İDEAL MÜƏLLİM PORTRETİ
İDEAL MÜƏLLİM PORTRETİ
Həyatım boyunca onlarla insana “müəllim” kəlməsi ilə xitab etməyimə baxmayaraq əslində onlardan yalnız bəzilərini müəllim kimi qəbul etmişəm. Əlbəttə, bu heç də obyektiv qiymətləndirmə deyil. Çünki mən “Müəllim” deyəndə ancaq öyrətdikləri, ya da öyrənməyimdə mənə yol göstərdikləri mənimçün “həyat məktəbində” də dəyərli olanları nəzərdə tuturam.
Bütün təhsil aldığım müddətdə, istər şagird, istər tələbə kimi mənə və yoldaşlarıma adətən müəllimlər tərəfindən necə olmalı olduğumuz söylənilib. Nadir hallarda bizdən müəllimlərimiz haqqında nə düşündüklərimiz, ya da müəllimlərimizi necə görmək istədiyimiz soruşulub.
Müəllim hər şeydən əvvəl qarşısındakı tələbələrin inamını qazanmağı bacarmalıdır. Tələbələri onlar üçün dəyərli bir şey öyrətmək istədiyinə və bunu edə biləcəyinə inandırmayan müəllim intellektual səviyyəsindən asılı olmayaraq buna nail ola bilməz. Bu gün Azərbaycanda, xüsusilə universitetlərdə müəllimlərin əsas problemi budur. İnsanların beynində formalaşan fikirləri parçalamaq, atom zərrəciklərini parçalamaqdan daha çətindir. Xüsusilə universitetlərdə auditoriyada hər tələbə müəllim haqqında əvvəlcədən onda olan informasiya və ya ilk tanışlıqdan müşahidə nəticəsində müəllim haqqında özünün ilk təsəvvürünə uyğun olaraq silahlanmış olur. Buna görə də müəllim ilk dərsi, əgər gərəklidirsə ikinci dərsi də ilk növbədə tələbələrini səmimiyyətinə və intellektual cəhətdən zənginliyinə inandırmalıdır. Buna nail olmadan müəllim fəaliyyətində səmərəliliin yüksək olmasını gözləmək çətindir. Bu bünövrə olmadan bina inşa etməyə bənzəyir.
Müəllim tələbə münasibətlərində ən mühüm amillərdən biri müəllimin tələbəyə yalnız bir öyrətmə obyekti kimi yox, bir şəxsiyyət kimi yanaşmasıdır. Digər tərəfdən xüsusilə universitet illərində tələbələrdə ideoloji və siyasi baxışlar formalaşdığından müəllim bu sahələrdə danışarkən mümkün qədər bitərəf mövqedə olmalı, tələbələrlə münasibətlərində ideoloji və siyasi baxışlarına görə fərq qoymamalıdır. Əgər tələbə müəllimin özünə qarşı münasibətdə bu amillərin hər hansı bir rol oynadığına inanırsa bu onun müəllimə olan inamının sarsılmasına səbəb ola bilər.
İxtisasından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq insanı uğura aparan yolda səbir sönməz çıraqdır. Müəllimlər də tələbələrlə rəftarında, auditoriyada bu prinsipə daim sadiq olmalıdır. Xüsusilə də tələbələrlə fikir ayrılıqları zamanı təmkinlə tələbələri dinləməli, səhv mövqedə olduqlarında da öz fikrini söyləməklə yanaşı onların fikrlərinə bir şəxsiyyət kimi hörmət etdiyini göstərməlidir.
Müəllim gündəlik mövzunu tələbələr üçün daha maraqlı bir formada təqdim edə bilmək üçün əvvəla, həmin mövzunun aktuallığına tələbədə inam yaratmalı və dərsin gedişində də bunu təsdiqləyəcək səviyyədə qurmalıdır. Digər tərəfdən seminarda tələbələrin istənilən mövzuda fikirlərini öyrənməyə səy göstərməli və onların fikrinə dəyər verdiyini nümayiş etdirməlidir.
Müəllim gözəl natiqlik qabiliyyətinə malik olmalı, intonasiyadan, bədən dilindən, mimikalardan da məharətlə istifadə etməyi bacarmalıdır. Bu xüsusiyyətləri tələbələrdə də aşılamağa səy göstərməli və onların bu sahədə özlərini hansı dərəcədə təkmilləşdirdiklərini müşahidə etməlidir.
Müəllim istər akademik, istər sosial cəhətdən daim özünü təkmilləşdirməli, başqa sözlə zamanla daim uyğunlaşmağı bacarmalıdır. Həm kütləvi informasiya vasitələri, həm də kitablar vasitəsilə daim inkişafda olmalıdır. Tələbələrinə öz predmeti ilə bağlı yeniliklər haqqında məlumat verməli. Onların da bu yenilikləri əldə etməsini və auditoriya ilə bölüşməsini təşkil etməlidir.
Müəllim tələbələrlə münasibətdə onlarla arasında məsafə qoyarkən diqqətli olmalıdır. Sovet təhsil sisteminin ən böyük mənfi cəhətlərindən biri də müəllimlərin tələbələrlə rəftarında həddindən artıq avtoritar rejimdən istifadə edilməsi və sərhədlərin həddindən artıq sərt olması ilə bağlıdır. Yəni müəllimlər çox vaxt auditoriyaya nəzarəti əlində saxlamaq naminə tələbələrlə münasibətdə həm öz, həm də onların davranışlarına məhdudiyyətlər qoyur. Bu isə tələbələrin dərsdə müəllimə qarşı münasibətdə “daha az səhv etmək” məqsədilə daha passiv iştirakına səbəb olur. Bu hallara yol verməmək üçün, hər pedaqoq auditoriyada tələbələrlə daim səmimi olmalı və onların dərsdən kənar problemlərinin həllində də kömək etməyə çalışmalıdır.
Müəllim akademik fəaliyyətdə daim tələbə üçün yolgöstərici, istiqamətverici mövqedə dayanmalıdır. Tələbələrin hər hansı bir predmeti sırf imtahandan keçmək xatirinə yox, predmeti qavramaq və bu sahədə hər hansı bir kreativ fəaliyyətdə olmaq üçün çalışmalarına şərait yaratmalıdır. Burada müəllimin imtahan qiymətindən tələbələrə qarşı bir silah kimi istifadədən imtina etməməsi çox vacibdir. Tədrisin keyfiyyətinin yüksəlməsində müəllimin tələbələrin yol verdiyi səhvlərə yanaşma tərzinin də mühüm rolu vardır. Müəllim tələbələrdə səhvlərindən nəticə çıxarmaq və gələcəkdə təkrar etməməyə yönəldilməklə yanaşı, “səhv etməməyə çalışmaq”, ya da “səhvsiz olmaq” komplekslərinin yaranmaması üçün bu halları anlayışla qarşılamalı və onları səhvə görə ittiham etməməlidir.
Müəllim hər zaman akademik-sosial cəhətdən tələbələr üçün nümunəvi model olmalıdır. Bu heç də tələbələrin hər hansı bir müəllimi təqlid etməsinə zəmin yaratmaq mənasına gəlmir. Müəllim həm öz davranışları, həm də bilik səviyyəsi ilə daim tələbənin gözündə uca, lakin əlçatmaz olmayan bir zirvə kimi olmalıdır. Müəllim müəyyən müddətdən sonra hər bir tələbənin imkanları və çatmamazlıqları barədə informasiyaya malik olmalı və biliklərə yiyələnməkdə onun üçün ən optimal variantı seçməkdə köməkçi rolunu oynamalıdır. Yəni tələbələrin bilik və bacarıqlarına bələd olduqdan sonra təlim prosesində kollektiv yox, daha çox fərdi yanaşmaya üstünlük verməlidir.
Bir insana balıq tutub vermək savabdır. Ona balıq tutmağı öyrətmək isə daha böyük savabdır. Müəllim tələbələrdə müstəqil elmi tədqiqatla məşğul olmağa maraq oyatmalı və tədricən onlarda müstəqil tədqiqatlar aparmaq qabiliyyətini formalaşdırmağa xüsusi əhəmiyyət verməlidir. Tələbələrin elmi hadisələrin səbəb və nəticələri ilə bağlı müstəqil fikir yürütmələrini və təhlil aparmalarını alqışlamalıdır. Çünki bu həmin tələbələrlə yanaşı respublikada, daha geniş çərçivədə baxdıqda isə dünyada elmin inkişafına böyük töhfələr verə bilər.
Yuxarıda sadalanan bu tələblərə nəzər salsaq, müəllimlik peşəsinin nə qədər məsuliyyətli bir peşə olduğunu anlamaq o qədər də çətin deyil. Əlbəttdə, ilk baxışdan bir insana qarşı qoyulan bu tələblər həddindən artıq görünə bilər. Lakin bu peşənin yalnız ayrı-ayrı şəxslərin yox, həm də bütövlükdə cəmiyyətin maddi və mənəvi inkişafında nə dərəcədə mühüm rola malik olduğuna diqqət yetirsək, bu peşəni seçən insanlara qarşı qoyulan tələblərin onların gördüyü işin məsuliyyətinə müvafiq olduğunu görərik. Axı insan kütləsi millət səviyyəsinə qalxmaq üşün hər şeydən əvvəl müəllimlərə möhtacdır. (M.K.Atatürk). Məhz bu səbəbdən müəllim peşəsini seçmiş insanların ən səciyyəvi cəhətlərindən biri fədakarlıq olmalıdır. Müəllimlərin malik olduğu ən zəruri xüsusiyyət fədakarlıq olmalıdır. Sözün əsl mənasında vəzifəsinin bütün öhdəliklərini səmimiyyətlə yerinə yetirən bir müəllimin haqqını ödəmək mümkün deyildir. Qarşılıq gözləmədən başqalarının həyat yoluna çıraq olmaq isə fədakarlıqdan başqa heç bir sözlə izah oluna bilməz. Ona görə də axıradək bu şərəfli peşənin layiqli sahibləri bəşəriyyətin ən fədakar və ən möhtərəm insanlarıdır.
Lətafət Məhərrəmova
ADİU-nun Əsaslı kitabxanasının işçisi