MƏQALƏLƏR

Sahibkarlıq: Soyuducu anbarlar

  • 19.09.2011
 

Sahibkarlıq: Soyuducu anbarlar

Azərbaycan kəndlisinin əksəriyyəti əkinçilik və heyvandarlıqla dolanır.  Demək olar ki, bir çox meyvə və tərəvəzlər bölgələrimizdə yetişir. Ancaq avqust ayının əvvəlindən meyvələr yetişməyə başlayır, oktyabr ayının ortalarında isə sona çatır. Kəndli bu dövr ərzində yetişdirdiyi meyvə və tərəvəzdən bir şey sata bilirsə, əlinə üç-beş manat ala bilir. Yox, əgər sata bilmirsə bir illik əməyi və yetişdirdiyi məhsullar boşa gedir. Nəticədə də onlar növbəti ildə bir daha meyvə və tərəvəz yeşidirmirlər. İmkan düşən kimi dolanmaq üçün şəhərlərə üz tuturlar.

İşin maraqlı tərəfi budur ki, iqlim şəraiti ilə əlaqədar hamının meyvəsi eyni dövrdə yetişir. Bazarlara eyni məhsullar eyni günlərdə çıxardılır. Çox olduğu üçün qiymətlər də ucuzlaşır. Hətta satılan məsullar onun bazara daşınmasına çəkilmiş xərci belə ödəmir. Ən sonda fermerin əli soyuyur, məhsulu tarlada və  bağda məhv olub gedir.

Bildiyimiz kimi meyvə və tərəvəzi dərdikdən sonra onların əksəriyyətinin ən çox qaldığı müddət 5 gün olur. Ən dözümlü meyvə bir aydan artıq qala bilmir.  Günlər keçdikcə məhsul büzüşür və ya çürüyür, ondan pis qoxu gəlir. Artıq görüntüsü pozulmuş məhsul yeyilməz vəziyyətə düşür.

Bunlara görə də fermerləri qorumaq məcburiyyətindəyik. Kiçik sahibkarlığın onurğa sütunlarından biri olan fermerlər rayonlarında, kəndlərində qalıb işləri ilə məşğul olmalıdırlar. Onların istehsal problemləri həll olunmalı, yetişdirdikləri meyvə və tərəvəzlərdən dolanışıqlarını təmin edəcəkləri səviyyədə gəlir əldə edə bilmələri təmin olunmalıdır.

Soyuducu anbar kompleksləri çatışmadığından ölkəmizdə yığılan məhsulun xeyli hissəsinin çürüyüb məhv olduğu bir reallıqdır.  İlk növbbədə fermerlərin topladıqları məhsulları xeyli müddət saxlamaları üçün soyuducu anbarlar olmalıdır. Fermer əlindəki malı bir müddət  belə anbarlarda saxlamalı, sonra münasib vaxtda və münasib qiymətə öz məhsulunu satmalıdır.

Digər tərəfdən, soyuducu anbar komplekslərinin olması bir şəhərin və ya rayonun inkişafının göstəricisidir. Çünki hər cür meyvə və tərəvəz, süd və süd məhsulları, ət və ət məhsulları, yumurta, aromalı içkilər, meyvə şirəsi kimi qida növləri üçün soyuducu anbarların olması şərtdir.

Soyuducu anbar kompleksi bir sıra dövlətlər üçün strateji əhəmiyyətə malikdir.  Ölkənin ixrac qabiliyyətinin möhkəmləndirilməsində soyuducu anbarların gücündən geniş istifadə olunur.  Biz bölgələrimizdə soyuducu anbarların çatışmadığından danışırıqsa, bir sıra dövlətlər digər dövlətlərin ərazisində iri soyuducu anbar komplekslərinin qurulması ilə məşğuldurlar. Məsələn, Türkiyənin iş adamları Rusiyanın Rostov vilayətində nəhəng soyuducu anbar kompleksini tikməkdədirlər. Həmin kompleksin  istifadəyə verilməsilə Türkiyənin Rusiyaya təzə meyvə və tərəvəz ixracatının həm miqdar,  həm də dəyər olaraq ciddi artırılmasının təmin edilməsi planlaşdırılır. Əlbəttə bu kompleksin qurulması meyvə tərəvəz sahəsində  Rusiya bazarı baxımından Türkiyənin ən böyük rəqibləri  olan Misir, İspaniya, Azərbaycan və Yunanıstan ixracatçıları üçün bazarın itirilməsi ilə nəticələnə bilər.

Soyuducu anbar nədir?

Soyuducu anbar normal temperaturda pozulmağa meyilli olan qidaların aşağı temperaturda mühafizə edilməsinə imkan verən infrastrukturdur. Soyuducu anbarın “skleti” polad konstruksiya ilə qurulur, xarici səthi üzlənir. Daxili səthinə isə divar və tavan panelləri vurulur, soyuqluğu təmin etmək üçün güclü kondisionerlər quraşdırılır.

Soyuducu anbar tikintisinə güzəştli kreditlər

Son iki ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının uzun müddətə saxlanması üçün soyuducu anbar komplekslərinin tikintisi geniş vüsət alıb. Belə anbarların tikintisinə Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış “Yurd El” MMC  Hacıqabulda (tutumu 2 min ton), “Zəhmət-Ruzi” MMC Abşeron rayonunda (tutumu 7 min ton),  “Delta Qrup C.O.” MMC Sumqayıt şəhərində (tutumu 4 min ton), “Sultan-O” MMC Şabranda, “Ələddin Fermer” MMC Salyanda (tutumu 5 min), “Parallel” MMC Göyçayda (tutumu 2 min ton) “Meqas” MMC Şəmkirdə (1000 ton), “Zəm-Zəm” MMC-nin Qubada (tutumu 4 min ton), fiziki şəxs Xədicə Zülbalayevanın Qubada (tutumu 5 min ton), “Aqrolayn” MMC-nin Qusarda (tutumu 4 min ton), fiziki şəxs Vasif Verdiyevin Xaçmaz rayonunda (tutumu 2 min ton), fiziki şəxs Rövşən Şərifovun yenə də Xaçmazda (tutumu 4 min ton) analoji müəssisələr yaradıblar.

Soyuducu anbarların çoxu İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə ayrılan güzəştli kreditlər hesabına inşa olunur. Fondun elan etdiyi prioritet istiqamətlərdən biri  soyuducu anbar təsərrüfatı infrastrukturunun yaradılmasıdır. Belə ki, bu günə qədər SKMF-nin kreditləri hesabına ümumi tutumu 100 min tondan artıq olan  30-dan çox  soyuducu anbar kompleksi yaradılmışdır. Həmçinin hazırda bölgələrdə soyuducu anbarların tikintisi davam etməkdədir. Həmçinin sahibkarların özlərinin qoyduğu vəsaitlər hesabına indiyədək regionlarda ümumi tutumu 40,5 min ton olan 14 soyuducu anbar kompleksi tikilib istifadəyə verilib. Yeri gəlmişkən, ölkədə soyuducu anbarların tikintisi təkcə SKMF-nin vəsaitləri ilə məhdudlaşmır. Fondla yanaşı Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC də bu sahəyə xeyli pul xərcləyir.

Onu xatırladaq ki, ötən illərdə SKMF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Quba-Xaçmaz iqtisadi rayonu üzrə ümumi tutumu 25 min ton olan 8 soyuducu anbar kompleksinin yaradılmasına 15 milyon manat güzəştli kredit verilib. İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, bu layihələrin icrası ildə 35 min ton meyvənin qəbuluna imkan yaradır. Bu isə əhalinin məşğulluq səviyyəsinin daha da yüksəldilməsi, ixrac imkanlarının genişlənməsi, ilin bütün fəsillərində tələbatın yerli məhsullar hesabına ödənilməsi üçün mühüm əhəmiyyət daşıyır.

İcarə qiymətləri sərfəlidir?

Soyuducu anbarların tikintisi sahəsində nəzərəçarpacaq canlanmalar müşahidə edilməyə yenicə başlanmışdı ki,  regionlardan istifadəyə verilmiş soyuducu anbar komplekslərinin çoxunun hələ də boş qalması barədə xəbərlər gəlməyə başlamışdır. Səbəb soyuducu anbarlarda icarə qiymətlərinin sərfəli olmaması göstərilir. Soyuducu anbarlara daha çox iri istehsalçıların məhsullarının qəbul edilməsinə üstünlük verilir və  qiymət güzəştləri  yalnız belə  mal sahiblərinə olunur. Adətən kəndlilərin məhsullarının kiçik həcmdə olması (100-200 kq) onların məhsullarının qəbul olunmamasına gətirib çıxardır.

Yeri gəlmişkən, soyuducu anbar komplekslərdə məhsulların saxlanması üçün icarə haqqı rayonlarda müxtəlifdir. Belə ki, Salyandakı anbarda 1 ton məhsulun 1 aylıq saxlanması üçün icarə haqqı 50 manat olduğu halda, Qubada 4 aylıq saxlama xərci cəmi 30 manatdır. Rayonların bir çoxunda məhsulun 1 kiloqramının aylıq saxlama xərci 5-20 qəpik arasında dəyişir. Məsələn, Tovuzda 1 kiloqram üzümü 1 ay ərzində soyuducu anbarda saxlamaq üçün istehsalçı müəssisəyə 20 qəpik ödəyir (tonu 200 manat). Saxlama müddəti bir aydan artıq olduğu təqdirdə icarə haqqı 10 qəpiyədək azaldıla bilər.

Fermerlər soyuducu anbarlarda məhsullarını saxlamaq üçün təkcə icarə haqqı ödəmirlər. Bundan əvvəl onlar məhsullarını anbara daşımaq üçün xeyli vəsait xərcləyirlər.

Bir sıra bölgələrdə isə problem fərqlidir. Belə bölgələrdə soyuducu anbarlar olsa da onlar fermerlərin üzünə bağlıdır. Çünki iş adamları soyuducu anbarlarında özlərinin digər təsərrüfatlarından yığılan meyvə,  tərəvəzləri və digər qida məhsullarını saxlayırlar.

Digər bir problem, fermerlərin çoxunun rayonlarında soyuducu anbarların mövcudluğundan xəbərsiz olmalarıdır. 

Soyuducu anbarların olması təkcə fermerlər üçün deyil, həm də orta və xırda meyvə- tərəvəz  alverçiləri üçün də vacibdir. Onlar satmaq üçün davamlı olaraq yerli malın gəlməsini gözləyirlər, xaricdən gətirilən mallar baha başa gəldiyindən ondan əldə edilən gəlir də az olur.

Elektrik enerjisi güzəşti və vergi yükü

Soyuducu anbar kompleksləri enerji tutumludurlar, onlar böyük həcmdə elektrik enerjisi istehlak edirlər. Elektrik enerjisi qiymətlərinin kommersiya qurumları üçün xeyli baha olması nəticədə icarə qiymətlərinin yüksək olmasına gətirib çıxardır. Soyuducu anbarlar kənd təsərrüfatına xidmət göstərmələrinə baxmayaraq belə sahələri işlədənlər aqrar sahə kimi bir sıra vergilərdən azad deyillər. Tez-tez belə bir fikir səsləndirilir ki, əgər soyuducu anbarlara elektrik enerjisi güzəştli qiymətlərlə satılarsa və onlar üçün vergi yükü azaldılarsa icarə qiymətləri də aşağı düşər.

Sahibkarlar müraciət edə bilərlər

Qeyd edək ki, artıq ölkəmizdə soyuducu anbar komplekslərini tam tikib  təhvil verən şirkətlər fəaliyyət göstərir. Belə şirkətlərdən biri olan  „Frost“ şirkəti aşağı və orta temperaturlu soyuducu anbarların və kameraların layihələndirilməsi, materialların və avadanlıqların çatdırılması, hər hansı ölçüdə soyuducu anbarların və kameraların tikintisi və quraşdırılması xidmətlərini göstərir.

Dövlət soyuducu anbar tikintisinin maliyyələşdirməyə güzəştli kredit ayırmaqda davam edir. Ümid edirik ki, soyuducu anbarlar artacaq, onlar fermerlərin əsl dayağına çevriləcək və Azərbaycan əhalisi il boyu sərfəli qiymətlərlə  təzə meyvə və tərəvəz əldə edəcəkdir.

Seymur Yunusov