“Vergilər” qəzetinin 37 (578) 28.09.2011 saylı buraxılışı
“Vergilər” qəzetinin 37 (578) 28.09.2011 saylı buraxılışı Uçot sistemi təkmilləşdirilir Bakı Şəhər Vergilər Departamentinin Vergi ödəyicilərinin uçotu idarəsinin rəisi Ədalət Fərəcovun uçot sisteminin təkmilləşdirilməsi, həyata keçirilən yeniliklərlə bağlı müsahibəsi - Uçot sisteminin təkmilləşdirilməsi ilə bağlı Vergilər Nazirliyində, eləcə də Bakı Şəhər Vergilər Departamentində (BŞVD) ardıcıl islahatlar aparılır. Departamentin filiallarındakı uçot idarələrinin vahid idarədə birləşdirilməsi, fiziki şəxslərin onlayn qeydiyyatı sisteminin yaradılması kimi yeniliklərin hansı real nəticələri olmuşdur? - Bildiyiniz kimi, əvvəllər BŞVD-nin üç filialı fəaliyyət göstərirdi ki, bu da vergi ödəyicilərinin uçota və təsərrüfat subyektlərinin qeydiyyata alınması zamanı müəyyən narahatlıq yaradırdı. Vergi ödəyicisi obyektin yerləşdiyi ünvana və özünün qeydiyyat ünvanına görə müxtəlif filiallara müraciət etmək məcburiyyətində idi, bu isə əlavə vaxt və maddi resurs itkisinə, nəticədə vətəndaşların narahatlığına səbəb olurdu. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün BŞVD-də vergi uçotuna alınmanı, vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərinin və onlarda quraşdırılmış nəzarət-kassa aparatlarının qeydiyyatını, bankda hesab açılması üçün şəhadətnamə-dublikatların uçotunu, ümumilikdə isə vergi uçotunu həyata keçirən vahid qurum - Vergi ödəyicilərinin uçotu idarəsi yaradılmışdır. İdarənin yaranmasının əsas məqsədi vergi ödəyicilərinin və vətəndaşların müraciətlərinin çevik, operativ və vaxta qənaət etməklə cavablandırılması, onlara münasibət bildirilməsi, müraciət etmiş vətəndaşlara yüksək xidmət göstərilməsidir. Bu ilin iyul ayının 1-dən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə onlayn rejimdə birbaşa qeydiyyata alınmasına başlanılmışdır. Elektron qeydiyyat sisteminin tətbiqi nazirlik tərəfindən Azərbaycan Respublikası əhalisinə göstərilən elektron xidmətlərin keyfiyyətcə daha yeni mərhələyə yüksəlməsinə şərait yaradır. Elektron qeydiyyat sisteminin tətbiqi vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsinə, sahibkarların vergi orqanına gəlmək asılılığının minimuma endirilməsinə, vergi ödəyiciləri ilə fiziki əlaqə formalarının məhdudlaşdırılmasına, eləcə də həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına imkan verəcəkdir. 2011-ci ilin iyul ayının 1-dən indiyədək Bakı şəhəri üzrə 1950-yə yaxın fiziki şəxs elektron qeydiyyatdan keçmişdir. - Departamentin nəzarət dairəsində nə qədər vergi ödəyicisi var? - 27 sentyabr 2011-ci il tarixinə qədər olan göstəriciyə əsasən, departamentin nəzarət dairəsində 165125 vergi ödəyicisi var ki, onlardan 37940-ı fiziki şəxs, 127185-i isə hüquqi şəxsdir. 2011-ci ildə istər vergi ödəyicilərinin qeydiyyatında, istərsə də digər uçot rekvizitləri üzrə vergi ödəyicilərinin müraciətlərində nəzərəçarpacaq artım müşahidə olunmuşdur. Bu ilin 8 ayında 16.942 fiziki şəxs qeydiyyata alınmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2 dəfə coxdur. 8 ay ərzində departamentdə 21.005 təsərrüfat subyekti (obyekti) qeydiyyata alınmış, 3.914 POS-terminal quraşdırılmışdır. Keçən ilin 8 aylıq dövrü ilə müqayisədə bu, müvafiq olaraq, 3,5 dəfə və 10 dəfə çoxdur. - Bu ilin əvvəllərində Bakının «ArazAvia» və «Sədərək» kimi iri ticarət mərkəzlərində vergi ödəyicilərinə xidmət terminalları yaradılmışdır. Həmin ticarət mərkəzlərində çalışan vergi ödəyicilərinin uçota alınması istiqamətində hansı işlər görülmüşdür? - Fevral ayında Lökbatan qəsəbəsində yerləşən «ArazAvia» və «Sədərək» ticarət mərkəzlərində sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin məlumatlandırılması, onlara müvafiq izahatların verilməsi və vergi qanunvericiliyi ilə bağlı kömək göstərilməsi məqsədilə vergi ödəyicilərinə xidmət terminalları yaradılmışdır. Həmin terminallarda ticarət mərkəzlərində sahibkarlıqla məşğul olan şəxslərin heç bir vergi orqanına getmədən uçota alınması həyata keçirilir, vergi qanunvericiliyi, vergi öhdəlikləri və onların yerinə yetirilməsi müddətləri, həmçinin yeni sahibkarlıq fəaliyyətinə başlayan şəxslərə vergi ödəyicilərinin uçotu barədə ətraflı məlumatlar verilir, fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizələr qəbul edilərək bir gün ərzində VÖEN verilir. Bu terminalların yaradılmasından ötən dövr ərzində hər iki ticarət mərkəzində fəaliyyət göstərən 5.700-dən çox fiziki şəxs vergi uçotuna alınmış, 8.600-dən çox təsərrüfat subyekti, başqa sözlə, fəaliyyətdə olan bütün obyektlər qeydiyyatdan keçmişdir. Növbəti mərhələdə həmin obyektlərdə nəzarət-kassa aparatları və POS-terminalların quraşdırılması həyata keçiriləcəkdir. - Vergi öhdəliyindən yayınmağa çalışan riskli vergi ödəyicilərinə münasibətdə hansı tədbirlər görülür? - Biz hər bir vergi ödəyicisinə fərdi yanaşılmasına üstünlük veririk. Bununla belə, daha geniş yayılmış səciyyəvi qanun pozuntuları da olur: məsələn, təsərrüfat subyekti (obyekti) və ya nəzarət-kassa aparatı aktiv olub, vergi öhdəliyinin yaranmaması barədə arayış, yaxud boş bəyannamə təqdim edənlər. Araşdırma zamanı məlum olur ki, həmin dövrdə onlara əhali ilə nağd hesablaşmaların pozulmasına görə maliyyə sanksiyası tətbiq edilib, yaxud həmin dövrdə müxtəlif bank hesabları açıblar, e-VHF alıblar, idxal-ixrac əməliyyatları aparıblar və s. Bu istiqamətdə təhlillər aparılaraq boş bəyannamə təqdim olunduğu dövrdə kommunal və digər təşkilatlara ödəniş edən, eləcə də boş bəyannamə təqdim olunan dövrdə əhali ilə nağd hesablaşmaların pozulmasına görə maliyyə sanksiyası tətbiq olunmuş vergi ödəyiciləri müəyyən edilmişdir. Həmçinin, fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə faktların təhlili aparılarkən fəaliyyəti dayandırıldığı dövrdən sonrakı dövrdə ödəniş həyata keçirən, kommunal və digər təşkilatlara pul ödəyən vergi ödəyiciləri aşkar olunmuşdur ki, onlar barədə AVİS-dən kənar kameral yoxlamaların aparılması məqsədilə məsələ qaldırılmışdır. Təcrübədə səyyar vergi yoxlamasından yayınmaq, dövriyyəsi məcburi qaydada əlavə dəyər vergisinin ödəyicisi olmaq öhdəliyi yaratdığı təqdirdə göstərdikləri sahibkarlıq fəaliyyətini müxtəlif adlar və VÖEN-lərlə rəsmiləşdirməklə müəyyən olunmuş vergi öhdəliyini yerinə yetirməmək məqsədilə vergi nəzarətindən yayınmanın ənənəvi üsullarından istifadə edən vergi ödəyicilərinə də rast gəlinir. Belə vergi ödəyiciləri vaxtaşırı istifadə etdikləri nəzarət-kassa aparatlarını sahibkarlıq fəaliyyətlərini rəsmiləşdirdikləri şəxsin adına qeydiyyata alır və ya eyni ünvanda digər bir nəzarət-kassa aparatını həmin şəxsin adına rəsmiləşdirirlər. Bunu misallar da aydın şəkildə əks etdirir. Məsələn, təsərrüfat subyektini icarə obyekti kimi qeydiyyata qoyan, icarə fəaliyyətindən gəlir əldə edən «Ticarət Mərkəzi-6» ASC tərəfindən müvafiq hesabat dövrü üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində əldə olunan gəlirlərin göstərilmədiyi müəyyən edilmişdir. Rəsmi məlumat əsasında vergi ödəyicisinə kameral qaydada 22.000 manat vergi hesablanmışdır. «T.M.» MMC isə 2011-ci ilin birinci rübü üçün boş bəyannamə təqdim etmişdir. İdarəmizin risk meyarları üzrə apardığı araşdırmalar və Dövlət Gömrük Komitəsindən əldə olunmuş məlumatların təhlili zamanı həmin vergi ödəyicisinin boş bəyannamə verilən hesabat dövründə respublikaya mal idxal etdiyi məlum olmuşdur. Vergi ödəyicisinə kameral qaydada 3.236 manat vergi hesablanmış və məbləğ dövlət büdcəsinə ödənilmişdir. Başqa bir nümunə. Vəfa Əlövsət qızı Muradzadə tərəfindən təsərrüfat subyektinin icarə müqaviləsi əsasında vergi orqanında qeydiyyata alınmasına baxmayaraq, ödəmə mənbəyində tutulmuş verginin müvafiq dövrlər üzrə hesabatı verilməmiş və ödəniş həyata keçirilməmişdir. Həmin vergi ödəyicisinə analoji qaydada 3.780 manat vergi hesablanmış və məbləğ dövlət büdcəsinə ödənilmişdir. Belə misalların sayını artırmaq da mümkündür. Bu kimi halların qarşısının alınması üçün vergidən yayınmağa çalışan vergi ödəyiciləri nəzarətə götürülərək mütəmadi olaraq yoxlanılır və riskli hesab edilmiş ödəyicilərin fəaliyyətinin müxtəlif istiqamətlərdə vergi nəzarəti ilə əhatə olunması məqsədilə konkret tədbirlər görülür. Vergi ödəyiciləri bilməlidirlər ki, onlar öz öhdəliklərini yerinə yetirməkdən yayınmağa cəhd etməklə özləri üçün daha çətin problemlər yaradırlar. |