MƏQALƏLƏR

“Yeni Gömrük Məcəlləsi həm beynəlxalq tələblərə, həm də milli mənafelərə cavab verəcək”

  • 30.09.2011

“Yeni Gömrük Məcəlləsi həm beynəlxalq tələblərə, həm də milli mənafelərə cavab verəcək”

-Bildiyimiz kimi, bu günlərdə yeni Gömrük məcəlləsi təsdiq edilmişdir. İxrac-idxal sahəsində xeyli fəal olan Azərbaycanda iş adamları və əhali üçün gömrük xidmətləri böyük əhəmiyyətə malikdir. Bəs təsdiq edilmiş yeni Gömrük Məcəlləsində hansı yeniliklər öz əksini tapıb və bu, Azərbaycan iqtisadiyyatına nə verəcək? Bu və digər məsələlərə aydınlıq gətirmək  üçün  Milli Məclisin İqtisadi Siyasət  Komitəsinin sədri akademik Ziyad Səmədzadədən müsahibə aldıq. Müsahibəni  sizə təqdim edirik.

-Ziyad müəllim, yeni Gömrük məcəlləsinin təsdiq edilməsi hansı zərurətdən yarandı?                                          

- İlk növbədə, hamını -  bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm.  Müstəqilliyimizin 20-ci illiyinin bayram edilməsi  ərəfəsində cənab prezident  yeni Gömrük Məcəlləsini imzalamışdır.

Dövlətin müstəqilliyini təmin edən, onun müstəqil dövlət kimi fəalliyyətini təsdiq edən  ən vacib sənədlərdən biri şübhəsiz ki, Gömrük Məcəlləsi hesab edilir. Vətən sərhəddən başlanır. Və sərhəddən də malların o tərəfə ixracı, bu tərəfə idxalı, vətəndaşların gediş-gəlişi, ümumiyyətlə, bütün tranzit işlərin hamısı Gömrük nəzarəti ilə tənzimlənir.  Müstəqil Azərbaycanın Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilmişdir. SSRİ dövründə Azərbaycanda demək olar ki, gömrük siyasəti aparılmırdı. Bu prosedurlar İttifaqda həll olunurdu və gömrük xidməti çox kiçik bir xidmət idi. Mən deyərdim ki, sadəcə formal xarakter daşıyırdı. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ilk illərdə bir çox çətinliklərlə üzləşdik. Müstəqilliyi təmin edən qanunlar qəbul etmək o qədər də asan deyildi.  Sərhədlərimiz o qədər də yaxşı qorunmurdu, Azərbaycana mal gətirib,  mal aparana nəzarət yox dərəcəsində idi. 1997-ci ildə qəbul edilmiş Gömrük Məcəlləsi artıq müstəqil Azərbaycanda hüquqi islahatların aparıcı istiqamətinə çevrildi. Yəni, Gömrük məcəlləsini qəbul etməklə Azərbaycanın dünyaya inteqrasiyası sürətləndi. Artıq 20 ilə yaxındır ki, biz müstəqilik. Müstəqil dövlətin də inkişafında, dövlət büdcəsinin formalaşmasında gömrük xidmətləri orqanlarının çox böyük rolu vardır. Təsəvvür edin ki, 2001-ci ildə gömrük xidmətləri  vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitlərin məbləği 200 milyon dollar deyildi. Amma bu gün dövlət büdcəmizə gömrük orqanları vasitəsilə 1,2 milyard manat daxil olur. 

Gömrük orqanlarının xidməti yalnız bunlarla müəyyən olunmur. Gömrük orqanları dövlətin iqtisadi və milli təhlükəsizliyini təmin edən əsas orqanlardan biridir. 1997-ci ildən 14 il keçib və bu illər ərzində Azərbaycanda  iqtisadi islahatların bir çox mərhələləri başa çatıb, keçid dövrünü başa vurmuşuq. Dünya ölkələri ilə inteqrasiya əlaqələrini genişləndirmişik. Ölkənin idxal-ixrac strukturu xeyli təkmilləşib. Bu gün Azərbaycan Ümumdünya Gömrük Təşkilatının fəal üzvlərindən biridir. Məsələn, Rusiya kimi nəhəng ölkə gömrük prosedurlarının  səviyyəsinə görə dünyada ən axırıncı yerlərdən birini tutur. Məhz bu kimi məsələlər yeni Gömrük Məcəlləsinin qəbulunu zəruri etmişdir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə danışıqlar aparır, digər ölkələrlə iqtisadi əməkdaşlıq edir. Azərbaycana gələn xarici ölkələrin mallarının vaxtında və maneəsiz keçirilməsi, sərhəd prosedurlarının sadələşməsi artıq yeni Gömrük Məcəlləsində  öz əksini tapmışdır.

- Ümumiyyətlə, yeni Gömrük Məcəlləsi inteqrasiyaya öz təsirini necə göstərəcək?    

- Yeni Gömrük Məcəlləsi Azərbaycanın dünya inteqrasiya məsələsini sürətləndirən, eyni zamanda onun səmərəsini artırmağa şərait yaradan sənəddir. Ona görə də, Prezident tərəfindən irəli sürülmüş bu sənədi Milli Məclisdə çox böyük prinsipiallıqla müzakirə etdik və bir neçə dəfə iclas keçirdik. Sevindirici haldır ki, iclaslarımızın birində Avropa İttifaqının rəhbərliyi də iştirak edirdi. Onların özləri də etiraf etdilər ki, Azərbaycan dövlətinin yeni Gömrük məcəlləsi həm beynəlxalq tələblərə cavab verir, həm də milli mənafelərə.

-Yeni Gömrük Məcəlləsi idxala və ixraca nə verəcək?

-Təbii ki, bu gün bir mənalı şəkildə bizim yeni Gömrük Məcəlləsi ölkənin iqtisadi maraqlarına cavab verən bütün vəzifələri özündə cəmləşdirir. Azərbaycanın bu gün idxalı ilə ixracını təhlil edəndə çox böyük dinamikanın olduğunu görürük. Azərbaycan bu gün müsbət saldosu olan, MDB məkanında ən öndə gedən ölkələrdən biridir. İdxalın, ixracın strukturu Dövlət Gömrük komitəsi tərəfindən çox geniş təhlil olunur. Minlərlə pozisiyalar var. Azərbaycana daxil olan mallar, Azərbaycandan gedən mallar. Sual olunur: biz bu sənədi qəbul etməklə ölkəmizin iqtisadi təhlükəsizliyini, ölkəmizin daxili bazarını qoruya biləcəyik, yoxsa-yox? Ölkəmiz dünya bazarına maneəsiz rəqabətədözümlü mallar çıxara biləcəkmi? Yeni Gömrük Məcəlləsi bu suallara tam cavab verir. Cənab Prezidentin təlimatı ilə Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, Avropa Ümumdünya Gömrük Təşkilatının Avropa Regional ofisi Bakıda yerləşir. Bu çox böyük inamdır.

-İnteqrasiya  milli maraqlarla  uzlaşırmı?                                           

- Bu, ən vacib məsələlərdən biridir. Milli maraqların qorunması həm gömrük xidmətindən, həm də digər iqtisadi strukturların hazırladığı iqtisadi mexanizmlərdən, yəni İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bankdan asılıdır. Biz sahibkarlığı inkişaf etdiririksə, sahibkarlığın inkişafına kömək edən  avadanlıqların idxalı problemləri ortaya çıxır, istehsal etdiyimiz məhsulların maneəsiz dünya bazarına çıxması məsələsi gündəmə gəlir.  Azərbaycan MDB məkanında yeganə ölkədir ki, burada vahid pəncərə sistemi təşkil edilmişdir. Azərbaycanın gömrük sistemində tətbiq olunan  müasir informasiya texnologiyaları, müasir elektronika əksər ölkələrdə yoxdur. Təbii ki, Azərbaycanda da problemlər var: qaçaqmalçılıq, narkotiklər, terrorçuluq və s. Ona görə də yeni Gömrük məcəlləsində bütün bu suallara cavab tapmaq olar.            

Mən tam cəsarətlə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasında gömrük xidmətinin maddi-texniki bazası bu gün dünyanın ən aparıcı ölkələrindəki səviyyələrdən də yüksəkdir. Yeni Gömrük Məcəlləsi müzakirə olunarkən mütəxəssislərlə birlikdə bir neçə gömrük məntəqələrində oldum.  Qısa zaman ərzində Astarada, Xaçmazda, Qazax-Gürcüstan sərhəddində,  Naxçıvanda ən müasir avadanlıqlarla təchiz olunmuş sistem yaradılıb. Bu sistem insanların rahat şəkildə sərhəd məntəqəsindən keçə bilməsinə, yüklərin daşınmasına imkan verir.

Gömrük Məcəlləsi Azərbaycanda iqtisadi islahatların, ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edən vacib sənədlərdən biridir. Mənim arzum ondan ibarətdir ki, bizdə də dünyanın bir çox ölkələrində olduğu kimi Gömrük Məcəlləsi  tədris olunsun.           

-Çox sağ olun, Ziyad müəllim, maraqlı söhbətə görə sizə təşəkkür edirik.  

                                      “İqtisadiyyat”