MƏQALƏLƏR

Sahibkarlıq: Biznes mühiti

  • 23.09.2011

Sahibkarlıq: Biznes mühiti

Xarici investisiyaların  cəlb edilməsi və kiçik və orta müəssisələrin inkişafı üçün əlverişli biznes mühiti zəruri amildir. Qeyri-qənaətbəxş, yəni yüksək xərclər tələb edən, yubadılmalarla və risklərlə müşahidə edilən biznes mühiti iqtisadi inkişafı ləngidir və xarici investisiyaları qorxudub uzaqlaşdıra bilər.

Son illər sürətli iqtisadi artım tempi ilə dünyanı heyrətləndirən, beynəlxalq təşkilatların hesabatlarının ön pillələrində yer alan ölkələrdən biri də Azərbaycandır. Bir aydan sonra müstəqilliyinin 20-ci il dönümünü təntənəli şəkildə qeyd edəcək ölkəmiz qısa müddət ərzində misilsiz nailiyyətlər əldə etmişdir. Bütün sahələrdə olduğu kimi iqtsadiyyat sahəsində də  böyük uğurlar qazanılmışdır. Həyata keçirilmiş uğurlu islahatlar nəticəsində əlverişli biznes mühiti yaradılmış, güclü sahibkarlıq ordusu formalaşmış və özəl sektorun payı  artmışdır.

 Azərbaycanda əlverişli  investisiya mühiti vardır. Azərbaycanda həm yerli, həm xarici investorların sərmayələri lazımi səviyyədə qorunur. Məhz bunun nəticəsidir ki, adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan uzun illərdir ki, MDB məkanında birinci yerdədir. Son 7 il ərzində ölkədə ümumi daxili məhsul istehsalı təxminən 3 dəfə artmış, ölkəmizə 82 milyard dollar həcmində sərmayə qoyulmuşdur. Təkcə 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə yatırılmışdır.

Xüsusilə, qeyri-neft sektoruna neft sektorundan daha çox investisiya qoyulmuşdur. Biznes və investisiya mühitinin yaxşılaşdırılması, daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı 80%-dən çox olmuşdur.

Azərbaycanda xarici investorlara əlavə hüquqi təminatlar verilir. Respublika ərazisində investisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və hüquqi şərtləri və xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsipləri müvafiq olaraq “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir. Belə ki,  milliləşmə ya rekvizisiya həyata keçirilsə, zərərçəkmiş xarici investorlar təcili və adekvat kompensasiya ilə təmin olunurlar. Həmçinin dövlət orqanları tərəfindən keçirilmiş qeyri-qanuni tədbirlər nəticəsində zərərçəkmiş xarici investorlara kompensasiya ödənilir. Bunlardan başqa vergilərin ödənilməsindən sonra əldə olunan gəlirin azad repatriasiyası möcuddur.

Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə  biznesə başlama prosedurları sadələşdirilmişdir. 2008-ci ilin yanvarından etibarən sahibkarlıq subyektləri “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatına alınır. "Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar əvvəllər olduğu kimi uzun müddət deyil, 3 gün gözləyir və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılmışdır. Həmçinin,  kommersiya hüquqi şəxslərin "on-layn" qeydiyyatına başlanılmışdır.

Biznes mühitində vergilər mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda  vergi yükü də yüngülləşdirilmişdir. 2010-cu il yanvarın 1-dən etibarən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizədək, gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizədək endirilmiş, fərdi sahibkarlar üçün gəlir vergisi 20 faiz səviyyəsində müəyyən edilmişdir.

Azərbaycanda əlverişli biznes mühitini təmin edən digər şərtlərdən  kommersiya fəaliyyətinin əksər növləri üçün lisenziyalaşdırmanın ləğv olunmasını, xarici investorların özəlləşdirmədə iştirak edə bilmələrini və torpağı uzunmüddətli icarəyə götürmək hüquqlarının olmasını da əlavə etmək istərdim.

Biznes mühitindən danışdıqda ölkənin makroiqtisadi sabitliyini qeyd etməmək olmaz. Azərbaycanda iqtisadi inkişaf üçün çox vacib amil olan makroiqtisadi sabitlik qorunur. Azərbaycanın milli valyutası olan manatın məzənnəsi sabit olaraq qalır, infilyasiya birrəqəmli səviyyədə qeydə alınır.

Bir ölkənin infrastrukturu yaxşı inkişaf etməyibsə, həmin ölkədə  əlverişli biznes mühiti o qədər də cazibədar görünmür. Qeyd etmək istəyirəm ki, Azərbaycan  nəqliyyat sektorunun inkişafına böyük önəm verir. Coğrafi vəziyyətimizə uyğun, müasir və güclü nəqliyyat infrastrukturu yaradılır. Azərbaycanın bütün magistral, şəhərlərarası yolları yenidən çəkilir, bəzilərində artıq işlər başa çatmışdır. Paytaxt Bakı yaxınlığında böyük beynəlxalq ticarət limanının təməli qoyulmuş, gəmiqayırma zavodunun tikintisinə başlanılmışdır. Dəniz nəqliyyatının inkişafı üçün tankerlər, quru yük gəmiləri alınır. Azərbaycanda hava nəqliyyatı da xeyli inkişaf etmişdir, bölgələrdə yeni aeroportlar tikilmişdir.

Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır, təkcə bir sektora - neft sektoruna arxalanmır. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını daha da azaltmaq üçün bir çox addımlar atılır. Bu baxımdan Azərbaycanın aqrar sektoru xarici investorlar üçün  maraqlı ola bilər. Ölkəmizdə aqrar sektor torpaq vergisindən başqa bütün vergilərdən azad edilmişdir. Əlverişli iqlim şəraiti və məhsuldar torpaqları ilə Azərbaycan ekoloji təmiz məhsullar istehsalçısı kimi dünyada tanınmağa namizəddir. Hazırda dövlətin sahibkarlara ayırdığı güzəştli kreditlər hesabına kütləvi şəkildə soyuducu anbar kompleksləri tikilir, bu da aqrar sahədə çalışan fermerlərin məhsullarının qeyri-mövsüm aylarında satışa çıxartmalarına imkan verəcəkdir.

Azərbaycanda sənayeləşmə siyasəti aparılır, yeni texnoparklar yaradılır. Azərbaycanın Sumqayıt, Gəncə şəhərlərinin və Qaradağ rayonunun sənaye mərkəzləri kimi inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Həmin texnoparkların qurulmasında xarici investorlara üstünlük verilir.

Bu gün Azərbaycanın paytaxtı Bakı şəhəri inkişaf edir, gözəlləşir və abadlaşır. Hazırda paytaxt Bakıda şəhərsalma ilə bağlı böyük layihə icra edilməyə başlanmışdır. Neft tullantıları ilə çirklənmiş bir ərazidə müasir tikinti layihəsi icra ediləcəkdir. “Ağ şəhər” adı verilmiş layihənin investorları, o cümlədən xarici investorları cəlb etməklə reallaşdırılması nəzərdə tutulur.

Dünyanın 11 iqlim qurşağından 9-na sahib olan Azərbaycan, turizmin inkişafı üçün ardıcıl addımlar atır. 2010-cu il ölkəmizdə “Turizm ili” elan edilib. Dövlət bu sahədə iş görmək istəyən sahibkarlara güzəştli kreditlər ayırır, dövlət vəsaiti hesabına turizm kompleksləri inşa edilir. Turizmin  ölkənin əsas gəlir mənbələrindən biri olması üçün bütün imkanlar səfərbər edilir. Ölkəmizdə turizmin inkişafı üzrə dövlət proqramı qəbul edilmişdir ki, bu proqram turizm sahəsinə investisiyaların cəlb edilməsini də stimullaşdırır.

Azərbaycan hökuməti bəyan edib ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər hələ bitməyib. Hazırda ölkədə iqtisadi islahatlar davam etdirilir, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Seymur Yunusov