Akif Musayev: «Bələdiyyələrin geniş vergitutma bazası mövcuddur»
Bələdiyyələrə vergilərin toplanması sahəsində metodiki köməklik göstərilməsinə dair üç illik Tədbirlər Planı təsdiq edilmişdir
Məlumdur ki, Vergilər Nazirliyi yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi sahəsində bələdiyyələrə mütəmadi olaraq metodiki köməkliklər göstərir. Cari ildə də bu tədbirlərin davamı olaraq vergilər nazirinin müvafiq əmrinə əsasən üç illik (2011-2013-cü illər üçün) Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planında yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi sahəsində mövcud problemlərin öyrənilməsi və onların həlli istiqamətində yerli özünüidarəetmə orqanlarına vergi orqanları tərəfindən köməkliklərin göstərilməsi məqsədilə Vergilər Nazirliyinin müvafiq strukturları qarşısında müəyyən tapşırıqlar qoyulmuşdur.
Tədbirlər Planında yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ hüquqi aktların ekspertizasının aparılması ilə bağlı təkliflərin hazırlanması, o cümlədən yerli vergilərin hesablanması və ödənilməsi sahəsində bələdiyyələrə metodiki köməklik göstərilməsi məqsədilə onların vergi xidməti əməkdaşları ilə terninqlərin təşkil edilməsi nəzərdə tutulur. Bundan əlavə, yerli vergilər haqqında əhalinin maarifləndirilməsi baxımından KİV-də məlumatlandırıcı çıxışların, video çarxların verilməsi, məqalələrin dərc olunması həyata keçiriləcək tədbirlər sırasına daxildir. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi barədə məlumatların operativ çatdırılması üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsində bununla bağlı xüsusi bölmənin yaradılması planlaşdırılır. Tədbirlər Planında «Elektron bələdiyyə» pilot layihəsinin hazırlanması, o cümlədən özəl vergi məsləhətçilərinin bələdiyyələrə xidmət göstərməsi məqsədilə «Özəl vergi xidməti» haqqında qanun layihəsinə zəruri müddəaların daxil edilməsi, həmçinin yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi bəyannamələrinin formalarının tətbiqi təcrübəsinin öyrənilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi maraqlı məqamlardandır. Həmin məqamlara aydınlıq gətirmək üçün Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayeva müraciət etdik:
«Ulu öndər Heydər Əliyevin 4 aprel 2002-ci il tarixli fərmanına əsasən bələdiyyələrə metodiki rəhbərlik Vergilər Nazirliyinə həvalə olunmuşdur və o dövrdən indiyə qədər Vergilər Nazirliyi tərəfindən bələdiyyələrə metodiki köməklik göstərilir. 2006-ci ildə Vergilər Nazirliyi tərəfindən 30 normativ hüquqi sənəd hazırlanıb təsdiq olunmuş və onların istifadəsinə verilmişdir. Həmin dövrə qədər, demək olar ki, hər bir bələdiyyə özünün müəyyən etdiyi qaydada vergi ödəyicilərinin, vergi daxilolmalarının uçotunu, vergilərin yığılma mexanizmini, inzibatçılığı müəyyən edirdilər. Yəni vahid bir uçot sistemi yaradılmamışdı. Bundan basqa, dövri olaraq Vergilər Nazirliyi tərəfindən bələdiyyələrin qaldırdığı suallar cavablandırılır və zəruri hallarda bələdiyyələrin vergi xidməti əməkdaşları ilə görüşlər keçirilir, vergilərin hesablanması, toplanması və vergi borclarının alınması ilə bağlı yaranan çətinliklərlə əlaqədar müvafiq köməkliklər göstərilir. O cümlədən Ədliyyə Nazirliyinin nəzdində bələdiyyələrlə bağlı fəaliyyət göstərən qurum tərəfindən təşkil olunan toplantılarda, görüşlərdə, konfranslarda Vergilər Nazirliyinin əməkdaşları daimi olaraq iştirak edirlər və bələdiyyə vergiləri ilə bağlı problemlərin həlli istiqamətində öz köməkliklərini göstərirlər. Eyni zamanda, ərazilərdə vergilər nazirinin müavinlərinin vergi əməkdaşları və ödəyicilərlə keçirdikləri görüşlərdə bələdiyyələrin problemləri ilə əlaqədar müəyyən suallar meydana gəlmiş və vergilər nazirinin əmri ilə bütün ərazilərdə bələdiyyələrin üzvləri ilə görüşlər keçirilməsi qərara alınmışdır. Bundan sonra nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi tərəfindən ərazi vergi orqanlarının əməkdaşları ilə birgə bələdiyyə üzvləri ilə müşavirələr keçirilmişdir. Onlara bu istiqamətdə metodiki köməkliklər göstərilmiş, üzləşdikləri problemlərin yerində həlli üçün müəyyən tövsiyələr verilmişdir. Görüşlərdə qaldırılan bir çox problemlər Vergilər Nazirliyində ümumiləşdirilmiş və vergilər nazirinin müvafiq əmri ilə üç illik (2011-2013-cü illər) bələdiyyələrlə iş üzrə tədbirlər planı təsdiq olunmuşdur. Bələdiyyələrin sərəncamında olan vergilərin hesablanmasında, vergitutma bazasının müəyyən olunmasında, vergilərin yığılmasında, eləcə də vergi borclarının alınmasında müəyyən problemlər var. Bu problemlərin həlli üçün, sözsüz ki, vergi inzibatçılığında yeni yanaşma, metodiki yeniliklər lazımdır. Bu mənada tədbirlər planı bələdiyyələrin yerli vergilərin toplanması sahəsində problemlərinin həllinə yardımçı olacaq. Tədbirlər planında bir çox məsələlər öz əksini tapmışdır. Xüsusən bələdiyyələrdə elektron xidmətin həyata keçirilməsi üçün öz səlahiyyətləri çərçivəsində vergi orqanlarının hansı imkanlara malik olduğu ardıcıl şəkildə bu tədbirlər planında öz əksini tapmışdır.
Bələdiyyə vergilərinin toplanması üçün bələdiyyələrin vergi xidməti əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması da vacib məsələlərdəndir. Hətta çox böyük iş təcrübəsi olan kifayət qədər tanınmış və biznesdə uğur qazanmış şirkətlərin də vergi məsləhətçilərinə ehtiyacı var. Bu mənada, sözsüz ki, bələdiyyələrdə də vergi xidməti əməkdaşlarına vergilərin toplanmasına yardım göstərəcək məsləhətçilərə ehtiyac duyulur. Bələdiyyələr seçkili orqan olduğundan yerli vergilərin toplanmasına hər dəfə yeni əməkdaşlar cəlb edilir və buna görə də yerli idarəetmə orqanlarınının özəl vergi xidmətindən istifadə etmələri vacibdir. Tədbirlər planında nəzərdə tutulan maraqlı məqamlardan biri «Eektron bələdiyyə haqqında» qanun layihəsinin hazırlanmasıdır. Bildiyimiz kimi, bu gün elektron xidmətin olmadığı hər hansı fəaliyyət sahəsi günün tələblərinə cavab vermir. Bu gün ölkədə elektron hökumətin yaradılması istiqamətində ciddi işlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elektron xidmət sahəsində əlavə tədbirlər haqqında fərmanlar imzalanır. Bələdiyyələrin fəaliyyətlərinin səmərəliliyini, əhalinin sosial təminatının yüksəldilməsi sahəsində onların rolunu artırmaq üçün bu sahədə elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinə ehtiyac duyulur. Bu mənada, tədbirlər planında nəzərdə tutulan elektron bələdiyyə layihəsini tam başa çatdırmaq mühüm əhəmiyyət kəsb edir. Bu gün bələdiyyələr yerli vergilərin toplanması, vergi borclarının yığılması sahəsində müəyyən çətinliklərlə üzləşirlər ki, bu da bələdiyyələrin maliyyə imkanlarını məhdudlaşdırır. Ona görə də bələdiyyələrin ərazilərində mövcud olan vergi potensialının qiymətləndirilməsi və onun tam səfərbər olunması istiqamətində çox ciddi adımlar atılmalıdır. Bu sahədə bələdiyyələrin fəaliyyətində müyyən çatışmazlıqlar var. Bələdiyyələr onlara məxsus olan vergi potensialını toplamaq sahəsində fəaliyyətlərini genişləndirmək əvəzinə əlavə vergilərin əldə olunması haqqında düşünürlər və müraciətlər edirlər. Halbuki onların əlində kifayət qədər toplanmamış vəsait, vergi potensialı var. Regionların sosial iqtisadi inkişafı ilə əlaqədar qəbul edilən dövlət proqramlarını, dövlət başçısı tərəfindən bu məsələlərə göstərilən diqqəti, ayrılan maliyyə yardımlarını, xüsusən turizmin inkişafı ilə əlaqədar regionlarda yaradılan turizm şəbəkəsi istiqamətində fəaliyyətlərini genişləndirmək baxımından tədbirlər planının həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir».
...Vergilər Nazirliyi tərəfindən atılan addımlara, bələdiyyələrə göstərilən metodiki köməkliklərə qarşı tərəfin də münasibətini öyrəndik. Nərimanov rayon bələdiyyəsinin sədr müavini Adil Ağayev yerli vergilərin toplanması ilə bağlı üzləşdikləri problemlərin Vergilər Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlandığını və bu problemlərin həlli üçün onlara hər cür köməkliklər göstərildiyini bildirdi. Sədr müavininin sözlərinə görə, yalnız bu ilin avqust ayında Vergilər Nazirliyinin köməkliyi nəticəsində 100-dən yuxarı uçota durmayan vergi ödəyicisi aşkar edilərək bələdiyyə orqanlarında qeydiyyata alınmış və onlara VÖEN şəhadətnaməsi verilmişdir.
Arzu İBRAHİMOVA
|