MƏQALƏLƏR

ADNA dünya təhsil sistemi ilə yanaşı addımlayan təhsil ojaqlarımızdandır

  • 22.09.2011

ADNA dünya təhsil sistemi ilə yanaşı addımlayan təhsil ojaqlarımızdandır

Siyavuş Qarayev: «Arzu edirəm ki, həyatınızın  yeni mərhələsində ağıla, yüksək təfəkkürə, dərin  biliyə, əməksevərliyə, vətənə, millətə yararlı  olmağa üstünlük verəsiniz.

Tarix boyu elm öyrənmək şərəf işi hesab olunub. Bu elmi öyrədəni – müəllim adlandırıblar.  Müəllim - zəkadır, müəllim ziyadır deyiblər. Elmi dərk edərək elə öyrənməli, elə çalışmalıyıq ki, vətənə, ölkəyə layiqli övladlar olaq».

Sentyabrın 15-də respublikamızın digər təhsil ocaqlarında olduğu kimi Azərbaycan Dövlət Neft Akademiyasında  da «Bilik günü» təntənəli surətdə qeyd olundu. İlk öncə başda akademik S.Qarayev olmaqla tədbir iştirakçıları Heydər Əliyev sarayının qarşısındakı Heydər Əliyev büstünün önünə gül-çiçək dəstələri qoyaraq, ziyarət etdilər. Daha sonra təntənəli tədbir ADNA-nın rektoru akademik S.Qarayevin  təşəbbüsü ilə yaradılan tarixi Heydər Əliyev  müzeyində davam etdirildi. Rektor çıxış edərək bu il akademiyaya daxil olan  bütün tələbələri təbrik etdi və onlara müvəffəqiyyətlər arzuladı. Sonra əlavə etdi:

«Məlumat üçün bildirirəm ki, bu il qəbul imtahanlarında iştirak edən 110 min abituriyentin 29332 nəfəri ali məktəblərə daxil olmuş, onlardan 1656 nəfəri isə bilik yarışında qalib gələrək, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi adını qazanmışlar.

Abituriyentlərin Neft Akademiyasını  seçməsinin ciddi, obyektiv səbəbləri vardır. Birləşmiş Millətlər təşkilatının «Təhsil əsri» elan etdiyi XXI əsr yüksək intellekt, dərin təfəkkür, mənəvi zənginlik və informasiya texnologiyaları əsridir. Bu baxımdan  gənclərin strateji sahələr üzrə dünyəvi elmi biliklərə yiyələnmək əzmi təqdirə layiqdir.

Digər tərəfdən bu seçim, zəngin neft ölkəsi olan Azərbaycanın dünya dövlətləri birliyinin strateji maraqlarının mərkəzinə çevrilməsi, ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və onun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi neft strategiyasının əfsanədən reallığa  çevrilməsi, Xəzərin neft-qaz ehtiyatlarının dünya bazarına nəql edilməsi ilə Respublikamızın Avropanın ən zəngin və inkişaf etmiş ölkəsinə çevrilməsi prosesi ilə bağlıdır.

Nəhayət, gənclərin peşə seçimində üstünlüyü Neft Akademiyasına vermələri təhsil müəssisəmizin qədim və şanlı ənənələri ilə izah edilir.

Ümummilli liderimiz Heydər Əliyev iki il Neft Akademiyasında təhsil almışdır. 30 ilə qədər SSRİ Neft Sənayesinə və Dövlət Plan Komitəsinə rəhbərlik etmiş, həmyerlimiz Nikolay Baybakov, SSRİ Qaz Sənayesi naziri, Sosialist Əməyi qəhrəmanı Sabit  Orucov, Rusiyanın bir çox rayonlarında neft-qaz yataqlarını kəşf edən Sosialist Əməyi qəhrəmanı Fərman Salmanov, Hindistan neftinin atası sayılan, 3 dəfə SSRİ dövlət mükafatı laureatı Əyyub Tağıyev, kosmonavt Vitaliy Jolobov, Anqolanın Prezidenti Duş Santuş, «Lukoyl» şirkətinin Prezidenti Vahid Ələkbərov, sovetlər ittifaqında kosmik uçuşlar üzrə  dövlət komissiyasının sədri, general-leytenant, Sosialist Əməyi qəhrəmanı Kərim Kərimov və yüzlərlə  görkəmli dövlət və ictimai xadimlər, alimlər bizim təhsil ocağımızı bitirmişlər. Bu faktları sadalamaqda məqsədim sizin peşə seçiminizin düzgünlüyünü bir daha təsdiq etmək və təhsil ocağımızın tarixi ənənələri ilə sizi tanış etməkdən ibarətdir».

Sonra akademik Siyavuş Qarayev  vurğuladı ki, Neft Akademiyasına yüksək balla daxil olan tələbələrin sayının ildən-ilə artması, gənclərin intellektual inkişafına və ictimai fəallığına dövlət tərəfindən göstərilən qayğı ilə əlaqədardır. O, qeyd etdi:

«Savadlı gənc nəslin yetişdirilməsini daima diqqət mərkəzində saxlayan ulu öndərimiz Heydər  Əliyevin təşəbbüsü ilə 1999-cu ildə qəbul edilən «Dövlət gənclər siyasəti haqqında» qanun gənclərin sosial yetkinliyi və ictimai fəallığı üçün geniş üfüqlər açmışdır.

Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin imzaladığı – «Azərbaycan gəncliyi Dövlət proqramı» gənclərin hər tərəfli inkişafının sürətləndirilməsi və onların ictimai-siyasi fəallığının artırılması istiqamətində geniş imkanlar yaratmışdır».

Həmçinin Siyavuş Qarayev onu da, əlavə etdi ki, ulu öndərimiz Heydər Əliyevin işləyib hazırladığı, neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsi, Xəzər neftinin dünya bazarlarına göndərilməsi nəticəsində  Azərbaycan dünyanın ən zəngin dövlətləri səviyyəsinə ucalmış və sərmayə alan ölkədən başqa ölkələrə  kredit verən diyara çevrilmişdir.

Çıxışının sonunda akademik S.Qarayev tələbələrin təhsil müddətində əzmkarlıq  göstərəcəyinə, yüksək biliklərə yiyələnmələrinə və peşəkar mühəndis kimi formalaşacaqlarına əmin olduğunu bildirdi.  

Akademik S.Qarayev tələbələrə tələbə biletlərini və qiymət kitabçalarını təqdim etdi.

Təntənəli tədbirdə yüksək bal toplayan tələbələr öz fikirlərini ifadə etdilər. Onlar qeyd etdilər ki, keçən əsrin əvvəllərindən fəaliyyət göstərən, məzunları ilə daim fəxr edən, yetirmələrinin xoş sədaları ölkəmizin hər yerindən, eləcə də xarici  ölkələrdən gələn, milli-mənəvi dəyərlərə, mükəmməl təhsil və tərbiyəyə malik olan, dünya təhsil sisteminin dəyərli sahələrindən bəhrələnən ADNA-nın tələbəsi  olması ilə fəxr edirlər.

Haşiyə: Neft Akademiyasının əsas birinci və ikinci korpuslarını birləşdirən, yəni Azadlıq prospekti ilə Dilarə Əliyeva küçələrində yerləşən yeraltı keçidi  neçə illər idi ki,  su basmış, keçid təmirsiz və baxımsız qalmışdı. S.Qarayevin təşəbbüsü ilə  müəllim və tələbələrin təhlükəsizliyini qorumaq  məqsədilə iki binanı birləşdirən yeraltı keçidin təmirdən sonra açılış mərasimi də keçirildi. Gənc nəslin təlim və tərbiyəsində akademik S.Qarayevin qayğısı və uğurları  əvəzolunmazdır.

ADNA-nın dosenti

Təhminə Muxtarova