MƏQALƏLƏR

Vergilər qəzetinin 21 sentyabr 2011-ci il tarixli 36 (577) saylı buraxılışı

  • 23.09.2011

Vergilər qəzetinin 21 sentyabr 2011-ci il tarixli 36 (577) saylı buraxılışı

Sumqayıtda  «Müstəqil  Azərbaycanın  vergi  sistemi»  mövzusunda  tədbir  keçirilmişdir (şəkil natiq)

«Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında» Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli sərəncamından irəli gələn tapşırıqların icrası ilə əlaqədar Vergilər Nazirliyinin ərazi vergilər idarələrində «Müstəqil Azərbaycanın vergi sistemi» adlı silsilə tədbirlərin keçirilməsinə başlanmışdır. 

Sentyabrın 19-da Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) keçirilən tədbirdə idarənin əhatə dairəsində olan rayonların icra hakimiyyəti orqanlarının iqtisadi məsələlər üzrə müavinləri, yerli maliyyə şöbələrinin və sosial müdafiə fondunun nümayəndələri, rayonların bələdiyyə sədrləri, sahibkarlar və  ictimaiyyətin  digər nümayəndələri iştirak etmişlər.

2 saylı ƏVİ-nin rəisi vəzifəsini icra edən Abbas İsmayılov tədbiri açaraq ötən 20 ildə ölkəmizin çətin və şərəfli bir yol keçdiyini, müstəqillik illərində Azərbaycanda müasir vergi sisteminin formalaşdığını qeyd etmiş, həyata keçirilən islahatların respublikamızın iqtisadi inkişafındakı rolunu vurğulamışdır. 

Tədbiri açıq elan edən vergilər nazirinin birinci müavini Natiq Əmirov ölkəmizin müstəqillik əldə etdiyi son dərəcə dramatik dövrün təhlilini vermiş, yaxın tarixi keçmişimizdə baş verən hadisələri xatırlatmışdır. O qeyd etmişdir ki, xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndər vergi xidmətinin gücləndirilməsinə, müasirləşdirilməsinə, səmərəli fəaliyyətinin təmin olunmasına həmişə xüsusi diqqət və qayğı göstərmişdir. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların tərkib hissəsi kimi vergi sisteminin milli inkişafın xüsusiyyətləri və beynəlxalq təcrübə əsasında köklü şəkildə yenidən qurulmasına başlanması da bu diqqət və qayğının təzahürü olmuşdur. Azərbaycanda yeni dövlət quruculuğu tarixinin son səkkiz ili ulu öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə bağlıdır. Sürətli iqtisadi inkişafı təmin edən yeni iqtisadi strategiya ölkəmizin vergi xidmətinin də təkmilləşdirilməsi, modernləşdirilməsi və müasir dünya standartlarına tam uyğunlaşdırılması ilə müşayiət olunur.

N.Əmirov vergi sistemində aparılan islahatlar nəticəsində müasir vergi inzibatçılığının formalaşdırıldığını, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr sistemi qurulduğunu, müasir səviyyəli təhlil bazasına malik informasiya sistemlərinin yaradıldığını, «elektron hökumət» layihəsi sahəsində mühüm işlər görüldüyünü vurğulamışdır. Prezident İlham Əliyevin Şamaxı Tədris Mərkəzinin açılışında vergi sistemində aparılan islahatları yüksək qiymətləndirdiyi tədbir iştirakçılarının diqqətə çatdırılmışdır.

Zəngilan Rayon Vergilər Şöbəsinin rəisi Vəzifə Əhmədova, 2 saylı ƏVİ-nin stajçı baş hüquqşünası Nahid  Tağıyev, «Xəzər» Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov, iş adamı Lətifə Əhmədova tədbirdə çıxış edərək, Azərbaycan dövlət müstəqilliyini elan edəndən bəri 20 il ərzində ölkənin əldə etdiyi böyük iqtisadi nailiyyətlər, vergi xidmətinin təşəkkül tapması və inkişaf etməsi ilə bağlı öz fikirlərini bölüşmüşlər.