MƏQALƏLƏR

NƏZİR YOXSA RÜŞVƏT

  • 19.09.2011
 

NƏZİR YOXSA RÜŞVƏT

(dilənçilər də, onları formalaşdıranlar da özümüzük)

 

Cəmiyyətin mürəkkəb sosial xəstəliklərindən biri də dilənçilikdir. Bu fenomen tarixən dərin köklərə söykənən və insan psixologiyasının ayrılmaz tərkib hissəsi hesab edilən bir məvhumdur. Bütün dövrlərdə normal cəmiyyətlərdə insanların dilənçiliyə münasibəti mənfi olub, hətta dövlət səviyyəsində bu fəaliyyət növünə qadağanlar qoymaqla və digər müxtəlif üsullarla mübarizə aparılıb. Lakin faktiki olaraq, dilənçilik daha çox inkişaf etmiş cəmiyyətlərdə kök salmaqda davam edir. Ziyalıların bu paradiqmaya münasibəti birmənalı olmasa da, günümüzün inkişaf səviyyəsinə görə xalq tərəfindən bəsit anlaşılması və qəbul olunması narahatçılıq doğurur.

 

Dilənçiliyə belə münasibətin səbəblərini konkret müddəalarla aydınlaşdırmaq, eyni zamanda zərərli proseslərin aradan qaldırılması üzrə görüləcək işlərimizi müəyyən etməyimiz zəruridir. Öncə dilənçiliyin səbəbini axtaraq. Misal: Metronun qarşısında bardaş qurub yerdə oturmuş və əli-ayağı sağ-salamat olan (hətta gümrah görünən) çadralı qadına niyə pul veririk?

O gözəl balanın adına nəzir ver”, deyəndə onun geyimindən (qara çadra)  və bizdən “nəzir” istəməsi müqabilində ona heç nə vermədikdə qəzəbinə və qarğışına tuş gələcəyimizdən qorxuruq. Pul verdikdə qadın deyir: “Allah balana dəyməsin!” Biz də rahat oluruq. Problem bizdədir – biz qara qüvvələrə inanan mövhumatçılarıq və onun xeyir-duasını eşitməyə ehtiyacımız var. Buna görə də, xalqımızın bu sahədə yaxşı maarifləndirilməsi tələb olunur. İnsanlarda məntiqi təfəkkürün inkişafını gücləndirmək və mövhumatdan uzaqlaşmaları istiqamətində xeyli əməli işlər görülməlidir!

Başqa bir dilənçi səhər tezdən uca səslə deyir: “Allah yolunuzu açıq, işlərinizi xeyirli etsin...”. Bu hamı tərəfindən arzu olunan bir fikir olduğundan ustalıqla söylənilir və adamlara müftə kompliment deyilmiş olur. İnsanlar da öz “səxavət”lərindən ona 20 qəpik pay verməklə məmnun qalırlar. Bu halda dilənçi əslində xeyir-dua söyləməklə 20 qəpiklik müsbət enerji satan şəxsdir və həmin enerjiyə görə 20 qəpik ödəməyə dəyər. Aydındır ki, xalqın dilənçiliyə və dilənçilərə deyil, onlara xoş və arzuolunan, onlarda daxili inamını artıran sözlərə real tələbat vardır ki, buna görə də dilənçilik daim bizimlədir və olacaqdır (red. zənnimcə xeyir-dua dilənçiliyini adi dilənçilikdən ayırmaq və ona düzgün ad verərək normal qəbul etmək lazımdır. Hətta gələcəkdə “ümid köməkçilərini”n fəaliyyətini leqallaşdırmaq da məntiqli görünür. Lakin dilənçilərin həyasızlaşmasına, əxlaq və mədəniyyət normalarını pozmalarına yol verməmək, hətta onları da maarifləndirmək lazımdır ki, onlar başa düşsünlər ki, əvəzsiz pay istəyən yalvarışçı məzlum deyil, adi satıcılardırlar. Buna görə də özlərini məzlum sifətində təqdim etmələrinə ehtiyac yoxdur.

Qərb cəmiyyətləri ilə müqayisə etdikdə dilənçiliyə münasibətdə xalqımız çox geridədir. Baxın: hər gün metroda, avtobuslarda və yollarda bir əlini və ya ayağını bintlə sarımış, yaxud əyninə böyük ölçülü paltar geyərək, əlini qatlayaraq, belini və ya bir ayağını  əyərək özünün şikəst və ya xəstə olduğunu imitasiya edən dilənçilərə bizim camaat asanlıqla inanıb pul verirlər. Xalqımızın təfəkküründə məntiqdən çox hissiyat hökmranlıq edir. Dilənçi tərəfindən yaradılan ilk görüntü insanların onun halına acımasına nail olmağa “hesablanıb” və zahirən gördüklərini təhlil etməyi zəif bacaran qəlbitəmiz və sadəlövh bizlər onlara aldanırıq. Daha pis olan hal isə odur ki, hətta insanın şikəst, xəstə və ya kimsəsiz olmadığını bilə-bilə aramızda belə dilənçinin  yalvarışına mərhəmət göstərməyi yaxşı və savab əməl hesab edənlər çoxdur. Nə qədər acı olsa da bir gün bu haldan öz daxilində qürurlanan bir dilənçiyə yol kənarında 10 qəpik verən bir adama onun zahirən məntiqsiz görünən sərt cavabı və pulu götürməkdən etiraz etməsinin də şahidi olmuşam: “Bu nədir, mənə verirsən, apar, öz uşağına saqqız alarsan!” (red. əslində, o bunu deməyə “haqlıdır”).

Maraqlıdır ki, özünü uğurlu adam hesab edən, hazırda yüksək vəzifə tutan və bahalı avtomobili idarə edən adlı-sanlı həmyerlimiz dilənçidən belə sözü eşidəndən sonra heç öz məntiqinə nəzər salırmı? Onun timsalında dilənçi yalvarışına müsbət cavab verən vətəndaşlarımızda öz şəxsiyyətlərinin məntiqi dolğunluğuna şübhə etmək ağıllarına gəlirmi? Təhqir olunan və edən də bizik, bizim sağlam məntiqlə formalaşmayan təfəkkürümüzdür ki, bu da hazırki cəmiyyətimizin diqqətdən kənar qalan, əslində gündəlik həyatımızda insanların sağlam düşüncə tərzinin inkişafına zərbə vuran, ələbaxımlıq psixologiyasını kütləviləşdirən mərəzlərdən biridir.

Dilənçiliyin fəsadları, müasir Azərbaycan cəmiyyətinin inkişafında vətəndaş mövqeyinin və potensialının günbəgün, anbaan itirildiyi başqa bir konsepsiya - dini aləmdə kök salmış “nəzir vermək və şəfa tapmaq” psixoloji fenomeni ilə sıx bağlıdır. Nəzir vermək bir tərəfdən dilənçiliyin bir hissəsi kimi ona şərait yaradan bir proses olmaqla, digər tərəfdən din nəzəriyyələrində öz fəlsəfi əsaslarını möhkəmləndirir və oradan qidalanır. Başqa sözlə, nəzir vermək dilənçiliyin tükənməz qida mənbəyidir. Doğrudur, nəzir vermək xalq arasında, xüsusilə də din aləmində çox yüksək və savab əməl kimi qəbul edilir və ruhani insanlar  tərəfindən həvəslə təbliğ edilir. İnsanlar nəzir verməklə, ehtiyacı olanlara əl tutur və cəmiyyətdə haqq-ədalətin təmin olunmasına bir növ öz töhfələrini vermiş olurlar. Bununla insanlar daxilən rahatçılıq tapır və xalqın mənəvi-psixoloji birliyini qorumuş olurlar. Kəskin ehtiyac içində olan insanlara nəzir verildikdə bunu onlara mərhəmət kimi qəbul edərək, özlərində həyat mübarizəsini davam etdirməyə güc tapırlar ki, nəticədə onların digərlərinə və şahidlərin nəzir verənlərə münasibəti mənəvi saflığa və son nəticədə ictimai birliyə dəstək olur. Bu da ümumilikdə dövlətin möhkəmliyini müəyyən edən sosial amillərə öz müsbət təsirini göstərir.

Lakin məsələnin çox ağrılı bir tərəfi də vardır: Fəlsəfə və məntiq elmlərini dərindən bilməyən din təbliğatçıları nəzir vermək əməlinin fəlsəfəsini bəşəriyyətə ziyanlı formalarda sadə insanlara çatdırmaqla, xalqımızın inkişafına ziyan vururlar. Məsələn: hazırda kütlə psixologiyası belədir: “Nəzir ona görə verilir ki, Allah yanında savab qazanasan, günahların bağışlansın, arzularına çatasan, işlərin uğurlu, yolun açıq olsun, həyatda qada-bəladan uzaq olasan və s.” Belə düşüncə tərzinə malik olmaqla xalqımız yenə də uduzur və mövhumata yuvarlanmış olur. Şübhə edənlər aşağıda qeyd olunan bir neçə məntiqi suallara cavab verməyə və onları təhlil etməyə çalışsınlar:

 

1.  Nəzir verməklə həyatında yaxşı nəticələr gözləmək nəziri təmənnasız verməmək demək deyilmi?

2.  Nəzir verməklə öz maraqlarımızı ödəmək niyyəti daşımırıq?

3. Nəzir verməklə ən azından savab qazanmaq, əslində, o biri “dünya”dakı gələcək “həyatımız” üçün verilmiş rüşvətə və ya qoyulmuş xəyali kapitala oxşamır ki? Sizcə Allaha rüşvət qəbul olunurmu?

4.  Nəzir vermək, əslində, Allaha inamımızda özümüzə şübhəmiz olmasını göstərmirmi? Hər şey Allah tərəfindən idarə olunursa, nəzir verməklə, Allahın münasibətini dəyişməyə cəhd etməyin məntiqi nədir? Allah kimə haqq verib ki, onunla bazarlıq etsin???

 

 

Əziz oxucu! Allah heç kimi imansız və insanlıqdan uzaq etməsin! Lakin insan adını daşıyan şüurlu varlığı hər şeydən əvvəl ona söylənilən fikirləri şərtsiz qəbul etməyə heç kim məcbur edə bilməz. İnsana Allah tərəfindən məntiqi düşüncə tərzi, təhliletmə qabiliyyəti və sağlam təfəkkürə sahib olmaq bacarığı verilib və bu sahədə məhdudiyyət yoxdur. Azərbaycan cəmiyyətinin ideoloji əsaslarında bu keyfiyyətin formalaşması üçün dövlət səviyyəli əməli işlərin görülməsinə ehtiyac günbəgün artmaqdadır! Odur ki, hər birimiz diqqətimizi öz imkanlarımıza və onlardan düzgün istifadə edərək daha səmərəli yaşamaga  yönəltməyə nail olmalıyıq!

 

i.e.n. Nurlan Aslan oğlu Bağırov