MƏQALƏLƏR

Fransada orta təhsilin yaranma tarixindən

  • 19.09.2011
 

Fransada orta təhsilin yaranma tarixindən

Orta əsr Avropasında katolik kilsələri təhsili öz əllərində saxlayırdı. Monastır, yepiskop və daxili kilsələrdə başqa yerlərdən gələn və yerli  əhalinin nümayəndələri  təhsil alırdı. Fransadakı ən məşhur məktəb Sen-Deni, Sen-Jermen, Tur, Fontenele idi. Daha sonra Suasson, Verden, Reyms, Şartre, Paris (Notr-Dam və Müqəddəs Jenevyeva məktəbləri) şəhərlərində yeni məktəblər tikildi.

Avropa əhalisinin əksəriyyəti evdə təhsil alırdı. Buna baxmayaraq tərbiyə həmişəki kimi əsas yer tutur və özünəməxsus  xüsusiyyətlərə malik idi.  Beləliklə, sənətkarların və tacirlərin uşaqları "şagirdlikdə" yüksək əmək bacarıqlarına yiyələnirdilər. Cəngavərlərin oğulları yuxarı feodal təbəqədə yeddi cəngavər əsasları (yuxarıyla getmə, üzgüçülük, nizəyə və qalxana yiyələnmə, qılıncoynatma, ovçuluq, şahmat oyunu, şeirlər qoşmaq və musiqi alətində çalmaq bacarığı) öyrənirdilər. Cəngavərlər üçün xüsusi savad tələb edilmirdi. Qızların təhsili də əsasən evdə keçirilirdi. Sadə təbəqələrdən olan ailələrin qızları ev təsərrüfatı, əl işi ilə məşğul olur və Bibliyanın əsaslarını öyrənirdilər.

 Tanınmış ailələrdən olan qızlara  kapellanlar və rahiblər oxumağı öyrədirdilər. Sonra isə ən yüksək təbəqədən olan qızların  qadın monastırlarında tərbiyə almasına  başlanıldı. Fransada ən böyük şöhrətə malik olan məktəb Sen-Sir idi.

Erkən orta əsrlər dövründə Avropada tərbiyə verilməsinin  əsasını ruhun azadlığı, təlimin idealını isə güclü, inamlı bir şəxsiyyət əks etdirirdi. Lakin Fransadakı bu dini abu-havanın fonunda düşüncəli elm adamları irəliləməyə başladı ki, onları İntibah dövrünün yaradıcıları hesab edirlər.

Dahi pedaqoq Pyer Abelyar (1079-1142) inam və idrakı birləşdirməyə çalışır, elm vasitəsilə insanları yüksək ictimai səviyyəyə qaldırmağı öyrədirdi. O, deyirdi: “Bilik   -   ən əsası insanın öz üzərində gördüyü işin bəhrəsidir”.

Paris kafedral məktəbinin rəhbəri Quqo Sen-Viktori (1096-1141) tərbiyədə dini və kübar başlanğıcı birləşdirir, təsdiq edirdi ki, məntiq, riyaziyyat, fizika və digər təbiət elmləri vacibdir, lakin xristiyanlığın qarşısında acizdirlər.

Fransa şahzadələrinin müəllimi Vinsent de Bove (1190-1264) tərbiyədə mənəviyyatı əsas götürürdü. O, tərbiyə metodlarını asanlaşdıraraq uşaqların diqqətini oyun və zarafatlara cəlb edirdi. O, müəllimləri, uşaqları inandıraraq öyrətməyə, bədən cəzalarından uzaqlaşmağa çağırırdı.

Paris universitetinin kansleri Jan Şarl Gerson (1363-1429) tələbələrini səbrli olmağa çağırır, hesab edirdi ki, uşaqlarla nəzakətlə davranmaq onları qorxutmaqdan daha asandır.

12-15-ci əsrlərdə məktəb təhsili tədricən kilsə və monastır divarlarından uzaqlaşırdı. Kübar təhsilin yaranması ilk növbədə şəhərlərin böyüməsi və dövlət hakimiyyətinin möhkəmlənməsi ilə əlaqədar idi. İlk şəhər məktəbləri 12-ci əsrin ikinci yarısında yaranmışdır. Onlarda təhsil latın və fransız dillərində keçilirdi. 13-cü əsrin sonlarında onların sayı 10-dan çox idi, 100 il sonra isə 60-a yaxın idi. Məktəbi bitirən uşaqlar oxumağı, yazmağı, hesabı və latın qrammatikasını öyrənirdilər. Kiçik məktəblərdə yüksək təbəqəyə mənsub uşaqlar təhsil alırdılar.

 Əzizova G.