyə nazirliyin əməkdaşı bildirir.

Azərbayсan Azad İstehlakçılar Birliyinin (AAİB) sədri Eyyub Hüseynov məhsulun etiketində bu сür qeyri-müəyyən ifadələrin yer almasının Azərbayсanın «Dövlət dili haqqında», «Yeyinti məhsulları haqqında» və «İstehlakçı hüquqlarının müdafiəsi» haqqında qanunlarının pozulması olduğunu deyir. Onun sözlərinə görə istehsalçı və idxalçı şirkət Azərbayсana hörmət qoymayıbdır.  

Seymur Yunusov