MƏQALƏLƏR

Regionlarin sosial-iqtisadi inkişafinda lizinqin rolu

  • 19.09.2011
 
 

Regionlarin sosial-iqtisadi inkişafinda lizinqin rolu

Ölkəmizdə uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının tərkibində lizinq strukturunun yaradılması, onun inkişafı və modernləşdirilməsi məsələləri xüsusi yer almışdır. Dünyanın inkişaf etmiş ölkələrində də investisiyaların ümumi həcmində lizinqin payı yüksəkdir. Misal olaraq göstərmək olar ki, bu pay ABŞ-da 72 faiz, Böyük Britaniyada 20 faiz, digər Avropa ölkələrində 8 faizə yaxındır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncamına uyğun olaraq respublikamıza gətirilən texnikanın siyahısına texnoloji avadanlıqların da daxil edilməsi, mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə texnikanın lizinqə verilməsi və ya dəyərinin ödənilməsi müddətinin beş ildən on ilə müəyyən edilməsi aqrar sahənin inkişafında müstəsna əhəmiyyət kəsb etmişdir. 2005-ci ildən indiyədək «Aqrolizinq» ASC tərəfindən dövlət vəsaiti hesabına 1500-ə yaxın taxılyığan kombayn, 2340 traktor və ekskovator, 3700-dən artıq müxtəlif kənd təsərrüfatı maşınları və avadanlıqları, 237100 ton mineral gübrələr alınmış və müvafiq qaydalara uyğun olaraq lizinq yolu ilə satılmışdır. Lizinq məfhumunun mahiyyətini belə anlamaq olar: lizinq əmlakın müqavilə əsasında müəyyən vəsait ödəməklə konkret müddətə fiziki və hüquqi şəxslərə icarəyə verilməsi üzrə investisiya fəaliyyətinin bir növüdür. Bu gün ölkələrdə kapital qoyuluşlarının mühüm ünsürünə çevrilməklə iqtisadi inkişafa geniş yol açmışdır. Azərbaycanda da istər Dövlət proqramları çərçivəsində, istərsə də ölkə rəhbərinin xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən tədbirlər nəticəsində lizinq işinin təşkili və inkişafında mühüm irəliləyişlər baş vermişdir. Bu gün lizinqin, regionların sosial-iqtisadi inkişafında oynadığı rol, daşıdığı önəm hər addımda hiss olunmaqdadır. Belə ki, lizinqin tətbiqi nəticəsində ölkəmizdə aqrar bölmə inkişaf edir, məhsuldarlıq artır, heyvandarlığın yem bazası möhkəmlənir, təsərrüfatlarda ixtisaslaşma prosesi güclənir. Bu gün lizinqin əhatə dairəsi çox genişdir. Belə ki, müəssisələrdən, təsərrüfatlardan, tikililərdən başlamış, qurğu və avadanlıqlara, nəqliyyat vasitələrinə və digər daşınan və daşınmaz əmlaka qədər hamısı lizinq əməliyyatında iştirak edə bilər. Ümumiyyətlə, lizinqin iki əsas növü var: maliyyə və operativ lizinq. Lizinqin maliyyə növü lizinq verənin əmlakının alınmasına lazım olan bütün xərclərin ödənilməsini nəzərdə tutur. Burada əsas meyar əmlakın alınması və istehsala cəlb olunması nəticəsində müəssisənin gəlir götürməsidir. Operativ lizinqə maliyyə lizinqinə aid olmayan bütün növ icarələr daxildir. Operativ lizinqin müddəti azdır. Yəni bu halda maşın və avadanlıqlar qısa müddətə icarəyə verilir. Burada mülkiyyət hüququ icarədarlara verilə bilməz və müvafiq texnikadan istifadə istənilən vaxt dayandırıla bilər. Lizinq struktur fəaliyyəti olduğuna görə, xüsusi şirkətlər, banklar, sığorta təşkilatları tərəfindən həyata keçirilir. Torpaq sahələri, təbii ehtiyatlar, həmçinin qanunvericiliklə azad tədavül üçün qadağan olunmuş əmlak lizinq predmeti ola bilməz. Lizinq sövdələşməsində, bir qayda olaraq, üç tərəf iştirak edir: lizinqverən, lizinqalan və satıcı (malgöndərən). Lizinq sövdələşməsinin tərəfləri həm Azərbaycan Respublikasının rezidentləri, həm də qeyri-rezidentləri, yəni respublikamızda kommersiya fəaliyyətini həyata keçirən xarici hüquqi şəxslər ola bilər. Beləliklə, lizinq dedikdə, icarə verənin icarədara məhsuldar istifadə məqsədilə maşın və avadanlıqların 3 ildən 20 ilədək və daha çox müddətə verilməsi başa düşülür. Müddətindən asılı olaraq lizinqin üç tipini fərqləndirmək olar: uzunmüddətli lizinq üç və daha çox illər ərzində həyata keçirilir, ortamüddətli lizinq – il yarımdan üç ilə qədər müddətə həyata keçirilir və qısamüddətli lizinq – il yarımdan az müddətə həyata keçirilir. Təbii ki, sahibkarlıq subyektlərini, o cümlədən bankları lizinq fəaliyyətinə cəlb etmək üçün ilk növbədə hüquqi problemlər həll edilməlidir. Çünki həm icarə, həm də kredit əmlakın istifadəyə verilməsi öhdəliklərinin ayrı-ayrı növləridir. Lakin lizinq zamanı müqavilənin əsas predmeti əmlak olduğu üçün hüquqi cəhətdən lizinq icarənin yalnız xüsusi növü kimi səciyyələndirilə bilər. Eyni zamanda, iqtisadi anlamda lizinq kredit formasıdır. Çünki burada faktiki olaraq lizinqverən lizinq alanı müvafiq əmlakı əldə etmək üçün maliyyələşdirir. «Banklar haqqında» Qanuna görə, bankların nizamnaməsində lizinq fəaliyyəti qadağan edilməyibsə, onlar bu fəaliyyət növü ilə məşğul ola bilərlər. Birbaşa kreditlərdən fərqli olaraq, lizinq zamanı banklar daha etibarlı təminata malikdir. Çünki  birbaşa kreditin təminatı olan girov (ipoteka) predmetindən fərqli olaraq lizinq predmeti əvvəlcədən bankın mülkiyyəti hesab olunur. Digər tərəfdən, lizinq zamanı bank kreditin təyinatını dəqiq bilir. Buna görə də vergi güzəştləri olmadan belə, bankların lizinq fəaliyyəti ilə məşğul olması onlar üçün məqbuldur.

Azərbaycan Respublikasının Mərkəzi Bankı bankların lizinq fəaliyyəti ilə məşğul olmasını normativ aktlarla təşviq etmişdir. Belə ki, Mərkəzi Bankın «Azərbaycan Respublikasının bank sistemində icarə əməliyyatları üzrə uçot qaydaları»nda lizinq əməliyyatlarının uçot qaydaları müəyyənləşdirilmişdir. Həmin qaydalara görə, lizinqin mühasibat uçotu kredit əməliyyatlarının uçotuna bənzərdir. İnkişaf etmiş ölkələrdə banklar lizinq əməliyyatlarında dolayısı ilə iştirak edirlər. Belə ki, lizinq əməliyyatları zamanı banklar lizinq şirkətlərinin özlərini hər hansı lizinq predmetinin alınması üçün kreditləşdirirlər. Son illər respublikamızda bu sahədə müsbət meyillər özünü göstərməkdədir. İndi lizinq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi lisenziya tələb olunmur, lizinq əməliyyatları əlavə dəyər vergisindən azaddır və lizinq obyektinə lizinq alan tərəfindən sürətləndirilmiş amortizasiya tətbiq edilir.

Lizinq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi istehsalın strukturunun yeniləşməsinə və sahibkarlığın inkişafının sürətləndirilməsinə böyük təkan vermişdir. Təcrübə göstərir ki, bilavasitə lizinqin fəaliyyətinin düzgün təşkili sayəsində əlavə iş yerləri yaradılmış, əhalinin fəal hissəsinin gəlirləri xeyli artmışdır. İqtisadi vəziyyətin təhlili, marketinq və sosioloji araşdırmalar onu deməyə əsas verir ki, lizinq fəaliyyətinin inkişaf etdirilməsi ölkəmizin iqtisadi potensialının gücləndirilməsində xüsusi rol oynayacaqdır. Lizinq əməliyyatını həyata keçirərkən ən çətin məsələlərdən biri lizinq (icarə) ödənişinin məbləğinin müəyyən edilməsidir. Bu ödənişlərin əsasında icarəyə verilmiş obyektin dəyəri və lizinq sövdələşməsinin müddəti ilə bağlı hesablaşmalar dayanır. Odur ki, bu məsələdə çox diqqətli olmaq lazımdır. Lizinq investisiya fəaliyyətini canlandırır, istehsalın inkişafına əlavə stimul verir, qabaqcıl texnika və texnoloji proseslərin tətbiqinə geniş imkanlar açır. Məhz buna görə də lizinq fəaliyyəti bütün inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda müdafiə olunur və onun inkişafına hərtərəfli dəstək göstərilir. Azərbaycanda lizinq fəaliyyətinin həyata keçirilməsinə ötən əsrin 90-cı illərinin əvvəllərində cəhdlər olsa da, bu baş tutmamış, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışı ilə bütün sahələrdə olduğu kimi aqrar sahədə də genişmiqyaslı islahatlar aparılmış və bu islahatların məntiqi davamı olaraq lizinq işinə start verilmişdir. İnvestisiyaların başqa formaları ilə müqayisədə lizinqin üstünlüyü onunla müəyyən edilir ki, sahibkara pul resursları yox, istehsal vasitələri təqdim edilir. Nəticədə sahibkar çevik hərəkət edə bilir, bazarın tələbinə uyğun məhsul istehsal etmək imkanı qazanır. Kifayət qədər maliyyə resursları olmadığı halda belə sahibkar lizinqin köməyi ilə əsas fondları təzələmək, yeni avadanlıqlar almaq, fiziki və mənəvi köhnəlmə nəticəsində yaranan itkiləri azalda bilər. Lizinq sahibkara əmlak sahibi olmağa imkan yaradır, istehsal-təsərrüfat fəaliyyətində müstəqilliyini möhkəmləndirir, nəticədə aqrar sahənin inkişafına əlverişli imkanlar açır.

Xarici ölkələrdə operativ lizinqin tətbiqinə daha çox üstünlük verilir. Azərbaycanda da operativ lizinqin genişləndirilməsi prioritet istiqamət sayılır. Bu mənada «Aqrolizinq» ASC-nin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Lakin bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır. Bu da müasir texnika və texnoloji avadanlıqlardan baş çıxaran səriştəli kadrlar sarıdan problemlərin olması ilə bağlıdır. Odur ki, lizinq işini düzgün təşkil etmək və müasir standartlar səviyyəsinə qaldırmaq üçün modern kadr hazırlığı məsələsinə ciddi fikir verilməlidir. Ərzaq təhlükəsizliyini təmin etmək, aqrar bölmənin dayanıqlı və davamlı inkişafına nail olmaq xeyli dərəcədə lizinq fəaliyyətinin səmərəliliyinin artırılmasından asılıdır. Lizinqin geniş təşəkkül tapıb inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, bu fəaliyyət növünün tətbiqi nəticə etibarı ilə investisiya qoyuluşunun həcmini artırır, istehsalın texniki təchizatına və modernləşdirilməsinə, məhsulun satışının təşkilinə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqinə və yeni iş yerlərinin açılmasına səbəb olur.

Bu zərurətdən çıxış edərək demək olar ki, qarşıdakı illərdə də ölkəmizdə lizinq fəaliyyətinin genişləndirilməsi prosesi sürətlənəcək və bu sahəyə dövlət dəstəyi davamlı xarakter alacaqdır.

Zülfü İLYASOV,

bölgə müxbiri