MƏQALƏLƏR

Beynəlxalq seminar

  • 23.09.2011
 
 

Beynəlxalq seminar

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) təşəbbüsü ilə sentyabrın 7-dən 9-dək Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində «Məhdud iqtisadiyyatda könüllü əməletmənin yüksəldilməsi» mövzusunda seminar keçirilmişdir.

Seminarda 23 ölkənin vergi administrasiyalarının 37 əməkdaşı iştirak etmişdir. Tədbirdə Azərbaycanı Vergilər Nazirliyinin «195» Telefon-məlumat xidmətinin baş dövlət vergi müfəttişi Nicat Mehdiyev təmsil etmişdir. 

Tədbir zamanı müxtəlif görüşlər, təqdimatlar və müzakirələr keçirilmişdir. N. Mehdiyevin qəzetimizə verdiyi məlumata görə, iştirakçılar dörd işçi qrupa bölünərək IOTA tərəfindən müəyyən edilmiş suallar əsasında işçi qrupa daxil olan ölkələrin təcrübəsini müzakirə etmiş və təqdimatlar hazırlamışlar. Tədbir iştirakçılarına nümayiş etdirilən təqdimatlar böyük maraq doğurmuşdur.

Üç gün davam edən seminar zamanı mövzuya dair müxtəlif məsələlər müzakirə edilmiş, ayrı-ayrı ölkələrin qabaqcıl təcrübələri nəzərdən keçirilmişdir. Hollandiya, İspaniya, Avstriya, İsveç, Portuqaliya, Çexiya nümayəndələri öz ölkələrində vergi ödəyicilərinə göstərilən xidmətlər, könüllü əməletmə səviyyəsinin yüksəldilməsi ilə bağlı mövcud vəziyyət haqqında  tədbir iştirakçılarına məlumat vermiş, təqdimatlar etmişlər. 

Azərbaycan Respublikası ilə eyni qrupda olan Avstriya, Finlandiya, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, İsveç nümayəndələri ilə aparılan müzakirlər əsasən təcrübə mübadiləsinə əsaslanmış və qrupa daxil olan ölkələrdə görülən işlərlə bağlı məlumatlar dinlənilmişdir. Qarşılıqlı maraq doğuran suallar ətrafında geniş fikir mübadiləsi aparılmışdır.